Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:39

Vaşinqton Qahirəyə: “Döyməyi, tutmağı dayandır”


Nümayişçilər parlamentin qabağında gecələyirlər

Nümayişçilər parlamentin qabağında gecələyirlər



Amerika Misiri yubanmadan fövqəladə vəziyyət qanunlarını aradan qaldırmağa çağırıb.
On illərlə qüvvədə olan bu qanunlar təhlükəsizlik qüvvələrinə qeyri-məhdud səlahiyyətlər verir.

Amerikanın bu çağırışını vitse-prezident Joe Biden Misirin vitse-prezidenti Ömər Süleymanla telefon danışığında edib.
Biden Süleymana deyib ki, “polis nümayişçiləri döyməyi və jurnalistləri tutmağı dayandırmalıdır”.
Biden Misir hakimiyyətini müxalifətlə “geniş dialoqa” çağırıb.

BMT-nin Baş Katibi Ban Ki-moon isə həm Misir hakimiyyətinə, həm də xalqına müraciət edib ki, “qanun və sülh çərçivəsində keçid nə qədər tez olsa, bir o qədər yaxşıdır”.

SÜLEYMAN XƏBƏRDARLIQ EDİR

Keçən gecə vitse-prezident Süleyman dövlət və müstəqil qəzetlərin redaktorları ilə də görüşüb.
Süleyman Mübarəkin getməsi tələbini rədd edib və deyib: “Böhrana tez son qoyulmalıdır. Misir hakimiyyəti indiki böhranı dialoqla həll etmək istəyir.
Biz cəmiyyətlə polis vasitələri ilə davranmaq istəmirik”.

Onun daha sonra dedikləri xəbərdarlıq kimi səslənib: “Dialoq uğurlu olmasa, onun alternativi olan çevriliş olacaq. Bu da hesablana bilməyən addımlar və çoxsaylı irrasionallıq deməkdir”.

Süleymanın redaktorlarla görüşdə dediklərini Təhrir meydanına toplaşan qruplar müəyyən narahatlıqla qarşılayırlar. Onların fikrincə, hakimiyyət fəlakətli senari hazırlayır.

“QƏHRƏMAN AZADLIQ YOLUNDA ÖLƏNLƏRDİR”

“Çevriliş senarisinin” Təhrir meydanında prezident Mübarəkin istefası tələbli nümayişlərə hələlik təsiri yoxdur. Çərşənbə axşamı nümayişdə iştirak edənlərin sayı 250 min nəfərə çatırdı.
Yanvarın 25-dən - nümayişlər başlayandan bəri ilk dəfə idi ki, nümayişçilər parlament binasının qabağına da yürüş edirdilər.
Təxminən 1000 nəfərdən ibarət dəstə təhlükəsizlik qüvvələrini yarıb, parlament binasına çata bildi.
Nümayişçilər “qanunsuz, qanunsuz” şüarları ilə parlamentin buraxılmasını tələb edirdilər.

Dünənki nümayişdə polis təxminən 5 min nəfərdən ibarət dəstəni əvvəlcə dövrəyə alıb, nümayişçilərin əsas dəstəsinə yaxın burxamırdı. Ancaq sonradan onlar etirazçılara qoşula biləndə məlum oldu ki, bunlar universitet professorları, müəllimlərdir.

Birinci etirazların təşkilində iştirak edən və Google şirkətinin yerli rəhbərlərindən olan 30 yaşlı Vael Gonimin azadlığa buraxılması və Təhrir meydanına gəlməsi də nümayişçilər arasında böyük ruh yüksəkliyi ilə qarşılandı.

Gonim deyib: “Mən qəhrəman deyiləm, qəhrəman azadlıq yolunda ölənlərdir”.
“İndi fərdlərin, partiyaların, hərəkatların vaxtı deyil. İndi hamımızın vaxtıdır. Hamımız bircə söz deməliyik: “Misir hər şeydən yuxarıdır”. “Misir hər şeydən yuxarıdır”.

“SƏN GETMƏSƏN, BİZ GETMƏYƏCƏYİK”

Meydanda gecələyən bir neçə yüz nəfəri çıxmaqla, gecə hamı dağılıb, evinə gedir, səhər tezdən yenidən meydana qayıdırlar.

Meydanda gecələyənlərdən biri Məhəmməd Zoqbi deyir ki, tələb olduğu kimi qalır:
“Mən istəyirəm ki, Hüsni Mübarək bizi rahat buraxsın, bizi tərk etsin. Biz özümüzə lider seçə bilək. Biz azadlıq istəyirik. Bura yığışanların hamısı azadlıq istəyir. Bura azadlıq torpağıdır”.

Mübarəkin yeni hökumət yaratması, yeni hökumətin müxalifəti dəvət etməsi nümayişçiləri qane etmir.
Onlar prezidentin istefasına qədər nümayişlərini davam etdirəcəklərini deyirlər.
“Sən getməsən, biz getməyəcəyik”.

Yeni nümayişlərin bir əlamətdar cəhəti də odur ki, əvvəlki nümayişlər vaxtı dükanlar, banklar işləmirdi, yollar bağlı idi.

İndi Qahirə normal həyat tərzinə qayıdıb, nümayişçilər isə göstərdilər ki, paytaxtın normal həyatını pozmadan yüz minlərlə insanın nümayişini keçirmək olar.
XS
SM
MD
LG