Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:22
ABŞ diplomatlarının Rusiyanı «mafiya dövləti» adlandıran teleqramlarından sonra Londonda çıxan «Guardian» qəzetinin müxbiri bu ölkədən çıxarılıb.

Rusiya rəsmiləri bu hərəkətin izahını verməyiblər. Sovet dövründə rəsmilər hərdənbir Qərb jurnalistlərini ölkədən deportasiya edirdilər. Amma post-sovet dövründə belə təsadüf qeyri-adi haldır.

«Guardian»ın müxbiri Lyuk Hardinq (Luke Harding) iki ay qəzetin mərkəzi ofisində işləyəndən sonra fevralın 5-də Moskvaya gəlib. Onun jurnalist vizası olub və Rusiya Xarici İşlər Nazirliyində akkreditasiyadan keçibmiş.

«RUSİYA SƏNİN ÜÇÜN BAĞLIDIR»

Amma cənab Hardinq aeroporta çatanda, sərhəd təhlükəsizlik əməkdaşı ona deyib ki, onun vizası ləğv olunub.

Bu barədə «Guardian» yazır. Lyuk Hardinq 45 dəqiqə saxlama kamerasında qalandan sonra növbəti reyslə Londona geri göndərilib. Ona deyilib ki, «Rusiya sənin üçün bağlıdır».

Rusiyada sərhəd xidmətinə sovet dövründəki KQB-nin varisi Federal Təhlükəsizlik Xidməti nəzarət edir.

«Guardian» qəzetinin redaktoru Alan Rasbricer (Alan Rusbridger) bu vəziyyətdən narahat olduqlarını deyir:

«Bu, mətbuat azadlığını açıq-aşkar pozmaqdır. Rusiya bəyənmədiyi jurnalistə təpik vurur».

BRİTANİYALI JURNALİST «BURNUNU HƏR YERƏ SOXURMUŞ»


Xarici İşlər naziri bu qərarı şərh etmir. Britaniyanın Xarici İşlər naziri Uilyam Heyq (William Hague) fevralın 7-də rusiyalı həmkarı Sergey Lavrovdan nə baş verdiyini öyrənməyə çalışıb. Lavrov qərarı şərh etməyib, amma söz verib ki, səbəbləri araşdıracaq.

Uilyam Heyq və Sergey Lavrov
Bir ehtimal da var ki, Lyuk Hardinqin işindən narazılıq hələ o, «WikiLeaks» haqqında yazmamışdan əvvəl yaranıb.

Ötən ilin noyabrında nazirlik ona deyib ki, onun jurnalist vizası yenilənməyə bilər, çünki o, icazəsiz Şimali Qafqaza səyahət edib. Bu isə o deməkdir ki, Hardinq ölkəni tərk edə bilər.

Hardinq 2010-cu ilin aprelində Qafqaza səfəri zamanı İnquşetiyada qısa müddətə saxlanılıb. May ayında Dağıstana gedib, Moskvada metro partlayışında iştirak edən Məryəm Şərifovanın atasından müsahibə alıb.

Nazirliyin viza ilə bağlı qərarından Hardinq apelyasiya verib və yeni viza ala bilib. Viza mayın 31-nə kimi etibarlıdır.

Ondan bəri nəyin dəyişdiyi aydın deyil. Nazirlik vizanı ləğv edəndə, adətən bu barədə əvvəlcədən xəbərdarlıq edir. Amma Hardinqə xəbərdarlıq olunmayıb.

MÜXBİR «WIKILEAKS»İN ODUNA YANIB?


42 yaşlı Lyuk Hardinq «WikiLeaks» sənədlərini - ABŞ diplomatlarının teleqramlarını saf-çürük edən jurnalistlərdən biridir.

Həmin teleqramlarda Rusiya «Vladimir Putinin rəhbərliyi altında korrupsioner, avtoritar, mafiya ölkəsi» kimi təsvir edilib.

Ötən ilin dekabrında «Guardian» qəzetində Hardinqin bu barədə yazısı çıxıb.

Lyuk Hardinq deyir ki, o, Rusiyanı bu cür tərk etməsindən kədərlənir:

«Bununla belə, düşünmürəm ki, jurnalist özünə senzura tətbiq edə bilər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG