Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:25
«QƏZƏBLƏNMİŞ, DƏYİŞİKLİK İSTƏYƏN XALQIN QARŞISINDA DURA BİLMƏYƏCƏKLƏR»

Müsavat Partiyasının başqanı İsa Qəmbər ölkədə, dünyada gedən proseslər barədə «Yeni Müsavat»ın suallarına cavab verib. Başqanın fikrincə, Misirdə baş verənlər sübut edir ki, avtoritar liderlər, diktatorlar müxalifət partiyalarını bağlamaqla, əzməklə, həbslərlə, qəzetləri sıxmaqla, məhv etməklə dəyişikliklərdən sığortalana bilməyəcəklər:

«Qəzəblənmiş, dəyişiklik istəyən xalqın qarşısında dura bilməyəcəklər. Bu həqiqət təsdiq olundu. Aydın məsələdir ki, ciddi, mütəşəkkil bir müxalifətin olması prosesin daha sürətlə aparılmasına, daha itkisiz bitməsinə təminat ola bilər. Odur ki, müxalifətin fəaliyyətinə ciddi ehtiyac var. Azərbaycanda isə indi ən güclü birlik İctimai Palatadır. Nəzəri cəhətdən partiyalar bloku yarana, bir neçə partiyanın sazişi, hansısa bir başqa quruluş ola bilərdi. Ancaq bu gün ortada olan İctimai Palatadır və o, məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Qalanını zaman göstərəcək... Proses uğurla gedəndə və uğurla nəticələnəndə o vaxta qədər qəbul olunan bütün qərarlar dahiyanə qərarlar kimi dəyərləndirilir. Liderlər də çox müdrik şəxslər, onların ətrafındakı insanlar da fədakar adamlar kimi qiymətləndirilir. Xalq da ən qəhrəman xalq kimi qəbul olunur, qiymətləndirilir. Ancaq proses uğursuz bitəndə bəlli olur ki, lider də bir şey deyilmiş, ətrafındakı insanlar da fədakar deyilmiş, qərarlar da yanlış imiş. Təşkilat da mənasız imiş, hər şey mənasız imiş... Əlbəttə, nəticə dəyərləndirmə aparmağa əsas verir, amma hər halda, biz postsovet məkanında uğurla başa çatan inqilabi prosesləri də görmüşük, uğursuz nəticələnəni də. Bunu biz özümüz etmişik də. Oradakı komponentləri müqayisə edəndə təsdiq olunmur ki, uğurlu nəticədə hər şey dahiyanə idi, uğursuzda hər şey səhv idi. Belə bir müqayisə təsdiq olunmur».

«Bizim yol» qəzeti: «JEK»LƏRİN FƏALİYYƏTİ QANUNSUZDUR»

2009-cu ildə dövlət büdcəsindən Bakıda yerləşən Mənzil İstismar İdarələrinə 10 milyon manat subsidiya ayrılıb. Bu vəsait Mənzil Fondunun əsaslı təmirinə və mənzil xidməti haqlarının maya dəyərindən yüksək olmasını kompensasiyaya etmək üçün xərclənirdi.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev deyir ki, 2009-cu ildə subsidiyalardan əlavə MİS-lər 30 milyon manata qədər xidmət haqqı yığıblar:

«Həmin il Bakıda yerləşən MİS-lərin 40 milyon manatlıq büdcəsi olub. Bu, böyük vəsaitdir. Amma onun nə toplanması, nə xərclənməsi istiqamətləri ilə bağlı ciddi informasiya verilir».

R.Ağayevin fikrincə, nə vaxtsa «JEK»lər ləğv olunarsa, binanın yerləşdiyi torpaq da xüsusi mülkiyyət kimi əhali arasında bölünəcək:

«Yəni xüsusi mülkiyyət şəkilində kollektiv məsuliyyət daşıyacaq. Bu zaman İctimai Mənzil Fondu adlanmayacaq.

Rəsmi dövlət qəzeti – «Azərbaycan»da parlamentin İnsan Haqları Komitəsinin rəhbəri Rəbiyyət Aslanovanın «XXI ƏSRDƏ İCTİMAİ ELM VƏ CƏMİYYƏT: MİLLİ VƏ QLOBAL MƏKANIN ÇAĞIRIŞLARI VƏ YENİ VƏZİFƏLƏR» adlı məqaləsi dərc edilib.

«Sivilizasiyanın universal dəyər və meyarları həm Qərbdə, həm də Şərqdə bənzərdir. Lakin hər bir məkanda özünəməxsus formada təzahür edir. Qərbdə insanın fərdi azadlığına daha çox fikir verilməsi ondan irəli gəlir ki, hüquq nəzəriyyəsi məhz orada meydana gəlib. İnsanların hamısının təbiətən azad olduğunun qeyd edilməsi, insan hüquqlarına daim önəm verilməsi də bununla bağlıdır. Şərqdə isə ənənə və adətlər də mənəvi irs kimi dəyərləndirilir. Böyüklərə, valideynə, dövlətə rəğbət hissi ilə yanaşılır. Şərqin malik olduğu qədim və zəngin hüquqi təcrübə və irs Qərbin hüquq sistemindən, mədəniyyətindən kənarda qalıb. Bəlkə də Şərq və Qərb irsinin sintezi hüquq fəlsəfəsinin azadlıq və məsuliyyətin daha dərin, fundamental münasibətlərini izah etməsinə imkan verərdi. Azərbaycan xalqımızın milli və mənəvi ənənələrini davam etdirərək hüquqi dövlət qurur. Bu baxımdan fəlsəfə tariximizin zəngin irsinə müraciət edərək buradakı ənənəvi və yeni ideyaları müqayisə etmək, aktuallaşdırmaq önəmlidir. Buna görə də insan hüquqlarının anlamı və tətbiqində eyni qəliblər, standartlar nəinki uğur gətirmir, həm də yeni ziddiyyətlərin yaranmasına səbəb olur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG