Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:14

AYİŞƏ. Həllac Mənsur












QÜDRƏTİN TƏCƏLLİSİ


Qüdrətin hüsnümdə təcəlli edərkən
Nurunun yoxsulluğu utanar ərdəmindən.
Min bəla bir zərrədən çəkinər,
Hökmünə gül yağar
Gül axar
Suların şümşad boyunca.

Qüdrətin hüsnümdə təcəlli edərkən
varlığım can olar
can qılar
qalar
səcdənin ortasında zikrin hərfinə çöküb
çəkib
içindən mayasını nurun
surun
üfürməsinə meydan oxuyar
qoxuyar
cənnət qoxusu sinər nəfəsimə
səsimə
qarışar cənnət küləyinin həzinliyi.

Qüdrətin hüsnümdə təcəlli edərkən
Erkən
sərzənişi bərq vurar dan üzünün
düzümünün
qıymam pozulsun ahəngi əbədiliyin
Qüdrətin təcəlli edərkən hüsnümdə.

Bazar ertəsi, 22 Fevral 2010


HƏLLAC MƏNSUR

1

Uzun sözləri qısaldıb gül ləçəyinə bükürəm,
Yaraşdırıram ətimlə dırnağımın arasına.
Nəfsini yolda yatan köpək sanıb
Güldü.

Günəşin son şəfəqi son zərrəsi içində
Mənsur təcəllası bərq vurur.
Uçum uçum uçunur hicrətin önündə
Canım, nəfəsim.
Nəfəsimin içində bir büküm canam,
Gedib uzaqlara qayıdıram.
Gətirərəm nəfəsimin içində təcəllasını sirlərin,
Hikmət əhlinə yazmaram,
Qanmaram hikmətin çözümünü.
Elə uçunuram, elə uçunuram
Hikmətin sirləri qabarır ay görən dəniz kimi.

Mənsur Həllac dedilər,
Atıq-atıq oldu ruhumun ilmələri.
Həllac oldu
İt kimi uladı ruhunun önündə nəfsi
Su istədi,
Su içdi.
Toxdadı nəfsi Həllacın.
Ac qurd kimi əzdi başını nəfsinin Həllac.
Daranmamış yun kimi atıq-atıq etdi,
Atılmş çırpılmış yuna döndü.
Döndü, ağrıdı,
Ağrıdı, cızdağı çıxdı,
Əbədi atəş qovurdu, sovurdu külünü göyə,
Döyə-döyə
Başına gözünə
Rəng qatdı sözünə.

2

Ey bəni adəm, lütf eylə nəfəs dər,
Sönməsin surətin hüsnündə günün ziyası.
Məkanları aşdım da gəlib laməkan oldum.
Qurdum quru dallardan ağac oymağı,
Lütf eylə nəfəs dər, ey bəni adəm.
Silkin, üzərindən yığılan qaramatı,
Silkin, axıb tökülsün surətin dan üzü,
Dan üzü bəlirsin surətində, ey bəni adəm.
Gözəllik adına qalxıb qiyam etsin
Canlar, bəşər övladları, ey bəni adəm.
Canda usanmaz səcdələrin əbədisi
Can təlaş etməz, Mənsur darda darıxar,
Şəbi-arus artırar işıqları,
Gözləri qamaşar mələklərin.
Açılar qatları,
Çözülər dilləri,
Tükənməz sirləri.
Mənsur tutar nəfəsini darda bir an,
Bir an içində dolar nəfəsi Mənsurun.

Ey hüsnünə ziyadə afət doğan,
Ey qəlbinə atəşi məkan bilən,
Məni tərk etdi “ləntərani” Turunda.
Qorumaz zərrənin içindəki kainatı
Çözülən dillər.
Çözülən dillər təcəllasını təsdiq edir.

Həllac Rəbbim dedi,
Toxum qoydu dilinin üstündə çiçəklər.
İmtina etdi balıqlar sudan,
Ləhləyən köpəklərə sərinlik oldu Həllacın nəfəsi.
Həllac nəfəsindən küləklər yön aldı,
Qatdı qabağına azğın suları,
Sovurdu qayaları ufaldaraq.
Həllac nəfəs saldı qiyamət uzaqlaşdı,
Damarların içində qanın qarasında
Can şahə qalxıb səcdəyə qapandı.
Təndə can susur,
Can durur.
Can gəlir, can gedir
Dəyişmir növrağını sübhlə şər çağı canda.

Sübh açılır darda Həllacın üzünə,
Həllac darmadağın,
Sübh soyuğunu isidir nəfəsindəki atəşlə.
Ənginlikləri qat-qat, mərtəbə-mərtəbə
Keçirdi nəfəsinin gözündən.
Qatlar, mərtəbələr nizamla rükuya getdi Həllacın önündə.
Həllac nəfəsinin içində böyüdükcə
Alçaldı sonsuzluqların uca dağları
Əridi gözlərin önündə
Atıq-atıq oldu Tur dağı kimi,
İncəldi nur axan çaylar,
Çəkildi ayla qabaran sular.


3

Yollar səbirlə itirir izimi,
Gömgöy çöllərə düşmür kölgəm.
Çıxıram, çıxmağa Yusuf quyusu,
Düşürəm, düşməyə uçurum bol
Nəfsim atıb tutur məni əlində,
Zülmətin içində qaranlıq durulur...

**

Salxım-salxım dan yelləri əsincə,
əsincə, əsincə
Rəng verib rəng alır,
Yarılır, durulur
Nur, nur.
Hu Allahu hu Allahu
Hu hu hu

Salxım-salxım dan yelləri
Əhədimi kəsincə,
Kəsincə, kəsincə
Gözlərim yumulur,
Yumulur, yomulur
Sur, sur.
Hu Allahu hu Allahu
Hu hu hu

Salxım-salxım dan yelləri
Qıvrım-qıvrım incə-incə
Suları burar,
Telləri darar,
Zülməti yarar,
Qırar
Hu Allahu huAllahu
Hu hu hu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG