Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:50

Misir «ikinci İran» ola bilərmi?


Reuel Marc Gerecht
«New York Times»


20-ci əsrin sonunun çox işıqlandırılmamış mövzularından biri də Qərbin siyasi ideyalarının – demokratiya və fərdi azadlıq kimi ideyaların islam düşüncəsinə təsiri idi.

İran islam inqilabından bu yana «teokratiya» demokratiyaya qarşı mövzusu həlledici gündəm mövzusu olub.

1980-ci illərin sonunda korrupsiya və qəddarlıqla əlaqədar teokratik rejim nüfuzdan düşəndə, demokratik ideyalar, o cümlədən də islam inancının demokratik şərhi geniş yayılmağa başladı.

2009-cu ilin iyununda İranda saxtalaşdırılmış prezident seçkisindən sonra baş verən kütləvi etiraz aksiyaları yeraltında gedən demokratik püskürtünün gözə görünən bir partlayışı idi.

Ərəb ölkələri intellektual baxımdan İrandan daha az çevikdirlər. Çünki ərəb ölkələrində illər boyu daxili fikir ayrılıqlarını yatırmaq ərəb rejimləri üçün daha asan olub.

Hələ Tunis və Misirdəki çaxnaşmalardan xeyli əvvəl ərəb ölkələrindəki liberal baxışlı dünyəvi intellektuallar bir neçə yerə parçalandılar. Onlardan ən qorxmaz olanları həbsxanalara düşdülər, digərləri isə bir növ məhkəmə liberallarına çevrildilər. Onların düşüncələri rejim üçün heç bir təhlükə törətmirdi. Digərləri isə ölkədən qaçmağa məcbur oldular.

Qərb ölkələri və mətbuatı məhkəmə liberallarının fikirlərinə geniş yer verdilər. Bu da başa düşüləndir. İraq müharibəsinə qarşı insanlarda olan antipatiya və şəxsən prezident Buşa olan nifrət Yaxın Şərq regionunda olan insanların gözünü tutdu. Onlar bu müharibənin demokratiyanı necə yaya biləcəyini görə bilmədilər.

Misirdə prezident Mübarəkə qarşı qalxmış qiyam Qərbdə bir çoxlarını narahatlığına səbəb oldu . Bundan sonra Müsəlman Qardaşlığının qarşısını almaq olmayacaq. Onlar burada sünni fundamentalizminin yaranmasına gətirib çıxaracaq. Müsəlman Qardaşlığından da narahat olmağına dəyər. Təşkilatın tanınmış üzvləri İsrailə qarşı partlayışları dəstəkləyiblər. Lakin hamı kimi müsəlman qardaşları da dəyişirlər. Onlar da Misirdə insanların rəğbətini qazanmağa çalışacaqlar.

Müəllif yazır ki, prezident Mübarəkin siyasi səhnədən getməsindən sonra Misirin «ikinci İran»a çevriləcəyi haqda ehtimallar inandırıcı görünmür. 1979-cu ilin İran inqilabı hakimiyyətə islamçıları gətirsə də, bir müddət sonra insanlar mollalardan daha geniş azadlıqlar istəməyə başladı.

Son prezident seçkilərindən sonra baş qaldıran kütləvi etirazlar insanların öz hakimiyyətlərini öz səsləriylə formalaşdırmaq istəklərinin pik nöqtəsi idi.

Düzdür, «Müsəlman qardaşlığı» Misirdə böyük qüvvədir və prezident Mübarəkin hakimiyyətdən getməsindən sonra siyasi arenada mühüm rol oynayacaq.

Amma məqalə müəllifi yazır ki, bir zamanlar sünni radikalizminin mənbələrindən olmuş bu təşkilatın özü də son illərdə evolyusiyaya məruz qalıb. Artıq bu təşkilat «İslam bütün sualların cavabıdır» metodu ilə fəaliyyət göstərmir.

Müəllif yazır ki, «Müsəlman qardaşlığı» insanların küçələrə çıxıb azad seçki tələb etməsi tendensiyasını öz siyasi platformasında nəzərə almaya bilməz.

Ona görə də Mübarəkdən sonra Misirdə «ikinci İran yox», «ikinci İraq» yarana bilər. Yəni sünni təşkilatları dünyəvi, demokratik, seçkili sistem daxilində işləməyə başlaya bilərlər. Sünni partiyalarının bir özəlliyi də odur ki, onlar şiələr kimi ayətullaların, öz fitvaları ilə ictimai-siyasi həyatı tənzimləməyə çalışan ruhanilərin diqtəsilə hərəkət etmirlər. Ona görə də onların demokratik sistemi «halal» kimi qəbul etməsi daha asan ola bilər.

İnkişafa Baxış Araşdırmalar Mərkzəinin rəhbəri Niyaz Qaraöynəli bildirir ki, Misirdə müsəlmanların iştirakı ilə demokratiya mümkündür. İslam və demokratiya bir-birinə zidd bir şey deyil:

«Demokratiyanın hər hansı bir dinlə üst-üstə düşməsi mümkündür. Sadəcə burada dini kontekstin siyasi kontekstlə qarışdırılmaması lazımdır. Müsəlman Qardaşlığı olsun, ya da digər siyasi islam platformasında dayanan cərəyanlar olsun, bunların ümumiləşdirilməsi düzgün deyil. Çox təəssüf ki, Qərb dairələrində buna ümumiləşdirilmiş münasibət var. Hesab edirəm ki, normal siyasi proses olduğu müddətdə hər hansı bir ölkədə bu mümkündür. Çünki radikallıqla bağlı islam təşkilatlarının tarixində yüksəlişlər və enişlər var. Ümumilikdə isə islam və demokratiyanın bir araya gəlməsi mümkündür. O cümlədən də Misirdə».

Müəllif yazır ki, demokratiya baxımından bizim Misirdə uğur qazanmaq şansımız var. Biz demokratiyaya cəld keçmək üçün təsir göstərə bilərik. Tarixən demokratiyanın dostu olmayan Misir ordusu indi Amerikanın maliyyə yardımından və müasir silahlarında asılıdır. Əgər Misirdə insanlar ölməkdə davam etsə, Vaşinqton tərəddüd etməməlidir. Misir ordusuna olan təzyiq vasitəsindən istifadə etməlidir. Misirdə seçkilər mümkün qədər tez keçirilməlidir. Obama bütün əvvəlki ABŞ prezidentlərindən daha inamla deyə bilər: «Biz müsəlmanların səs verməsindən qorxmuruq».

Bu Qərbin Yaxın Şərq rəhbərlərinə hörmət edib, vətəndaşları ilə isə uşaq kimi davranmaq ənənəsinə də son qoya bilər.

Sayta hazırladı: Kəbiran Dilavərli

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG