Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31
Bayraq meydanı ətrafındakı iki doqquzmərtəbəli yaşayış binası söküləcək. Bu haqda AzadlıqRadiosuna Aqil Quliyev küçəsi 5 ünvanında yaşayan sakinlər məlumat veriblər. Onlar özləri isə bu haqda qapılarına yapışdırılmış elandan xəbər tutublar. Sakin Minirə İskəndərova:

«Qapıya vurublar, dedilər ki, əmlak komitəsindən gəliblər, bu bildirişləri payladılar. Nə möhür yoxdur, nə qol çəkməyiblər, elə-belə bir kağız. O kağızı istənilən adam hər yerdə çap edib gətirər».

Binanın söküntüsü ilə əlaqədar məhəllədə qərargah da yaradılıb. Sakinlər deyirlər ki, onlara 2 ay ərzində evlərini tərk etmək tapşırılıb.

"SİZİ SÜRGÜN EDƏCƏYİK"

«Bizi yollayırlar Qələbə kinoteatrının yanına, Badamdara, Tbilisi prospektinə. Orda da binalar bilirsiz necə tikilib? Hamısı yan-yana, pəncərə pəncərəyə baxır.

- Dünən demədi, sürgün edəcəyik sizi?
- 5 otaq satıb bura gəlmişəm. nəyə görə? Dənizə görə. Mənə dənizin yanında yaşamaq lazım idi».

Bina sakinlərinin sözlərinə görə, bu əraziyə prezidentin gəlişindən əvvəl binanın fasadı təmizlənib, təmir edilmişdi, küçələrə asfalt döşənmişdi. Lalə Quliyeva:

Yayda təmir etdilər. asfalt saldılar. Hər şey elədilər. indi sökürlər. nə keçib üstündən, 5-6 ay keçib də.

UÇURACAQDINIZSA, NİYƏ ÜZLÜK ÇƏKİRDİNİZ?


- Bu qədər pulu təmirə verdilər, binaya üzlük çəkdilər. Əgər bunu uçuracaqdınızsa, nəyə görə bu qədər pul xərclədiniz bura? Elə sökəydiniz onda, o pulu da verəydiniz camaata.

- 4 ildə nə qədər toz udmuşuq, səs-küy, ağır maşınlar keçirdi… səhərəcən yata bilmirdik. Nələr çəkmişik burda. Bir gecədə asfalt saldılar ki, prezident gələcək. səhəri gün bütün asfaltı təzədən sökdülər. beton salırlar, səhəri onu deşib çıxarırlar. Burda çoxlu pul yeyilir, onları heç sayan yoxdur. Amma bizə çatanda hökuməti pulu yoxdur.

Köçürülmə səbəbləri barədə sakinlərə dəqiq məlumat verilməyib. Kimi deyir, bayraq dirəyi ətrafa təhlükə verir, kimi deyir, bina meydanın yaraşığını pozur:

BÜTÜN BAYILI KÖÇÜRƏCƏKLƏR


- Biz eşitmişik burda mehmanxanalar, otellər tikiləcək. Elit rayon etmək istəyirlər. Nəinki biz, bütün Bayılı gələcəkdə köçürəcəklər. Əyləncə mərkəzi tikəcəklər.

- Deyir bayrağın 60 hektar yaxınlığında heç nə olmamalıdır. Deməli, bizim bina da düşür də.

Sakinlərdən biri Nüşabə Məlikova deyir ki, işi yoluna qoymaq üçün dövlət qurumları sakinlərlə razılığa gəlməlidirlər:

GƏLSİNLƏR, ÖLDÜRSÜNLƏR, ÇIXARTSINLAR


- Pul istəyirik ki, bəlkə mən gedib imkanıma görə həyət evi alacam. Gəlsinlər, öldürsünlər, çıxartsınlar məni o evdən, mən çıxmayacağam. Heç kimi evdən məcbur çıxartmaq ixtiyarları yoxdur. Hamıyla razılaşıb həll etməlidirlər bunu. Bu boyda ailə, hamı da pulun istəyir.

- Siz bizi köçürmək istəyirsinizsə, bizə yaxınlıqdakı «Yeni Həyat»dan verin mənzil. Deyir ki, siz nə danışırsınız, orda kvadratı 5 min manatdır. Bəs bizim ev onlardan əskikdir. Bura sakitçilikdir. Maşın yox, ekologiyası təmiz. Biz burdan heç cürə istəmirik köçmək. əgər köçürürsənsə, köçür «Yeni Həyata».

Səbayel rayon icra hakimiyyətindən binanın söküləcəyini təsdiqləsələr də, detallı məlumat vermədilər.

Sakinlər Dövlət Əmlak Komitəsinin adını hallandırsalar da, komitədən AzadlıqRadiosuna bildirdilər ki, komitənin söküntü işləriylə heç bir əlaqəsi yoxdur.

Hüquqşünas Şəfa Camalzadə deyir ki, bayraq meydanı dövlət ehtiyacı olmadığına görə, sakinlərin məcburi köçürülməsi hüquqa ziddir:

"HƏDƏ-QORXUYA UYMASINLAR"

«Fövqəladə təhlükədən köçürülməyə gəldikdə isə, bu barədə komissiya yaradılmalıdır. Daha sonra qiymət müəyyən edilməlidir. Sonra əhalinin yerləşdirilməsi olmalıdır. Hədə- qorxuya uyub, evlərini satmasınlar».

Sözügedən binada yaşayan 72 ailə öz mülki hüquqlarını müdafiə etmək üçün 10 nəfərdən ibarət komitə də yaradıb. Deyirlər hər kəs razı salınmayınca onlar öz sözlərindən geri çəkilməyəcəklər.

Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

Qeyri-rəsmi rəqəmlərə görə, bu kompleksin tikilib başa çatmasına 20 milyon manata yaxın pul xərclənib.

Bayraq ötən ilin sentyabrından qaldırılandan sonra bir neçə dəfə küləkli havada endirilib. Sonuncu endirilmədə isə rəsmi məlumata görə, bayraq dirəyində titrəyiş qeydə alınıb.

Şərhləri göstər

XS
SM
MD
LG