Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:47

Şəkər zavodunun acı müqaviləsi


«Məni qanunsuz işdən çıxardıblar. Saat 4-də növbə qəbul edəcəkdim. Saat 3-ün yarısı çağırıb işdən çıxartdılar. Məni kimi işdən çıxarılanlar çoxdur. Bu dəqiqə hamı borcun-xərcin içindədir. Mənim özümün bu dəqiqə iki yerə kredit borcum var».

İmişli şəkər zavodunun keçmiş işçilərindən biri Əziz İsmayılov deyir ki, 6 il zavodda elektrik işçisi olub. Dediyinə görə, onun kimi onlarla adam keçən ilin dekabrında əsassız olaraq işdən çıxarılıb.

«MİTİNQÇİSƏN DEYİB İŞDƏN ÇIXARTDILAR»

Qanunsuz işdən çıxarıldığını iddia edənlərdən biri Akif Məmmədov isə deyir ki, o, 12 saatlıq iş rejiminə etiraz etdiyi üçün özü ilə birlikdə oğlu Gülmalı Məmmədov da işdən çıxarılıb:

«Onlar öz adamlarını işə gətirirlər, bizi isə kənarlaşdırırlar. Həmin ərəfədə anam xəstə idi. Mən icazə almışdım. Sonra özləri necə qurub-quraşdırdılarsa, dedilər ki, sən etiraz edirsən, mitinqçisən. Mən çörəyimi güclə tapan adamam. Gəlib yoxlamadılar ki, anam doğrudan da xəstəxanada olub, yoxsa, yox. Mənə görə oğlumu da işdən çıxartdılar».

İşdən çıxarılanlar deyir ki, problemlə bağlı prezident İlham Əliyevə, İmişli rayon icra hakimiyyətinə müraciət ediblər.

Hurriyət qəzetinin İmişlidəki müxbiri Məhbub Zülfüqarlı isə deyir ki, işdən çıxarılanların şikayətinə qulaq asan yoxdur:
«Bu adamlar şikayət edəndə deyirlər ki, bura xüsusi mülkiyyətimizdir, özümüz bilərik».

KEÇƏN İL 20 ADAM ÇIXARILIB

İmişli rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zahidov deyir ki, keçən il işdən çıxarılma ilə bağlı onlara 20 şikayət olub. Bu il isə cəmi bir nəfər onlara müraciət edib:

«Biz zavodun kadrlar şöbəsi ilə əlaqə saxlamışıq. Dedilər ki, bu həftə onu işə qaytaracaqlar. Onlarda iş mövsümüdür. Şəkər çuğundurunun qəbulu qurtaranda növbəti məhsul ili başlayana qədər ixtisarlar olur. Mən kadrlar şöbəsinin müdiri, əməyin mühafizəsi üzrə mühəndislə söhbətimdə dəfələrlə onlara izah etmişəm ki, qanunvericiliyin tələbləri gözlənilməlidir».

2-3 AY İŞLƏYƏNLƏR VAR

İmişli şəkər zavodunun direktoru Fərhad Tuqan qanunsuz işdən çıxarılmalarla bağlı iddiaların doğru olmadığını bildirdi. O da dedi ki, mövsümü işlərlə bağlı müqavilələr qısamüddətli olur:

«Biz çuğundur mövsümündə fəhlələri götürürük. Bu adamların müqaviləsi mövsümi – 3-2 aylıq olur. Vaxtları bitəndə gedirlər. Hər mövsüm bu belə olur. Bundan başqa kimisə qanunsuz işdən çıxarılması mümkün deyil. Kimsə özü çıxmaq istəyirsə, o gedir. Bir də əgər kimsə işləmirsə, vəzifəsini yerinə yetirmirsə, onlar çıxarılır».

Zavod direktoru deyir ki, zavodda 12 saatlıq iş rejimi, kənardan gələn işçilərin yerlilərdən üstün tutulması haqqında deyilənlər də doğru deyil.

«DAİMİ İŞÇİLƏRİN QANUNSUZ İŞDƏN ÇIXARILMASI VARSA»

İmişli rayonundan deputat Çingiz Qənizadə isə deyir ki, problemlə bağlı ona da müraciətlər olub. Deputat deyir ki, həmin zavodda işçilər müqavilə əsasında işə götürülür. Müqavilə bitəndən sonra müəssisənin birtərəfli qaydada əmək müqaviləsini pozmaq hüququ var:

«Mən problemlə maraqlanmışam. Onlar deyir ki, müqavilə şərtlərinə uyğun olaraq müəyyən adamlar işdən çıxarılıb. Onu da dedilər ki, o işçilərin böyük əksəriyyətini yenidən müqavilə məsələsi həll olunacaq. Əgər daimi işçilərin qanunsuz işdən çıxarılma halları varsa, bu araşdırılacaq».

İşdən çıxarıldığını deyənlər isə bildirirlər ki, onlar mövsümü işlə məşğul olmayıblar, 5-6 il həmin zavodda işləyən adamlar olublar.

Hüquqşünas İradə Cavadova deyir ki, həmin işçilər qanunsuz işdən çıxarılmalarını məhkəmədə sübut edə bilsələr əvəlki işlərinə bərpa oluna bilərlər.
XS
SM
MD
LG