Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:34

Sevil Gültən. Şeirlər















Hara gedirsənsə məni də apar!


Hara gedirsənsə məni də apar-
Gözünün içinə baxışımı yığ
Səsim də quş kimi, səsinə sığar
Götür sevincimi-ürəyin qayıq
Kədərin güləndə sevincim avar!

*

Hara gedirsənsə məni də apar-
Sənsiz qismət olmuş günləri, ayı
Daşıyıb qəlbinin yanına töküm
Sənsiz üşüdüyüm baharı, yayı
Ömür divarımdan nə ilə söküm?!

*

Hara gedirsənsə məni də apar
Ruhumu ruhunun yanında saxla
Ruhundur ruhumun doğma yuvası
Əllərim əlində yorulub yatsa
Barmaqların olsun sərin duvağı!

*

Hara gedirsənsə məni də apar-
Bir yerdə seyr edək sevgi kürəsin
Yorulsaq enərik bulud ümmana
Lap yaxından görək Ayın çöhrəsin
Sonra bürüyərsən məni dumana!

*

Hara gedirsənsə məni də apar-
Həsrətimi tulla ocaq tərəfə
Bir ovuc vüsalla göz yaşımı sil
Gedək sevgi adlı uzaq səfərə
Unudaq zamanı, çıxıb getsin il!

*

Hara gedirsənsə məni də apar-
Qəlbimin nisgilin səpim yollara
İslatsın üzümü yağışın səsi
Küləyin qoynunda uçaq dağlara
Yola salsın bizi səhər nəsimi!

*

Hara gedirsənsə məni də apar-
Tutum əllərindən uzun yol gedək
İtirək yollarda qəmli nə varsa
Ay ilə Günəşi bələdçi seçək
Baş çəkək harada sevgi oyaqsa!



***

....Hər gecə bir özüm oluram,
Bur də ki, xəyallarım
Gecənin qaranlığı
Kor edə bilmir
Arzularımın işığını.
Arzularım boy atır
Ümidlərimin isti qucağında.
Xəyallarım uça bilir
Bütün ayrılıq sərhədlərinin üstündən.
Gah buludların yağış seli,
Gah da Ayın solğun telləri
Tapıb gətirir səni mənə-
Dünyanın hər guşəsi qonaq çağırır
Sənsizlikdən yorulmuş ürəyimi.
Cücərib boy atmış ümidlərim
Məlhəm olur sənsizlikdən doymuş
Ürəyimin ağrılarına.
...Hər gecə bir özüm oluram,
Bir də ki, xəyallarım-
Mənim olub qalan varım, dövlətim!



***

.... Bağlamaq istəyirəm
Sənsizliyin qapısını...
Açmaq istəyirəm
Sənə doğru gedən yolların hamısını.
Gücüm çatmır,
Sənsizliyin qapısı elə ağır ki...
Sənə doğru gedən yollar
Elə alaqlı,
Elə çayır ki....



***

Gültən, ay mənim balacam,
Bilmirəm nə sirdir
Səni ürəyimin bir parçası bilirəm
Bircə an gözün dolanda
Neçə saat yer tapmıram özümə.
Sən mənim geridə qalmış uşaqlığımsan
Bu günümə qayıdıb mənimlə yaşayırsan.
Sən mənim vaxtsız qurumuş arzularımsan
Geri qayıtmısan ki, təzədən pöhrələyəsən.
Sən mənim ürəyimin kədərisən
Geymisən balaca qızımın donunu.
Sən uzaqdan daddığım sevgi payımsan
Yaxınıma gəlmisən ki, həyan olasan mənə
Sən sabahimin parlaq gün işığısan
Istiliyini indidən hiss edirəm.
Sən mənim ürəyimin damarlarısan
Gecə- gündüz ora -bura qan ötürürsən
Gültən-sən mənim ikinci adım
Və bala adında ikinci anam....



***

Daha sənə demək istəmirəm
Ürəyimin arzularını...
Sən o arzularımı çilik-çilik edərsən..
Sənə açmaq istəmirəm
Ürəyimin giriş qapısını
Sən o qapıdan keçə bilməzsən-
Sən o qapını qırıq-qırıq edərsən.
Sənə pıçıldamaq istəmirəm
Ən doğma istəyimi
Sən mənim pıçıltımı
Eşidə bilməzsən...
Eşitsən də aləmə car çəkərsən...
Bir daha səni duyğularımla tanış etmərəm
Sən mənim duyğularımın dilini başa düşmərsən-
Sən mənim duyğularımın ən gözəlini lal edərsən..
Daha ürəyimə ümid toxumu səpmərəm-
Sən ürəyimdəki səni bilə-bilə öldürdün
Ümid toxumları sənsiz qalıb həsrətə dönərlər.
Daha ürəyimin keşiyini özüm çəkirəm-
Mən sevgi qatilinə ürəyimi etibar etmərəm!

6 oktyabr 2009
gecə saat 1 dən 10 dəqiqə keçmiş
7 oktyabr 2009. gecə 12 -10




***

Necəyəm?
Heç özüm də bilmirəm.
Tufandan sonra necə sakitlik olursa
Ürəyimdə də eləcə bir süküt ağalıq edir.
Sənə olan sevgimi
Bükmüşəm mənə dediyin sonuncu kəlməyə
Asmışam ürəyimin ən gözəgəlimli yerindən.
Xatirələrin küləyi yırğaladıqca
Ürəyim də oynayır
Küləyin çaldığı havaya.
Göz yaşlarım su çiləyir
Həsrətdən qovrulan arzularıma.
Mən bilmirəm necəyəm.

Bəs sən necəsən?



***

O qədər güclüyəm ki
Hətta hər şeyi unudub
Təzədən başlamağa da hazıram.
O qədər zəifəm ki
Hətta bir kəlmə sözünün ağırlığına da
Gücüm bəs etmir.
O qədər qəddaram ki
Sənə olan sevgimi boğa da bilərəm
O qədər kövrəyəm ki
Xatərələrimi göz yaşımla sulayıram.
O qədər .... o qədər sənsizəm ki
Özümü talayıb yerində səni əkmişəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG