Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:26

Günel İmran "Dairə" (Hekayə)


Gunel İmran
Gunel İmran
Xoruz hələ banlamamış içinə böyük karton yeşiyi yerləşdirdiyi zənbilini sürüyə- sürüyə çürük taxta qapını açıb, küçəyə çıxdı.

Lap çinli küçə alverçilərinə, məhəllənin həndəvərində səfillənən nə soruşsan “biş manat ” deyən çinli qadına oxşayırdı.

Zığlı, palçıqlı yolları ayağındakı qaloşla arxada qoyduqdan sonra zənbilinə üstdən qoyduğu bükülünü açdı, burnu yeyilmiş tuflisini çıxarıb geyindi, qaloşunu isə qəzetə büküb zənbilə qoydu.

Uzaqdan görünən avtobus yaxınlaşdı, əl eləyib saxlatdı. Avtobusa mindi, hər gün səhər –səhər peroşki satdığı məkana yollandı.

İşi pis getmirdi, 2-3 saata hamısını satıb evə qayıdırdı. Onun işlərindən xəbəri olan sürücü on dənə peroşki aldı.

Yanındakı konduktora tərəf dönüb “Ə, ye, utanma.

Acından ölləm, bir də baxıb görəşdən heç zad qoymamışam qala.

Di işində ol. Zalımın qızı qəşəng bişirir peroşkini.

Yoxsa bizim arvad , axşamacan it zülmü ilə işləyib gedirəm evə görürəm bir adam yeməyi yox ki, dilivə vurasan”.

Sürücü ilə konduktor salafan torbanı açıb peroşkini yeməyə başladılar.

Sürücü yağlı əlləri ilə gah peroşki yeyir, gah da sükandan bərk-bərk yapışırdı. Buna baxanda peroşkini bişirən qadını öyümək tutdu.

Qusmamaq üçün ağzına nanəli konfet atdı.Ürəyində haqq hesab apardı. Əşi neynəyim bütün günah siçan dərmanı satan Səriyyədədir.

Geydirmə dərmanı satıb bütün məhəlləyə... O, olmasa camaat başının çarəsini qılardı.

Bütün hər yeri siçan basıb. Az qalsın siçan əlindən evimizi qoyub qaçaq. Sürücünün peroşki yeməyinə baxdıqca, gözünün önünə un kisəsində gördüyü siçanlar gəldi.

Kisədə özlərinə əməlli başlı sığınacaq qurmuşdular.

Siçan balalarını neca qovaladığını və sonra bu undan böyük ləyəndə xəmir qatmağını xatırladı.

Hələ evdən çıxana yaxın baxıb görmüşdü ki, oğlu peroşki götürür tez özünü çatdırıb almışdı uşağın ağzına düşməyin bir saniyyəliyində olan peroşkini.

Siçan dərmanı satan Səriyyə isə bu sürücünün arvadı idi.Sürücü ilə konduktor peroşkiləri yedikdən sonra kağız parçasına əllərin silib, hamısın peroşkinin salafan torbasına yığdılar.

Sürücü torbanı avtobusun pəncərəsindən bir başa küçəyə atdı. Salafan torba düz gedib düşdü süpürgəçi qadının qarşısına .

İşindən boğaza yığılmış süpürgəçi bu hərəkətə hirslənib avtobusun arxasınca qışqırmış “Adamlığı olmayan heyvan” və alçaldılmağının onun taleyinə yazılmasına görə dərin bir ah çəkmişdi.

Bu salafan torba ona heç tanış gəlməsə də, bu torbanı peroşki satan qadın min bir xırdavat satılan dükandan bu süpürgəçinin ərindən almışdı.

Süpürgəçinin süpürdüyü yollardan bir az aralanmışdılar ki, avtobusun benzini bitdi.

Sürücü məhətdəl qaldı, axı yetərincə benzin olmalı idi.

Yolun ortasında çarəsiz halda ora bura baxdı və sərnişinlərə dedi ki, düşsünlər.

Yarı yolda hamı kimi peroşki satan qadın da düşdü. Saatlarla gözlədi, başqa avtobus gəlmədi. İşlərinin düz getməməyindən, bəxtsizliyindən üsyancasına şikayət etdi. Sonra zənbilindən qaloşunu çıxarıb yenidən tufli ilə dəyişib geyindi.

Yol uzun olsa da piyada, zənbilini sürüyə- sürüyə yolunu davam etməyə məcbur oldu.

Həqiqətən benzin bütün yola bəs edərdi .

Əgər həmin peroşki bişirib satan qadının qarajda qarovulçu işləyən əri avtobusun benzinini gecə vaxtı rezin şlanqla çəkib oğurlamasa idi..

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG