Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:26

Aysel Şakirqızı "Mənim dostum" (Hekayə)


Bloku səs götürmüşdü. Yuxarı-aşağı doğru hərəkət edən fəhlələr ev əşyalarını daşıyırdılar.

Artıq neçə il idi ki, qapı qonşumuzun evi boş idi.

“Deməli, evi alıblar və bizim yeni qonşularımız var”-deyib mətbəxə keçdim.

Anam həmişəki kimi şorba bişirirdi, baxmayaraq ki, özü də, mən də bu yeməkdən artıq iyrənirdik. Amma başqa çarə yox idi.

Allaha şükür etməli idik. Şükür etməli idik ki, bizim yeməyə şorbamız, yaşamağa bir otaqlı mənzilimiz, geyinməyə pal-paltarımız və ən nəhayət süründüyümüz həyatımız var.

Anam qazanın altını söndürüb stulda, mənimlə üzbəüz əyləşdi.

Uzun sürən baxışmadan sonra soruşdu:

- Görəsən, təzə qonşularımız necə adamlardır?

- Adamın pisi, yaxşısı olmur, ana! Cahili və alimi olur.

Anam ah çəkib dedi:

- Sən yenə başladın da bu filosofluğa!

- Eh, sən də. Mən kiməm ki, filosofluq edəm. Birdəki, mənim filosofluğumun kimə nə xeyiri var? Odey, filosof olub Bəhmənyar, Nizami, Tusi, Nəsimi, yoxsa ki, mən? Güldürmə məni, sən Allah!

- Oğlum, guya onların filosofluğunun xalqa nə xeyiri olub ki?

- Olub! Özü də çox. Onlar camaatın gözünü açıblar. Onlara düz yol göstəriblər.
“Ona görə bu gündəyik də, yaxşı filosoflarımız, yol göstərənlərimiz olub” anam açıq-aydın istehzayla dilləndi.

- Eh, səninlə də söz danışmaq olmur e...Ana, o yazıq filosofların nə günahı var? Onlar xalqa demiyiblər ki, müti olun, aciz olun, yaltaqlanın!

- Yaxşı, yaxşı...özünü xataya salma, əllərini yu, gəl otur, bir-iki tikə çörək ye.

Mən ayağa qalxan kimi qapı döyüldü.

Təzə qonşularımız tanış olmağa gəlmişdilər. Bir qadın və oğlan uşağı içəri daxil oldu.

Biz onları mehribanlıqla qarşılayıb içəri otağa dəvət etdik.

Qara geyimli qadın oğlunun qolundan çəkərək divanda oturdu. Anam və mən təəssüf hissi ilə oğlana baxdıq. O, anadangəlmə kor idi.

Mən bundan istifadə edib diqqətlə ona, onun iri yaşıl gözlərinə baxırdım.

Başı bədəninə görə bir az böyük idi. Sıx qara saçlarından bir hissə ayrılıb alnına tökülmüşdü.

Bu da onun nurlu üzünü daha da gözəl göstərirdi. O, heç nə dinib danışmadı.

Yalnız bircə dəfə başını qaldırıb mənə tərəf baxdı və mən qeyri-iradi olaraq, gözlərimi ondan çəkdim.

Necə səssiz gəlmişdisə, eləcə də çıxıb getdi, daha doğrusu anası gətirmişdi, anası da apardı.

Onunla ilk görüşümüz məndə dərin bir iz buraxdı.

Onlar gedəndən sonra bir müddət dinib danışmadım. Biz sonradan onunla möhkəm dost olduq.

Azərbaycanlı olduğuna baxmayaraq, onun adı Ernest idi. Bu adı ona anası vermişdi, çünki ən çox sevdiyi yazıçı Ernest Heminquyey idi.

O, məndən başqa heç kəslə danışmazdı.

İnsanlarla yalnız zəruri olduğu halda bir-iki kəlmə kəsərdi. Anası demiş, daşdan səs çıxardı; Ernestdən yox. Amma mənimlə saatlarca söhbət edərdi və mən onun bu danışığından, söhbətlərindən zövq alardım.

O qədər səlis, o qədər fikrini aydın ifadə edirdi ki, mən həmişə ona heyran qalırdım.

Hiss edirdim ki, onun anası mənə həsəd aparır, çünki oğlu onunla danışmadığı halda mənimlə söhbətləşərdi. Ernestin anası çox mehriban və səmimi qadın idi.

Həmişə hər nə barədə söhbət edirdisə etsin, mütləq söhbətin axırını oğluyla bağlayardı. “Ernest olsaydı, bu işi çoxdan həll etmişdi”, “Ernest olsaydı, mütləq ona kömək edərdi”, “Ernest heç vaxt belə hərəkət etməzdi” və s. bu kimi cümlələrlə danışığını bitirərdi.

O, yeganə oğlu Ernestə çox bağlı idi. Ernest onun çox sevdiyi və Qarabağ müharibəsində itirdiyi ərinin yadigarı idi. Dediyinə görə, oğlan atasına çox oxşayırdı, xüsusilə də baxışı.

Söz düşəndə deyirdi: “Mənə baxanda elə bilirəm ki, rəhmətlik atasıdır.”

Qadın həmişə ərindən danışanda gözləri yaşarardı, amma bu gözlərdən yaş axmazdı.

Elə sulu gözlərlə gülümsünüb söhbəti dəyişərdi. Mənim ona yazığım gəlirdi.

Birincisi, o, belə cavan yaşında dul qalmışdı, ikincisi isə Ernestin ona soyuq münasibəti idi.

Buna görə Ernestə çox acığım tutsa da, onu sonradan anladım. Bunu mənə Ernest yox, anam söylədi.

Ernestin əmisi onlara tez-tez gələrdi. Bu gəlişlərdən Ernestin heç xoşu gəlməzdi. Bir gün əmisi onlara gələndə anam da orda imiş.

Hiss eləyib ki, bu kişi ilə Ernestin anası arasında nə isə əlaqə var. Əlbəttə ki, mən anamın sözlərinə çox əhəmiyyət verməsəm də, sonradan öz müşahidələrimin nəticəsi bunu təsdiqlədi.

Bunu biləndən sonra Ernestə daha çox yazığım gəldi və onunla daha mehriban davranmağa çalışırdım. Anası barəsində danışmaq istəməsə də, mən onu başa salmağa çalışırdım ki, onun da anası qadındır və bu qədər müddət dul qala bilməz.

Lakin o, bununla razılaşmırdı, birincisi, Ernestə görə, onun atası sağ idi (çünki atasının meyidi yox idi və Ernest həmişə onun qayıdacağını gözləyirdi), ikincisi isə əmisinin evli olması idi. Əbəttə ki, mən bilirdim ki, əsas səbəb bunlar deyildi.

Əsas səbəb onun anasına olan sevgisi və onu heç kəslə paylaşmaq istəməməsi idi.

Ümumiyyətlə, Ernest çox həssas və kövrək idi. Mən onunla qiymətli şüşə qab kimi davranırdım. Sanki onu sındıracağımdan, yerə salacağımdan qorxurdum.

Amma Ernest heç vaxt öz vəziyyətdən şikayət etməzdi. Mənə öz hisslərindən, insanların ona olan münasibətlərindən, iztirablarından danışardı. Onun fikrincə, bütün insanlar naşükür idi.

Mənə deyərdi ki, heç olmasa mənə bax və şükür elə. O, mənim yeganə dostum idi.

Lakin bir gün Ernest mənim həyatıma necə birdən gəlmişdisə, eləcə də çıxıb getdi.

Mən həmin günü xatırlayanda, ürəyim sızıldayır.
O gün Ernest çox qəribə görünürdü. Mənə tərəf əyilərək, “Sahilə getmək istəyirəm”-dedi.

Biz dəniz sahilinə gəldik. O, uzun müddət dayanıb dənizə baxırdı. Mən isə kənarda durub Ernesti izləyirdim. Bu gün o, yolboyu kəlmə də kəsməmişdi.

Dərindən nəfəs alaraq, dənizin havasını ciyərlərinə çəkdi.

Əllərini havada yelləyərək, sanki nəyisə, kimisə tutmağa çalışırdı.

Birdən o, dəli kimi qışqırmağa, gülməyə başladı. Əyilib torpağı öpdü.

Onun bu hərəkətləri mənə çox qəribə görünürdü və mən heç nə anlamayıb, matdım-matdım ona baxırdım.

Nəhayət, Ernest əsasını ataraq mənə tərəf döndü. Heç vaxt unutmayacağım qeyri-adi səslə dedi:

- Mən görürəm! Mən dənizi, torpağı, səmanı, günəşi görürəm! Tanrı məni eşitdi. Sən də sağ ol, əziz dostum.

Elə bil hansısa bir sehrli qüvvə məni ovsunlamışdı.

Onun dəniz sahili ilə qaçmağı, tullanmağı məni ayıltdı və mən bunların reallıqda baş verdiyini dərk etdim.

Əlimə düşən su damcılarından bildim ki, sən demə ağlayırmışam.

Onu qucaqlamağa çalışdım, o isə məni kənara itələyərək, əllərini göyə tərəf açdı.

Diz çökərək, Allaha şükür etdi.
Mən o müdhiş dəqiqələri unuda bilmirəm.

Elə bir gün, elə bir saaat olmur ki, mən bu hadisəni xatırlamayım.

Ernest ətrafa yenidən acgözlüklə nəzər saldı, alnını torpağa qoydu.

O, bir neçə dəqiqə həmin vəziyyətdə qaldı. Mən əyilib onu qaldırmağa çalışdım.

Lakin həmin an mən dəhşətlə kənara çəkildim. O nəfəs almırdı, o yaşamırdı, o getmişdi!

Özü də həmişəlik. Ernest, mənim əziz dostum yox idi bu dünyada və heç vaxtda olmayacaqdı.

Mən həqiqəti görə-görə ona inana bilmirdim.

Əyilib Ernestin üzündən öpdüm, əlimi onun gözlərinə çəkdim. Allah onu yanına çağırmışdı.

Mən başımı qaldırıb səmaya baxdım. Səma həmişəkindən aydın, işıqlı və nurlu idi, eyniylə Ernestin üzü kimi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG