Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:14
Dokkuziklim saytının gənc yazar Qismətlə müsahbəsi. Qismətin Yazıçılar Birliyində gənc yazarlar haqda məruzəsi ədəbi dairələrdə birmənalı qarşılanmayıb.


– Qismət, son günlər üstünə yaman düşüblər. Səbəb AYB-də yeni nəsil yazarlarla bağlı etdiyin məlum məruzədi. Bütün bunlara nə deyərdin?


– Bunun cavabı əslində çox qısa olmalıdı: Çox sağ olsunlar. Jurnalistikanın müsahibə verdiyi haqdan istifadə edib cavab verməyə bilərdim.

Amma bu müsahibənin ən azı sən tərəfdən alınması üçün gərək uzun-uzun cavablar verim.

Özü də müsahibənin lap yaxşı alınması, facebookda paylaşılması, çoxlu oxunması, şərh yazılması üçün gərək çağdaş müsahibələrdə olduğu kimi 5-6 adama söz atım, söz oynadım, ironiya edim, təhqir çalarlı sözlər seçim və s.

"Daha pisi isə elə görünəcək indi də mən Böyükçölün aqressiyası və mövqeyində ona cavab verirəm. Mənsə buna ehtiyac görmürəm. Bunlar kulis, dəhliz söhbətləridi".

Bütün bunların yerinə Elif Şafakın “Aşk” romanında Şəms Təbrizinin dilindən nəql olunan bir hekayəni xatırlamaq daha maraqlıdı.

İki səyyah bir şəhərdən başqa şəhərə gedirlərmiş.

Yolda qarşılarına bir dərə çıxır. Dərəni keçməyə hazırlaşanda görürlər ki, bir az ötədə qorxudan tir-tir əsən gənc bir qadın var.

Səyyahlardan biri tez qadının köməyinə tələsir. Onu belinə götürüb dərədən keçirdir.

Sonra qadına xoş günlər arzulayıb dostuyla yoluna davam edir. Amma yolun xeyli hissəsində səyyah dostu elə hey susur.

Bir neçə saatdan sonra axırı dözməyib dilə gəlir: “Niyə o qadına kömək etdin? Üstəlik ona əlini də vurdun.

Səni yoldan çıxara bilərdi. Kişiylə qadının bir-birinə təmas etməsi yaxşı şey deyil.

Sənə yaraşdırmadım”. Qadını belində daşıyan səyyah səbrlə gülümsəyəndən sonra dillənir:

“Dostum, mən o qadını dərədən keçirdib orda qoydum. Sən niyə hələ də daşıyırsan?”

– Sən niyə öz hərəkətlərinə qədim bir pritçayla haqq qazandırmağa çalışırsan? Məncə, bu suala kifayət qədər yaxşı və cəsarətli cavab vermək olar...

– Qədim latın hərfləriylə niyə yazıramsa, ona görə. Musiqi də qədimdi, niyə dinləyirəmsə, ona görə. Dünya da qədimdi, niyə yaşayıramsa, ona görə.

– Qayıdaq məruzəyə. Gənc yazar Kəramət Böyükçöl sənə cavab yazısında belə bir fikir deyir ki, guya demisən həqiqəti yazsaydım Anar müəllimin xoşuna gəlməzdi. Bu, doğrudanmı belədi?

– Yox, belə deyil. O söhbətdə yazıçı Anarın, ümumiyyətlə, adı çəkilməyib.

Söhbət ayrı cür olub tamam. Amma mən indi durub “mən ona elə dedim, o da mənə belə dedi.

Sonra belə oldu, filan” desəm, belə çıxacaq ki, özümə bəraət qazandırmağa çalışıram.

Daha pisi isə elə görünəcək indi də mən Böyükçölün aqressiyası və mövqeyində ona cavab verirəm.

Mənsə buna ehtiyac görmürəm. Bunlar kulis, dəhliz söhbətləridi. Bu barədə bu qədər.

– Bəs sənin məlum məruzədə haqqında yazdıqların bu qədərmi ciddi fiqurlar və bu qədərmi ciddi mətinlərdi?

– Orda haqqında söhbət gedən gənclər hərəsi bir keyfiyyətiylə maraqlıdı.

Kəramət Böyükçöl
Təbii ki, qüsurları, çatışmazlıqları olanlar da var. Amma məruzə janrının xarakteri yalnız ciddi fiqurlardan və ya ancaq ciddi mətnlərdən danışmaq deyil.

Burda məqsəd mümkün qədər əhatə etməkdi. Mən isə icmal janrını sevmədiyin üçün mümkün qədər çalışdım ki, esseistik bir məruzə yazım.

Çünki mətndə statistikadan qaçmaq istəyirdim. Amma yaza-yaza gördüm ki, nə qədər çalışsam da bu mümkün olmur.

Sən əgər ciddi mətn deyəndə mənim düşündüyüm böyük ədəbiyyat nümunəsini deyirsənsə, onda özün də bilirsən ki, bizim ədəbiyyatda xüsusilə son vaxtlar proza produktivləşib, maraqlı cəhdlər var.

Amma ciddi mətn mən hələ ki, oxumamışam.

– Deyirsən, son vaxtlar ciddi mətn oxumamışam. Mətni bəyənib-bəyənməməklə ciddi və ya qeyri-ciddiyə bölmək oxucu yanaşmasıdı.

Ədəbiyyat haqqında məruzə yazmaq iddiasına düşən adam dəqiq göstərməlidi ki, ciddi və qeyri-ciddi mətni fərqləndirən kriteriyalar hansılardı.

Niyə görə öz yanaşmana sərf etməyən hallarda oxucu kimi, sərf edən hallardasa ədəbiyyatşünas kimi hökm veririsən?


– Düz deyirsən, ciddi və ciddi olmayan mətni fərqləndirmək üçün müəyyən kriteriyalar var.

Amma bayaqdan sənə bir şeyi başa sala bilmirəm ki, bu məruzədi.

– Mən də elə məruzədən sual verirəm. Çünki dediyim keyfiyətlər də məhz buna aiddi..
.

– Məruzə janrında geniş analiz olmur. Bu ayrıca ədəbiyyatşünaslıq məqaləsinin konusudur.

Bir də ki, bilmirəm nə qədər xəbərim var, cüzi dəyişməz kanonları çıxmaq şərtiylə dünyada mütləq həqiqət olmadığı kimi ədəbiyyatda da mütləq kriteriyalar yoxdu.

Yalnız müəyyən ədəbi cərəyan, janr, üslub, dil hadisəsi çərçivəsində subyektiv yanaşmalar var.

Məsələn, biz əgər ədəbiyyata estetik rakursdan yanaşsaq, onda Homerin Axillesin qalxanının üstündəki rəsmləri təsvir etməsiylə, 19-cu əsrdəki Paris mağazalarındakı malları təsvir etmiş naturalist Emil Zolyaya gərək eyni zərrəbin altından baxaq.

Bu misalların sayını uzatmaq olar. Yəni ki, mən hökm vermirəm, kimin mətnini hansı xəttə yaxın edirəmsə, çalışıram elə dəyərləndirim.

– Məruzdəndən sonra haqqında deyilənlərdən sual doğur: məcbur edən yoxkən bu gənc yaşda səni bu qədər oyunlara sürükləyən nədi?

– Allah səni güldürsün. Bu sual hardan doğur belə?

– Sən, deyəsən, ədəbi prosesi yaxşı izləmirsən, hər şey ortadadı...


– Oyun, sürüklənmək, filan... İndiki zamanda nə oyun, Əsəd?

– Qismət, böyük ədədbiyyat iddiası və indiki zaman anlayışı də bir-birinə ziddi...

– Görmürsənmi, indi hamı bir-biri barədə yalan-gerçək hər şeyi yazır.

Aqşin Yenisey
Ən böyük oyunbaz, məncə, əslində hər şeyi ifşa etdiyini car çəkən adamdı. Ən böyük oyun yeri Vikiliks, ən böyük oyunbaz isə Assancdır.

– Yadındadısa, bu məsələlər təzə başlayanda, yəni sən AYB-yə təzə gedəndə bizim bir söhbətimiz olmuşdu.

Mən sənə – niyə getdin, niyə bu oyunlara qoşuldun, sualını vermişdim.

Sənsə demişdin həqiqəti demək, əsl mübarizə aparmaqçün AYB-in içində olmaq lazımdı.

Bu idimi sənin mübarizən, həqiqəti dediyin məruzə?


– Mübarizə, döyüş, savaş, nəyisə dəyişmək arzusu... Bəli, mən belə düşünürdüm.

O söhbətimiz də yadımdadı. Amma indi düşünürəm kiminlə mübarizə, nəyə qarşı savaş, hə?

Kiminlə mübarizə? Aqşinlə, Kəramətlə, səninlə və ya nə bilim bütün əli qələm tutan bütün adamlarla?

