Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:03

«Azərbaycanda korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı ən ciddi tədbirlər görülməlidir».

Bunu Baş prokuror Zakir Qaralov fevralın 4-də Respublika Prokurorluğunda keçirdiyi kollegiya iclasında deyib. Qaralov bildirib ki, «Korrupsiyaya qarşı mübarizəyə prokurorluq özündən başlamalıdır ki, başqalarından belə münasibət tələb etməyə, onların korrupsioner fəaliyyətlərini araşdırmağa mənəvi haqqı olsun».

Bəs bu bəyanatdan sonra necə, adi dövlət qulluqçusu və ya yüksək vəzifəli məmurun rəsmi maaşının gücü çatmayacaq dəbdəbəli həyat tərzi, ona hazırlıq işləri dayandırılacaqmı?

«O VİLLALARIN ELƏ VİLLA KİMİ DƏ SAHİBLƏRI VAR»

Bakının Şüvəlan və Buzovna qəsəbələrində müşahidə etdiyimiz böyük villalar, eləcə də əzəməti ilə əvvəlkilərdən daha diqqətçəkən imarətlərin tikintisinin arxayıncasına davam etdirilməsi bunun əksini düşünməyə əsas verir.

Bütün bunları görə-görə yaşayan yerli əhali isə dolanışığın çətinliyindən danışır, o görünən villaların onların təbirincə, gəlmələrə-yəni hökumət adamlarına məxsus olduğunu deyir.

-Mənim villam yoxdu. Yerli camaatın deyil bu görünənlər. Gəlmələrindi.

-Bilmirsən pensiya neçədi, 85 manatdı də. Onunla ev tikmək olar?

-Dolanışıq çox çətindi. Evdən çölə çıxmaq olmur. O gördünüz villaların elə villa kimi də sahibləri var. Mənim kimi kasıblardan soruşursunuz, amma villa sahibindən soruşmağı bəlkə də bacarmazsınız.

-İrandan gəlməmisən, Amerikadan gəlməmisən. Hər şey göz qabağındadır. Aldadan aldadanın, atan atanındı. Dolanışıq da belə, iş yox, güc yox. Bu villalar da mənim kimilərinin deyil, yuxarılarındı. Kənd camaatı da yoxdu. Fərz elə ki, kənd camaatı ölüb, qəbristanda basdırhabasdırdır. O rpokurorluğun dadediyi sözdü də. Çox söz deyirlər, nə olsun?

HÜNDÜR DİVARLAR ARXASINDA...

Buzovnada dənizin kənarında nəinki adi deputatın, heç uğurlu iş adamının da gücü və imkanı yetməyəcək hündür hasarlar gözə dəyir. Əlbəttə ki, bu hasarlar prezidentin Şüvəlanda yerləşən iqamətgahının hasarı qədər hündür və gözəgəlimli olmasa da, onların da arxasında qəsəbə sakinlərinin dediyi kimi cənnəti xatırlamaq üçün hər cür şərait ya var, ya da tezliklə olacaq. Onu da deyim ki, burada hasarların bəzilərinin arxasında tikinti işləri yenicə başlayıb. Belə görünür ki, əvvəl hündür hasarlar tikilir, sonra təkcə layihəsi xeyli pul tələb edən villalar tikilməyə başlayır. Sakinlərsə deyir ki, belə hasarlara sərf edilən pula kasıb-kusuba əməlli başlı şərait yaratmaq olardı.

BƏZİLƏRİ KORRUPSİYANI ETİRAF EDİR, BAŞ PROKUROR DA BELƏ DEYİR

«Konstitusiya» Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev xatırladır ki, Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvlərindən biri də baş prokurordur, korrupsiyaya qarşı mübarizə idarəsi də Baş Prokurorluq yanında yaradılıb.

«Bir çox dövlət orqanları iclaslar keçirir. Bəziləri hətta etiraf edirlər ki, onların rəhbərlik etdiyi qurumlara tabe olan müəssisələrdə qeyri qanuni ödəmələr həyata keçirilir, korrupsiya halları var. Bu halda əlbəttə ki, baş prokuror tərəfindən belə fikirtlərin səslənməsi təbidir».

Əliməmməd Nuriyev düşünür ki, bu dəfə korrupsiya ilə mübarizə dərinləşəcək. Çünki artıq real addımlar da atılmağa başlayıb. Belə ki, artıq bölgələrdə bəzi vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qərarlar qəbul olunub.

İCTİMAİYYƏTİN KORRUPSİYAYA QARŞI MÜQAVİMƏT ŞANŞI YARANIB


Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə deyir ki, dövlət qurumları indiyədək korrupsiyaya qarşı mübarizə tədbirlərini yalnız kağız üzərində həyata keçiriblər. Elə bunun da nəticəsidir ki, korrupsiya indiki səviyyəyə gəlib çatıb. İndi yüksək kürsüdən bu barədə danışılması bütün nazirlikləri, rəsmi qurumları hərəkətə gətirib. Amma korrupsiyaya qarşı mübarizə yalnız iclaslar keçirmək, kimisə işdən çıxarmaq, yaxud həbs etməkdən ibarət deyil. Amma bununla belə Vasif Mövsümov hesab edir ki, indiki halda cəmiyyətin korrupsiyaya qarşı mübarizə aparması üçün yaxşı bir şans yaranıb.

«Bu hadisələrin fonunda ictimaityyət üçün elə bir səhnə açılır ki, orada o korrupsiyaya qarşı mübarizə apara bilər.Yəni vətəndaş artıq korrupsiya əməlinə biganə qalmamalı, öz müqavimətii ortaya qoymalıdır».

Vasif Mövsümov deyir ki, əgər dövlət qurumları korrupsiya qarşı həqiqətən də mübarizə aparmaq istəyirlərsə, 2007-ci qəbul olunmuş “Korrupsiyaya qarşı mübarizə haqqında milli strategiya”nın tələblərinə əməl etməlidilər. Yəni ilk növbədə hər bir dövlət orqanının fəaliyyəti ictimaiyyət qarşısında şəffaf, hesabatlı olmalıdır. Bu olmasa, nəticə də olmayacaq. Yenə də rüşvət verənlə rüşvət alan öz aralarında razılaşıb bu vəziyyəti saxlayacaqlar.

Şərhləri göstər

XS
SM
MD
LG