Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:49
«Azərbaycan son illər analoqsuz inkişafa nail olub. Böhrandan uğurla çıxan 10 ölkədən biridir. Böhran müddətində Azərbaycanda bir dənə də olsun iş yeri bağlanmayıb».

Bu fikirləri fevralın 11-də İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyev Vergilər Nazirliyinin vergi islahatları mövzusunda keçirdiyi tədbirdə deyib.

Azərbaycanda iqtisadi inkişaf modelini “dünyada analoqu olmayan model” adlandıran deputat bildirib ki, bu model iqtisadi inkişafın İlham Əliyev modelidir.

«FİZİKİ ŞƏXSLƏRİN GƏLİR VERGİSİ 80-100 MİLYON MANAT AŞAĞI DÜŞÜB»


Amma bəzi müstəqil iqtisadçılar bu fikri bölüşmürlər. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev deyir ki, bu məlumatın düz, ya səhv olduğunu konkret demək üçün hökumətin açılan və bağlanan iş yerləri ilə bağlı hesabatına istinadla nə isə konkret fikir söyləmək olar. Amma belə bir hesabatın heç vaxt hazırlanmadığını deyən iqtisadçıya görə, onda bir yol qalır ki, o da məsələyə gəlir vergisinin artıb azalması kontekstindən yanaşmadır.

«Son illər Azərbaycanda fiziki şəxslərdən büdcədə daxil olan vergilərin həcmi əhəmiyyətli dərəcədə azalıb. Əgər 2007-ci ildə fiziki şəxslərin gəlir vergisi 650 milyon manata yaxın idisə, 2009-2010-cu illərdə fiziki şəxslərin gəlir vergisi 80-100 milyon manat aşağı düşüb. Aydın məsələdir əgər gəlir vergisi azalırsa burda iki hadisə baş verir. Ya vergi dərəcələrində kəskin dəyişiklik baş verməlidir, bu da baş verməyib. Digər halda isə ya iş yerləri bağlanır, ya da əməkhaqqı kəskin şəkildə aşağı düşür»

Rövşən Ağayev deyir ki, hökumət əməkhaqlarının azalmasını inkar edir, əksinə bildirir ki, son iki- üç ildə əməkhaqlarının nominal həcmi 35-40 faizə qədər çoxalıb.

«Onda belə çıxır ki, yeganə variant odur ki, müəyyən iş yerləri itirilib. Əgər əlavə hesabat yoxdursa buna əlavə kontr- arqument tapmaq çətindir».

İlham Əliyev: Yeddi ildə 900 min iş yeri açılıb

Prezident İlham Əliyev fevralın 9-da Qərb bölgəsinə səfəri zamanı etdiyi çıxışında, yoxsulluğun səviyyəsinin son yeddi ildə 4 dəfə azaldığını, son yeddi ildə 900 mindən çox iş yeri açıldığını bildirib. Prezident bu qədər iş yerindən 700 minə qədərinin daimi olduğunu bildirib. Amma prezident hələ də işsizlik problemi qaldığını və 2011-ci ildə və ondan sonrakı illərdə bu sahəyə xüsusi diqqət göstəriləcəyini deyib.

NAĞILVARİ STATİSTİKA

İqtisadçı Rövşən Ağayev isə 900 min iş yerinin açılması ilə bağlı statistikanı inandırıcı saymır. İqtisadçı 900 min iş yeri məsələsini nağılvari statistika adlandırır. Deyir səslənən bu statistika əslində gəlir vergisinin həcmi ilə özünü təsdiqləməlidir.

«Hökumətin iş yerlərinin açılması ilə bağlı statistik məlumatlara xalq arasında xeyli lətifələr də qoşulub. Əgər hökumət bu statistikanın obyektivliyinə olan şübhələri aradan qaldırmaq istəyirsə onda bir dəfə bir rayonun timsalında bütün müəssisələr üzrə iş yerlərinin siyahısını açıqlasın. Rayonlar üzrə statistikada verilir, amma heç bir müəssisənin adı yazılmır. Misal üçün yazılır ki, Quba rayonunda 3 min iş yeri açılıb, onun beşi filan yerli icra nümayəndəliyinindir, amma yerdə qalanını yazır ki, fiziki şəxslərdir. Bu nə deməkdir?»

OLMAYAN İŞ YERINƏ BÖHRAN NECƏ TƏSIR EDƏ BİLƏR KI?

Hüquq müdafiəçisi Emil Məmmədov İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin fikri ilə tam razı olduğunu bildirir, amma deyir bu razılıq məcazi məna daşıyır.

«Mənim təmsil elədiyim aran bölgəsində əhalinin əksəriyyəti işsiz olduğu halda böhranın nə təsiri ola bilər ki? İş yerləri var idi ki, adamlar da həmin iş yerlərini itirsinlər? Ona görə də deputat düz deyir».

Hüquq müdafiəçisi deyir ki, Salyan, Biləsuvar, Sabirabad, Hacıqabulda işsizlik problem olaraq qalmaqdadır, ən yaxşı halda adamlar işıq-qaz pulu yığan işləyirlər. Sovet dövrü dağılandan sonra bölgədə olan iri müəssisələr hələ də özünə gələ bilməyib.

Şərhləri göstər

XS
SM
MD
LG