Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27
Azərbaycan Dövlət Televiziyasının nəzdində fəaliyyətə başlayacaq Mədəniyyət kanalının direktor müavini Nadir Axundovun Modern.az saytına müsahibəsi:

- Yeni kanal saat 12.00-dan saat 24.00-dək fəaliyyət göstərəcək.

Kanalın rəhbərliyi demək olar ki, 90% bəllidir. Proqram direktoru vəzifəsinə Fuad Vəlixanov təyin edilib.

Direktor müavinləri mənimlə və İlham Rəhimli seçilib. Kanalın bütün strukturları artıq formalaşıb.

Yaradıcı heyət formalaşıb. İlk verilişimiz Muğam Müsabiqəsinin açılışı olacaq.

İlk yayımlarımız gündüz saat 12.00-dan axşam saat 24.00-dək davam edəcək.

Bir ildən sonra 24 saatlıq yayım rejiminə keçəcəyik.

Hazırlıq dövründə telekanalda hansı layihələrin verilməsi müzakirə olunub.

Mədəniyyət telekanalı respublikanın bütün rayonlarına yayılacaq.

Tamaşaçılar bizi Azərbaycanın istənilən yerində rahat izləyə biləcəklər.

Həmçinin Türkiyə, İran və Rusiyada da bizə baxa biləcəklər. Verilişlərimizin hamısı hazırdır. Bir sözlə, biz telekanalın açılışını səbirsizliklə gözləyirik.

“Dünya mədəniyyətini teleməkanımıza gətirəcəyik”


Müsahibiz yeni açılacaq kanalın Azərbaycan xalqının həyatında mühüm mədəni dəyişikliklər edəcəyinə ümidvar olduğunu vurğulayıb:

- Biz həm də maarifçi yönümüzlə seçiləcəyik. Burada əsas prioritet insanların bayağı musiqilərlə korlanmış zövqünü düzəltməkdən ibarətdir.

Biz çalışacağıq ki, dünya mədəniyyətini Azərbaycan teleməkanına gətirək.

Etiraf edək ki, indi Azərbaycan mədəniyyəti dünya və Avropa mədəniyyətindən təcrid olunmuş formadadır.

Əslində isə onlardan ayrı yaşamırıq. Bu baxımdan yeni telekanaldan insanların böyük gözləntiləri var.

Bu kanal tam fərqli olacaq...

İnsanların musiqi zövqünün çox zərif olduğunu söyləyən N.Axundov maraqlı nüanslara toxunub:

- Musiqi xadimlərimiz, kinoşünaslarımız, kinorejissorlarımız xaricdə festivallarda da iştirak edirlər, bizim ifaçılarımız, simfonik orkestrlərimiz zaman-zaman festival və müsabiqələrdə iştirak edirlər.

İndiki dövr üçün bunları layiqli şəraitdə işıqlandırmaq mümkün deyil.

Əgər bizdə mədəniyyət sahəsi ilə bağlı iki veriliş vardısa, hətta onlar da bunu tam təcəssüm etdirə bilmirdilər. Sözsüz ki, yeni telekanalda çeşidli verilişlərimiz olacaq.
Mədəniyyətin bütün sahələrində klassik janrdan tutmuş xalq musiqilərimiz yeni kanalda yayımlanacaq.

Mədəniyyət kanalında bizim tamaşaçılarımız dünya muzeylərinə sanki səfər, dünyanın tarixi şəhərlərinə səyahət edəcəklər.

Dünya xalqlarının folklorundan tutmuş müasir janrlara kimi hər şeydən xəbərdar olacağıq.

Dünyada baş verən ən böyük mədəniyyət cərəyanları, operalar, baletlər, konsertlər hamısı tərcümə olunub Azərbaycan tamaşaçısına çatdırılacaq. Bu kanal tam fərqli olacaq”.

“İnsanlar dram əsərləri üçün darıxıblar”

Həmsöhbətimiz hazırda telekanalarda korifeylərimizin həyat və yaradıcılığının tam şəkildə işıqlandırılmadığını söyləyib:


- Biz bu zamana qədər korifeylərimizi istədiyimiz səviyyədə təmsil edə bilməmişik.

Burada isə çalışacağıq ki, korifeylərimizlə bağlı çoxlu verilişlər hazırlayaq.

Biz Mədəniyyət telekanalında Üzeyir Hacıbəyov, Fikrət Əmirov həftələri keçirəcəyik.

AzTV-nin efirində buna kifayət qədər vaxt olmadığı üçün biz bu layihələri həyata keçirə bilməmişik.

Həmçinin, Opera və Balet Teatrında, Akademik Milli Dram Teatrda, Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar Teatrında olan tamaşaları insanlar bu kanal vasitəsi ilə görəcəklər. Axı insanlar gözəl dram əsərləri üçün darıxıblar.

Təbii ki, müasir musiqi janrlarına da yer veriləcək. Ölkəmizdə musiqi həyatı rəngarəngdir, zəngindir.

Sözsüz ki, Mədəniyyət telekanalında gənclərin zövqləri də nəzərə alınıb.

Biz gəncləri yaddan çıxarmırıq. Onların da zövqlərini oxşayan verilişlər və konsertlərimiz olacaq.

Mən ümumiyyətlə ucuz şou-biznesi qəbul etmirəm. Kiminsə pulu var, yeni maşın alıb, ərindən ayrılıb, bu sənət, şou-biznes demək deyil. Bu məişət verilişləridir.

Bunun mədəniyyətə heç aidiyyəti yoxdur.

Bunlar hamısı tamaşaçılarımızın, xüsusən də gənclərin zövqünü aşağı salmaqdan başqa bir şey deyil.

Ona görə, biz dünyanın ən gözəl müğənnilərinin mahnılarını səsləndirəcəyik.

Dünya ulduzları ilə bağlı verilişimiz də olacaq.

Çalışacağıq ki, gənclərin zövqünü yüksəldək. Bizdə caz ifaçılarının konsertləri olacaq. Xalq musiqimiz, rəqslərimiz yaddan çıxmayacaq”

Zeynəb Xanlarova ilə Arif Babayevin ifasnda “Leyli və Məcnun”u bu telekanal təqdim edəcək...

N.Axundov daha sonra klassik musiqinin önəmindən danışıb: “1969-cu ildən indiyə qədər yığdığımız bir neçə min saatlıq lent yazılarmız var.

Çox gözəl yubileylər, tamaşalarımız var ki, onları efirə verə bilməmişik.

Məsələn, 1978-ci ildə Zeynəb Xanlarova ilə Arif Babayevin ifasnda “Leyli və Məcnun”u qeyd edə bilərəm. Bunları tamaşaçılarımıza təqdim edəcəyik.

Muğam müsabiqəsi isə həftədə iki dəfə keçiriləcək. Bu həm Mədəniyyət telekanalında, həm də AzTV-də efirə gedəcək.

Mədəniyyət telekanalını şərtləndirən əsas cəhətlərdən biri də xaricdə yaşayan soydaşlarımızdır. Dünyada 55 milyondan artıq azərbaycanlı yaşayır.

Onlar da Azərbaycan mədəniyyəti ilə tanış olmalı və Azərbaycan mədəniyyətinin incilərini tanımalıdırıar.

Həmçinin, biz bu kanal vasitəsilə dünyaya öz mədəniyyətimizi də nümayiş etdirəcəyik.

“Mədəniyyət” kanalı fevralın 14-də fəaliyyətə başlayacaq. APA-nın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin rəhbərliyi ilə keçirilən görüşdə bildirilib.

Anar RÜSTƏMOV
modern.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG