Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:26














MƏNİ GÖZ YAŞIMLA YUYUB BASDIRIN


Cahil əhli, çəkin məni çarmıxa,
Dərimi soğan tək, soyub basdırın.
Məhşər günü şahid durmayım deyə,
Kor edin gözümü oyub basdırın.

Çox alında min xəcalət təri var,
Ölü ömrü sürən saysız diri var,
Bədənimdə bir ömürün kiri var,
Məni göz yaşımla yuyub basdırın.

Məzarım üstündə gül-çiçək əkin,
Baş daşıma şəklimi başayaq çəkin,
Kəfənimi bir ağ kağızdan tikin,
Tabutuma qələm qoyub basdırın.


ƏSİR DÜŞÜB ÜRƏK SƏNƏ


Çox gözəllər küsdü məndən,
Mən deyəndə mələk sənə.
Sevgi verdim götürmədin,
Dərd verəydim gərək sənə.

Ürəyimdə qalacaqsan,
Orda məskən salacaqsan,
Bilsəydim ki, solacaqsan,
Mən deməzdim çiçək sənə.

Sevgi əyib şux qəddini,
Bilməz olub öz həddini,
Keçib eşqin sərhəddini,
Əsir düşüb ürək sənə.


GECƏ QƏLƏM ƏLİNDƏYƏM

Qəlbimdə ildırım çaxır,
Buludların selindəyəm.
Aldatmasın təqvim sizi,
Mənən adam ilindəyəm.

Ömrümün hər qarışında,
Ağıl, ürək savaşında,
Səhərlər söz yarışında,
Gecə qələm əlindəyəm.

Bir kitabdır saf ürəyim,
Şeirlərim gələcəyim,
Tərcüməyə yox gərəyim,
Doğma ana dilindəyəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG