Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:18

«Torqovı»da mülk davası


Aslan İsmayılov və Ceyhun Mustafayev
Aslan İsmayılov və Ceyhun Mustafayev
Fevralın 2-də Nizami küçəsindəki 46 saylı evdə ara qarışıb məzhəb itmişdi. Həmin ünvana Səbail rayon İcraçılar Şöbəsinin məmurları mülkün boşaldılması üçün məhkəmə qərarını icra etməyə gəlmişdilər. İcra məmuru Ceyhun Mustafayev dedi ki, hərəkətlərində heç bir qanunsuzluq yoxdur, onlar vəzifələrini yerinə yetirirlər və onlara verilmiş icra vərəqəsi əsasında məhkəmə qərarını icra etməyə gəliblər.

«ALDADA-ALDADA GƏTİRİB BU GÜNƏ ÇIXARTDI»

Ev sahibi Rüfət Dadayevlə keçmiş həyat yoldaşı Lyubov Novikova isə mülkdən çıxarılmalarına dair məhkəmə qərarlarını ədalətsiz hesab etdiklərindən ünvandan çıxmamaqda israrlı idilər:

«10 il bundan əvvəl mülki məndən almaq istəyirdi, bu gün-sabaha saxlayırdı, yalandan deyirdi orda ev verəcəyəm, burda ev verəcəyəm, aldada-aldada gətirib bu günə çıxartdı. Məhkəmə qərarı icra olunmayacaq, çünki məhkəmə qərar düzgün çıxarılmayıb».

Rüfət Dadayevin vəkili Aslan İsmayılov deyir ki, Rüfət Dadayev sahəsi 960 kv. m., içərisində 4 mərtəbəli yarımtikilisi də olan mülkünü 2001-ci ildə Rauf Faiq oğlu Kərimova satmaq barədə razılığa gəliblər. Satılacaq əmlakın qiyməti 425 min dollar müəyyənləşdirilib, razılığa gəlinib ki, Rauf Kərimov həmin məbləğin 225 min dollarını nağd pulla, 200 min dollarını isə özünə məxsus mülkü və avtomobili Dadayevə verməklə ödəsin. 2002-ci ildə Rauf Kərimov Rüfət Dadayevə 195 min dollar ödəyib, borcunun ödənilməsi üçün üzərinə götürdüyü digər öhdəlikləri də yaxın vaxtlarda yerinə yetirəcəyinə söz verib. Rüfət Dadayev deyir ki, bundan sonra Rauf Kərimov atlı olub, o piyada. Rauf Kərimov müqavilənin şərtlərinə əməl etmədiyindən bir müddət sonra Rüfət Dadayev qərara alıb ki, pulları geri qaytarsın və əmlakını ona satmasın. Ancaq Rauf Kərimov əmlakın Rüfət Dadayevdən alınaraq ona verilməsi iddiası ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib, yuxarı instansiya məhkəmələri də qətnaməni qüvvədə saxlayıb. Aslan İsmayılov deyir ki, məhkəmə qərarları sifarişlidir, Rüfət Dadayevin öz əmlakından əl çəkməsi üçün hətta ona qarşı bir neçə dəfə qondarma cinayət işləri də açılıb:

«MÜLKÜMƏ 10 İL ƏVVƏLKİ QİYMƏT QOYULUB»

«Mülkü əlindən almaq üçün barəsində bir neçə dəfə cinayət işi qaldırılıb. Bir dəfə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub. O idarə görəndə ki bu, qanunsuz işdir, cinayət işi başlamağı boynuna götürməyib, işi göndərib Səbail rayon polisinə. Bundan sonra oğlunu sərhəddə saxlayıblar. Daha sonra Rüfət Dadayevin öz evində Elşən adlı bir nəfəri döyüb. O adam indi də buralarda idi, icraçılarla gəlmişdi. Rüfət Dadayev haqqında indi məhkəməyə xuliqanlıq maddəsi ilə iş göndərilib.

2001-ci ildə əmlakımın dəyəri 425 min dollar idisə, indi 5 milyon manatdır
Rüfət Dadayevsə deyir ki, 2001-ci ildə əmlakımın dəyəri 425 min dollar idisə, indi 5 milyon manatdır. Rauf Kərimovsa 2011-ci ildə əmlaka 2001-ci ildə razılaşdırılmış qiymətlə sahib çıxmaq istəyir. Əmlak «Fəvvarələr meydanı»nın ətrafında, şəhərin ən mərkəz nöqtəsində yerləşdiyindən indi o əmlakını köhnə qiymətlə vermək fikrində deyil.

Mübahisəli ünvana icra məmurları ilə birlikdə Rauf Kərimovun nümayəndəsi Günel Sevdimalıyeva da gəlmişdi. O, dedi ki, mülk məhkəmələrdə mübahisələndirilib və qərarlar da çıxarılıb. İndi qalıb qərarın icrası ki, Rüfət Dadayevin mülkdən çıxarılmasından başqa yol yoxdur:

«MÜLKƏ GÖRƏ KÜLLİ MİQDARDA PUL ÖDƏNİLİB»

«Qüvvədə olan məhkəmə aktlarına əsasən, bu mülk üçün Rüfət Dadayevə külli miqdarda pul ödənilib. Bunu Rüfət Dadayev özü də məhkəmədə təsdiqləyib. Ali Məhkəmə də aşağı məhkəmələrin qərarlarını qüvvədə saxlayıb. Dadayevlə arvadı notarius qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsindən yayındıqları üçün məcburi icra hərəkəti təyin olundu.

Beləliklə, Rüfət Dadayev deyir ki, Rauf Kərimov ona əmlak üçün rəsmi vəd etdiyi pulun hamısını ödəməyib, yalnız 195 min dollarını ödəyib. Rauf Kərimovun nümayəndəsi Günel Sevdimalıyeva isə deyir ki, pulun tam Rüfət Dadayevə ödənilməsini sübut edən qəbzlər var. Rüfət Dadayevsə həmin qəbzlərin saxta olduğunu söyləyir.

MƏHKƏMƏ QƏRARI İCRA OLUNDU


Hüquqşünas Xalid Bağırov deyir ki, Rüfət Dadayev ötən illər ərzində məhkəmələrdə iddia qaldıra bilərdi ki, ya mülkün qalan pulu ödənilsin, ya da Rauf Kərimovun pulu özünə qaytarılsın və mülklə bağlı aralarındakı bütün müqavilələr ləğv olunsun. İndi gecdir. Xalid Bağırov:

«Müqavilənin vaxtında icra edilməməsi məsələsi var ki, vaxtında icra edilməmə mülki məsuliyyət yaradır. Ancaq barəsində danışdığınız mülki məsələ məhkəmələrdə mübahisələndirilibsə, məhkəmə öz mövqeyini qərarları ilə veribsə, həmin qərarlar məcburi qüvvəyə malikdir, heç kəs onları mübahisələndirə bilməz, o qərarlar sözsüz icra olunmalıdır».

İcra məmurları gün ərzində məhkəmə qərarını icra etməyə dəfələrlə cəhd göstərsələr də, Rüfət Dadayevin səhhətində problemlər yarandığından və təcili yardım çağırıldığından icranı dayandırmalı oldular. Fevralın 3-də icraçılar həmin ünvana yenə gəldilər. Ancaq məhkəmə qərarı bu dəfə də icra olunmadı. Səbəbsə bu oldu ki, Səbail rayon Məhkəməsi Rüfət Dadayevin səhhəti ilə əlaqədar olaraq məhkəmə qərarının icrasını müvəqqəti dayandırıb.

Vəkil Aslan İsmayılovun AzadlıqRadiosuna bildirməsinə görə, fevralın 7-də icra məmurları məhkəmə qərarını icra ediblər. Rüfət Dadayev və keçmiş həyat yoldaşı Lyubov Novikova evdən çıxarılıb, əmlak Rauf Kərimova verilib.
XS
SM
MD
LG