Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:44

Masallıdakı partlayışa nə səbəb olub?


Binanın xarici qüvvələr tərəfindən partladılması haqda söz-söhbət dolaşsa da, FHN-nın yerli təmsilçiləri bu versiyanı istisna edir

Binanın xarici qüvvələr tərəfindən partladılması haqda söz-söhbət dolaşsa da, FHN-nın yerli təmsilçiləri bu versiyanı istisna edir

Fevralın 7-də Masallı Telekommunikasiya Qovşağında baş verən qəza nəticəsində 4 mərtəbəli binanın bir tərəfi yuxarıdan aşağı bütünlüklə dağılıb. Binanın 2-ci mərtəbəsində dağıntı daha çox olub, tavan dağılaraq 1-ci mərtəbəyə tökülüb. Qəza nəticəsində qovşağın 2 işçisi ölüb, 3-ü xəsarət alıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər. Rabitə və İnformasiya texnologiyaları naziri ilə Fövqəladə Hallar nazirinin müavini hadisə yerində olublar.

«TİKİNTİ NORMATİVLƏRİ POZULUB»

AzadlıqRadiosunun bölgə müxbiri xəbər verir ki, kənd və qəsəbə ATS-lərinin bir çoxu işləsə də, internetə çıxış kəsilib. Həmçinin, rayonun qaz təminatı 20 saata yaxın – fevralın 7-si saat 14-dən 8-i səhər saat 10-dək dayandırılıb. Elektrik enerjisi şəhərə və kəndlərə fasilələrlə verilir.

Hadisənin başvermə səbəbi barədə rəsmi məlumatda isə deyilir ki, partlayış texnogen səbəbdən baş verə bilər.

Rayonda binanın xarici qüvvələr tərəfindən partladılması haqda söz-söhbət dolaşsa da, FHN-nın yerli təmsilçiləri bu versiyanı istisna edir.

Masallıdan AzadlıqRadiosunun əməkdaşı Müstəcab Məmmədov:

«Rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nuriyev bu işdə xarici qüvvələrin iştirakını istisna edir. Deyir, ehtimal var ki, binanın inşasında tikinti normativləri pozulub. Yəqin ki, qəza da bu səbəbdən baş verib. Amma yekun sözü istintaq orqanları deyəcək».

«HAMI PARTLAYIŞ BAŞ VERDİYİNİ DEDİ»

Müstəcab Məmmədov Masallı sakinlərinin hadisə ilə bağlı fərqli fikirdə olduqlarını bildirir:

«Masallı sakinlərindən Mətləb Dadaşi deyir ki, binada qaz xətti olmayıb. Bu partlayışa daha çox oxşayırdı. Yəqin ki, kimlərisə dövlət çevrilişində günahlandırmaq istəyirlər. Masallı rayon Boradigah kənd sakini, hadisə zamanı yaxınlıqda olmuş Rafiq Məmmədov da partlayış baş verdiyini söyləyir:
«Bina çöksəydi, bu qədər səs-küy qopartmazdı. Səs gələn kimi hamı haradasa partlayış baş verdiyini dedi»».

Masallı Mərkəzi Xəstəxanasının baş həkim müavini Asif Əliyev AzadlıqRadiosuna bildirib ki, xəstəxanaya fevralın 7-də binanın uçulması ilə bağlı 3 nəfər yaralı daxil olub. Onlardan 2-si artıq evə buraxılıb. İbadət Quliyev isə orta ağır dərəcədə xəsarət alıb. O, hələ müalicə olunur.

Qəza nəticəsində ölən Asim Əliyev və Kişvər Şahverdiyeva fevralın 8-də torpağa tapşırılıblar.

«BİNA ÇÖKƏNƏ OXŞAMIR»

Masallıda çıxan «Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov isə hesab edir ki, kimin nə deməsindən asılı olmayaraq, bina özbaşına, yaxud nasazlıqdan çökənə oxşamır:

«Əvvəl dedilər binada çökmə olub. Amma bu, düz deyil. Çünki binanın üstü çökməyib. Çökmə olsaydı binanın bir tərəfi əyilərdi. Heç kim dəqiq bir söz demir. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov çıxış edib dedi ki, texnogen proses ola bilər. Ancaq bunların hamısı ehtimaldır. Hərə bir söz deyir. Bəziləri deyir ki, 10 gün əvvəl ABŞ Azərbaycanda terror təhlükəsi gözləndiyini bildirmişdi, yəqin elə o terrorun biri budur. Dəqiq heç bir məlumat yoxdur. Ağlabatan versiya da yoxdur. Yəni 4 mərtəbə balon qazından o cür partlaya bilməz. Binada da başqa qaz, elektrik olmayıb. Halbuki, ikinci mərtəbə tamam tökülüb. Bina çökübsə, onda yuxarı mərtəbənin şüşələri niyə sınıb tökülüb?».

Zahir Əmənov deyir ki, bütün bu suallara hələ ki, qaneedici bir cavab verən yoxdur.

Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin (142.2) ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Şərhləri göstər

XS
SM
MD
LG