İndi özümə xeyli gülməyim gəlir. Mən indi düşünürəm ki, ən böyük mübarizə yaxşı mətn yazmaqdı.

Öz adıma deyirəm, bunu bacaracağamsa düşündüyümü etmiş olacam, bacarmasam bu da dərd deyil.

Deməli, istedadım çatmadı. Bu, mübarizə deyildi, bu, sadəcə məruzə idi.

– Əlbəttə, bu məruzadən başqa heç nə gözləmək düzgün deyildi. Bu, bir AYB ənənəsidi. Bəs sən niyə əvvəlkilərin yolunu getdin?

Ənənəni az da olsa, dağıtsaydın, səni asacaqdılarmı?


– Əgər Axundov kitabxanasının üzvünsə, get əvvəlki məruzələri tapıb oxu görəcəksən nələrin fərqli olduğunu.

– Qismət, doğrudanmı səni bütün bunlara məcbur edən kimlərsə var?


– Məni bircə məcbur edən adam var, o da Elçin Əlibəyli xarakterli suallarınla sənsən.

– Hə, düz deyirsən, Elçin Əlibəyli də AYB-in tənqid edən yeganə televiziyonçu idi.

Sizlər də başladınız danoslar yazmağa. Niyə hələ də repressiya təfəkkürüylə yaşayırsız?


– Elçin Əlibəyli və televizyon. Mənə görə bunlar antonimdir.

O peşakar jurnalistika qanunlarını Jalə şirəsiylə səhv salırdı. Hökm verirdi, sonda isə yalnız öz qənəatini diqtə edirdi.

Sizlə, bizlər, repressiya təfəkkürü... Bu sözlər isə jurnalist sualı cildinə bürünmüş ittihamlardı.

Yəni ki, sənin düşüncəndi. Mən belə düşünmürəm.

– Bax görürsən, sən də Elçin Əlibəylini ittiham edib, danos xarakterli danışırsan.

Birinci, sualdan yayınırsan, ikinci də, əgər sən doğrudan da həqiqətin tərəfindəsənsə, yanında olduqların, fikirlərini dediklərin həqiqətin yanındadılarsa, bu nə məntiqdi?


– Bu müsahibədi, Əsəd...

– Mən də bilirəm müsahibədi, Qismət. Sualları da sənin cavablarından çıxarıram.

Lütfən, suallara doğru-düzgün cavab ver...


– Danos iki nəfər arasında gizli olur. Mənim üçün ədəbiyyatda bircə həqiqət var, o da yaxşı mətndi və dünya elə yerdi ki, istənilən adam “zövqlər müxtəlifdi və ya mən siz deyən ədəbi təmayülü qəbul etmirəm” deyib, səninlə razılaşmaya bilər.

Fikirlərini dediyim kimsə yoxdu, fikrini bölüşdüyüm adamlar var, onlardan isə vaxtın olsa, özün soruşarsan.

Əsəd Qaraqaplan
– Aqşin Yenisey də sərt danışdı. Bəs buna nə deyirsən?


– Aqşini dinlədim. Düşünmürəm ki, sərtdir. Necə fikirləşirsə elə də danışıb. Sual verirsən ki, buna nə deyirsən?

Nə deməliyəm, səncə? Deməliyəm ki, yox, Aqşin yanlış düşünür, tez eləsin fikrini dəyişsin, təkzib versin?

Yaxud deməliyəm ki, o, mənə 25 yaşlı qoca deyib, amma özü 32 yaşlı çağadı? Bunlar gülməli və boş şeylərdi.

Oxuduqlarımdan hasil elədiyim qənaət belədi ki, dava-şavayla, skandalla və hikkəylə böyük ədəbiyyat yaranmır.

Biz hamımız sosialogiyaya, publisistikaya çox enmişik. Bir neçə yazıçı var ki, mən onları birinci əsərindən sonuncu əsərinəcən çox diqqətlə oxumuşam.

Adlar sadalamaq istəmirəm. Bircə onu deyim ki, böyük yazarların heç birində başqasına qarşı təhlil adıyla təhqir, tənqid adıyla böhtan görmədim.

Məşhur cümlədə deyildiyi kimi: teleskop sevgidən, mikroskop nifrətdən yaranıb.

– Deyirsən, dava-şavayla, skandalla və hikkəylə böyük ədəbiyyat yaranmır. Bəs yaltaqlıqla, qorxaqlıqla yaranır?


– Məncə, yaranmır. Amma bu fikrin əskini də oxumuşam. Adını unutduğum məşhur bir ingilis tənqidçisinin maraqlı bir məqaləsi vardı.

Orda tənqidçi dünya ədəbiyyatında fundamental mətnlər yazmış müəlliflərin xarakterindəki yaltaqlığı, zəifliyi və s. göstərib, bu suala tam əks arqumentlə cavab verirdi. Orda Kafkanın, Coysun, Mannın adları vardı.

İstənilən halda hər iki mülahizəni subyektiv hesab edirəm.

Amma mənə görə, məsələ bunda deyil. Məsələ bundadır ki, pafoslu postulatlarla, suallarla ədəbiyyat söhbəti olmur.

– Bəs sifətinə müdrik görkəm verib, suallardan yayınıb, nə gəldi, ziddiyyətli danışmaqla ədəbiyyat söhbəti eləmək olarmı? Qoy ortaya o cəsarəti, görək nədi?


– Sənin bu cür suallarına cavab verirəm, hələ sən buna şükür elə.

– Səni başa düşürəm, mən də sənin yerində olsaydım belə eləyərdim...

Deyilənlərdən belə bir sual da doğur: Rəşad Məcid, Əsəd Cahangir, Anar Rzayev... bütün bunlardan niyə özünü aşağımı bilirsən, hər yerdə ancaq onların mövqeyini müdafiə edirsən?


– Qəribə qənaətlərin var, Əsəd.

– Qismət, yenə deyirəm: bu, mənim məntiqim yox, haqqında deyilənlərdi...

– Anlamıram adam kiminsə mövqeyini müdafiə edirsə, bu deməkdir ki, özünü ondan aşağı bilir?

Gəl şərti bir vəziyyət təsəvvür edək. Sən bir yazı yazırsan və orda deyək ki, belə deyirsən: Kafka pedafil olub.

Kimsə səninlə razılaşmır, kimsə sənin bu mövqeyini müdafiə edən yazılar yazır, səni tənqid edənlərə sərt cavablar yazır.

İndi belə çıxır ki, sənin mövqeyini müdafiə edənlər özünü səndən aşağı bilir?

Bu misallardan sonsuz sayda düzəltmək olar. Kiminləsə düşüncələrin üst-üstə düşürsə, qənəatlərin təxminən eynidirsə, burda aşağı-yuxarı, sol-sağ və s. olmur.

– Qismət, sənin də qəribə məntiqin var: sən Kafkayla Rəşad Məcidi, Əsəd Cahangiri, Anar Rzayevi bir edirsən?

– (gülürük) Əsəd, deyəsən, mən şərti vəziyyət təsvir etdim axı. Olmasın Kafka, olsun Məmmədqulu.

– Deməli onları Məmmədquluyla müqayisə edirsən (gülürük)... Doğrundanmı bu qədər gerçəyi görməməzlik var səndə?

– Gerçək, görməzlik, filan... Bunlar romantik paradiqmalardı.

Adamın yadına Oqtay Eloğlunu filan salır. Təxminən belə bir teatral cümləni xatırlayıram: Həqiqət! Ey mənim qəlbimdəki dərin iztirabla çulğalaşmış miskin gözəl! Məni sürüklədiyin röyalardan qurtulmaq üçün çırpınsam da, bil ki, bəla bəhri məni qorxutmaz və bəzmi istirahət qıldığım qucaqlardan saçılan işıqlarda pək məmnunam. Reklamlar bitdi, seyrə davam.

– Qismət, təkcə sən deyilsən, bir çox AYB-çinin də belə suallara cavab verə bilmədiyini görmüşəm. Suallara düz-əməlli cavab verməyə cəsarətin çatmır?

– Ooo, artıq öz sualına qiymət də verirsən: cəsarətli sual, filan. Şəxsən bu müsahibədə normal bir dənə də olsun sualını görmədim.

Amma iki müsahibən var ki, çox xoşuma gəlib. Biri Murad Köhnəqala ilə, biri də Vaqif Səmədoğlu ilə.

Bir şeyi anla ki, hamı sənin kimi düşünməyə məcbur deyil və heç kimin həqiqəti başqası üçün doqma ola bilməz.

– Hər halda bunlar da sənin düşüncələrin, belə demək olarsa, həqiqətin idi...

Söhbətləşdi: Əsəd Qaraqaplan
Doqquziklim.net


Həmçinin oxu
Qismətin gənc yazarlar haqda məruzəsi
Kəramət Böyükçöl. Himayədə yaşamağa vərdiş edənlər və bolşevizm
Sevinc Çılğın. Qismətdən artıq yeməzlər

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG