Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:24













OXUDURAM, ƏL ÇƏKİN!

M.Ə.Sabirin “Oxutmuram, əl çəkin” şeirinə bənzətmə

Oğul mənimdir əgər, oxuduram, əl çəkin!
Olacağıq bəxtəvər, oxuduram, əl çəkin!

Nə olsun ki, oğlumun avazı yox, səsi yox,
Olacaqdır müğənni, buna heç şübhəsi yox!
Sevinirəm, oğlumun başqa bir həvəsi yox.
Zəhmətim getməz hədər, oxuduram, əl çəkin!
Olacağıq bəxtəvər, oxuduram, əl çəkin!

*****

Çox düşünüb, anladım bu işin faydasını,
Öyrətdilər müğənni olmağın qaydasını:
Böyük mənfəət üçün sərf edib xırdasını,
Sonda görmərəm zərər, oxuduram, əl çəkin!
Olacağıq bəxtəvər, oxuduram, əl çəkin!

*****

Nə yaxşı ki, oğlumun azca “vid-fasonu” var.
Cibində fonoqramı, əldə mikrafonu var.
Oxumağa yetməyən elə bir səs tonu var,
Dalaşmağa ki yetər, oxuduram, əl çəkin!
Olacağıq bəxtəvər, oxuduram, əl çəkin!

*****

Şou-biznesə girdimi, dərd-sərimiz bitəcək.
Ulduzlarla dilləşib, bülbül kimi ötəcək.
Yetməyənə daş atıb, yetənə də yetəcək,
Qoymayacaq bir nəfər, oxuduram, əl çəkin!
Olacağıq bəxtəvər, oxuduram, əl çəkin!

*****

Gərəkdir ki, oğluma öncə klip çəkdirəm,
Sonra bir məclis qurub, müxbirləri tökdürəm.
Arzum var ki, yaxında bir villa da tikdirəm
Səbr eləyin bir qədər, oxuduram, əl çəkin!
Olacağıq bəxtəvər, oxuduram, əl çəkin!

*****

Bir adam da tutmuşam, prodüserdir adı.
Deyir ki, pul yaradır ən böyük istedadı.
Oğlumun da onun tək olarsa etiqadı,
Ulduz olar, müxtəsər, oxuduram, əl çəkin!
Olacağıq bəxtəvər, oxuduram, əl çəkin!

*****

Lazımdır ki, oğluma cangüdən də tutum mən.
Qoy, onunla dolaşsın, hər məkanda cangüdən
Qorusun o, oğlumu hətta yeldən, küləkdən.
Axı çoxdur bədnəzər, oxuduram, əl çəkin!
Olacağıq bəxtəvər, oxuduram, əl çəkin!

*****

Deməyin ki, oğlumun sənəti olmayacaq,
Gələcəkdə heç zaman hörməti olmayacaq,
Toy ilə ölçülməyən qiyməti olmayacaq.
Bunu bilmirəm məgər? Oxuduram, əl çəkin!
Olacağıq bəxtəvər, oxuduram, əl çəkin!

2007


QARA QANADLI AĞ MƏLƏK

Ağ mələyi görmədin üzərindən ötüb keçəndə,
Qara qanadlarının hənirini duydun.
Ulduzları birdən sönən zülmət gecəndə,
Qara bulud idi O;
Şamlarını söndürdüyün ad günü tortunda,
Nəfəs idi, sükut idi O;
Bir də, sönən iki gözdə,
Ölüm idi, ən sonuncu ümid idi O…

11 Noyabr, 2010


QIZDIRMALI GÜNLƏR


Aylardır, içimə toplaşmış soyuq
Bu gün qızdırmaya çevrilib.
Özüm-özümü yandırır-yaxıram.
Hərarətölçənin civə dolu xəttinə baxıram:
Otuz doqquz üstü iki…
Yox, qorxulu deyil,
Axı bu nədir ki?
Adi suyu belə qaynada bilməz.
O zaman qanım niyə qaynayır bəs?

*********

Hərarət dolu günlərin dördüncüsü…
Buxara çevrilir hisslərimin çoxu.
Uçurlar, çıxırlar bədənimdən.
Buxarlandı həyata qarşı olan bütün umu-küsü,
Tərk etdi məni mübarizə, iradə, nifrət, qorxu…
Bir az əvvəl hətta
uçub getdi İlham Pərim.
İndi ona görə belə mənasız alınır şeirim.
Ruhumun belə tərk etməyə hazır olduğu
içimdə bir şey ilişib – Sevgi!
Onu necə qovum?
Hərarət – otuz doqquz üstü iki…
Çox azdır!
Axı bu nədir ki?

13-16 aprel


BƏYAZ ÖLÜM


Bakıya qar yağır…
Kaş ki, bu qar gün-gündən azalan,
Azaldıqca qaralan
Qanımı da ağartsın.
Daha gözümün önündə də
Qara azalsın, ağ artsın.
Ola bilsin ki, elə bu günlərdə haqqımda “öldü” desinlər.
Necə gözəl olar,
Səbəb soruşanlara “ağ qanı çoxaldı” və bir də
“Gözünə ağ gəldi” desinlər.

26 yanvar, 2010


KAŞ Kİ

Elin dar günündə , çətin günündə
Dədəm Qorqud bizlə olaydı, kaş ki.
Ərləri döyüşə ruhlandıraydı,
Bir zəfər şərqisi çalaydı, kaş ki.

****

Türk türkdən uzaqdır, yolları düyün.
Dəli Domrula var ehtiyac bu gün.
Böyük Turan elin birləşdirməkçün
Qardaşlıq körpüsü salaydı, kaş ki.

****

Salur Qazan, Uruz, Əgrək, Səgrəklə,
Bayandır xan, Basat, İmran, Yeynəklə,
Qaraca Çobanla, Bamsı Beyrəklə
Savaş meydanımız dolaydı, kaş ki.

****

Bugünki yağımız gözüqan olmuş.
Təpəgöz, yanında bir yalan olmuş.
Ey Tanrı, gör, necə bir zaman olmuş,
Deyilir, Təpəgöz qalaydı, kaş ki.

****

Bir gələydi bizim də xoş çağımız,
Azad ola “qarşı yatan dağımız”.
Göyərəydi viran, “qara bağımız”,
Yağının bağçası solaydı, kaş ki.

****

Banuçiçək-Beyrək sevgisi sonsuz,
Qanturalı üçün Selcan bir ulduz.
Deyirəm, bu gün də hər oğru, hırsız
Yalnız sevib, ürək çalaydı, kaş ki.

****

Türkün adı, qoy, dolaşsın cahanda,
Aləmə səs salsın Azərbaycan da.
Şəbnəm arzusunu gəzir dastanda,
Nə ola, gerçəkdə bulaydı, kaş ki.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG