Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:18

Bahar Muradova: «Korrupsiya ilə mübarizənin Misirlə əlaqəsi yoxdur»


Bahar Muradova
Bahar Muradova
«Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə uzun müddətdir gedir. Bunun Misirdə, Tunisdə baş verənlərlə deyildiyi kimi, əlaqəsi yoxdur».

Bunu fevralın 11-də Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

«Ərəb ölkələrində gedən proseslərin Azərbaycana sırınması barədə fikirlər müxalifətin xülyalarıdır», - deyə vitse-spiker əlavə edib.

Xanım Muradova deyib ki, nazirlərin iclaslar keçirməsi və korrupsiyaya qarşı fikirlər səsləndirməsi ölkədə korrupsiyaya qarşı aparılan mübarizənin tərkib hissəsidir.

- Son iclaslar korrupsiyaya qarşı mübarizənin tərkib hissəsidirsə, niyə bunlar yalnız prezidentin bu barədə çıxışından sonraya təsadüf etdi?

- Bu, sadəcə əvvəlcədən aparılan bir mübarizədir, indi də davam edir.

Yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirib, bu sahədə mübarizənin gücləndirilməsinin vacibliyindən danışıb. O, dövlət başçısının adından bəzi tapşırıqlar da verib. Bundan sonra dövlət qurumları bir-birinin ardınca müşavirələr keçirərək öz fəaliyyətlərində korrupsiyanı pisləyir, buna görə bəzi əməkdaşlarının işdən çıxarıldığını bildirirlər.

Prezident İlham Əliyev də fevralın 9-da Qərb bölgəsinə səfəri zamanı yerli sakinlərlə görüşündə korrupsiyaya qarşı mübarizənin daha da gücləndiriləcəyini bildirib. Prezident vətəndaşlardan xahiş edib ki, bütün xoşagəlməz hallar barədə Prezident Administrasiyasına məlumat versinlər.

PARLAMENTDƏ KORRUPSİYA MÜZAKİRƏLƏRİ...

Əli Hüseynov
«Ölkədə korrupsiya ilə mübarizənin dərinləşməsinə dair prezident göstərişlər verib və bu islahatlar əsaslı olacaq, davam etdiriləcək».

Bu fikirləri Milli Məclisin spikeri Oqtay Əsədov fevralın 11-də parlamentdə deputatların çıxışlarını cavablandırarkən deyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, islahatlar hansısa xarici amillə əlaqəli deyil:

«Deyirlər bu islahatlar hansısa proseslə bağlıdır, amma bu, belə deyil. Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qatılması üçün bu inkişafa mane ola biləcək korrupsiyanı minimuma endirmək lazımdır».

Əli Hüseynov deyir ki, prezident də bu tapşırıqları verib və işlər aparılır.

Parlamentin iclasında bəzi deputatlar təklif edib ki, korrupsiyaya qarşı mübarizə komitəsinə ictimaiyyət də dəvət olunsun.

Əli Hüseynov bunları formal məsələlər adlandırıb və deyib ki, aparılan islahatlar daha da dərinləşəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG