Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:02

Zahid Sarıtorpaq. Şeirlər
















yanvarın sonuncu günündən
görüntülər

pəncərədən baxıram
görürəm həyətdə
kötüyə üzünü söykəyib yatmış baltanın
ağzı pırıl-pırıl oyaqdı
kötüyün üstünə düşmüş bir qırıq gün işığı
üşüyür baltanın ağzında

bir quş nə qədər eləyir qona bilmir
balaca bir qızın uzaqdan gələn gülüş səsinə

kötük balta quş və balaca bir qızın gülüş səsi
birlikdə şəkil çəkdirirlər şeirə
dünyadan yadigar

elə bu zaman içəri sən girirsən:
- al! oxu! misirdə qiyam səngiməyib!
mübarəki yıxırlar!
tükün tərpənsin barı! - deyərək qəzetləri
mizin üstə çırpırsan
bunu elə edirsən ki
guya prezident aparatımız indicə uçub
incəsənət muzeyimizin üstünə

mənimsə gözüm pəncərədədi
görürəm ki
quşun oxusuna sancılıb
kəhrəba rəngli pişiyin gözləri
amma pişiyin səngər qurduğu marığdan
quşun özü görünmür

- bir ayılsana - deyirsən – zalım oğlu
bir baxsana dünyaya

mənsə pəncərədən baxıram
və görürəm həyətin o başında
qurumuş ağacın budağına dolaşmış
selofan paketi döyünə-döyünə dartışdıran külək
içində necə ölür onun
o budaqdan o yana zaman bir qarış da yerimir
günün gerçəyi dəyişməyib

sənsə yırtıb-tökürsən özünü:
- oxu da bə, AYB-da savaşdı
AYO-da müharibə
sənə dəxli yoxdu bunların?
dostların çoxdan qoşulub bu hərbə

mənsə yalqız pəncərəmdən görürəm
bağçadakı qurumuş kolluğun dincliyində
necə gizlənib qonşu uşağının
çəpərdən düşmüş topu
ögey anasının zülmündən qaçıb gizlənən
bir çocuğu xatırladır o mənə

sən yenə nəsə deyirsən
ara-bir qulağıma anar fikrət qoca
əsəd kqb nə bilim qan
badenbadenin mavi gecələri
rasim daha sonra soros
nələr və nələr gəlir

pəncərəmdəki mənzərə başqadı amma
yalın ayaqlarına çürümüş yarpaqlar yapışmış
qarsız yanvarın bu sonuncu günü
bilinmir kimin içindən yıxılıb baxçamıza
bilinmir bu çirkin qış niyə girib
bu yağışlı-çamurlu rəqsin içinə
gözlər yumulunca
şeirə girə bilməyən Sözün
vərəqin üstündə niyə qaralır nəfəsi
bilinmir

sənsə elə bir ucdan üyüdüb-tökürsən
- xəbərin var? internetdə bir cavan qızın şeiri gedib:
küsülü ərlə arvadın paltaryuyan maşının içində
alt paltarlarının sevişməsi haqda...
amma sən hələ də əli kərim deyirsən
vaqif bayatlı odər deyirsən

mənsə bütün bunlara görə
“çox sağ ol, qardaş!” deyib
alnından öpməkdənsə gözlərimi yumuram
yenə pəncərə şüşəsinin bəri üzündə mənim şəklimdi
o üzündə müqəddəs zeytun ağacının
gözlərimi yumuram
çünki nə mən özümə baxıram nə o özünə
(guya biri-birimizə baxanda
nəsə olacaq)

azan səsi gəlir
“quş kimi göydə uçur yerdəkilər...” deyirsən
bilirəm bu sabirin misrasıdı -
rüstəmxanlının yox
əlbəttə ki mirzə ələkbərin

iyli corablarımı çıxarıb dəstəmaz almağa gedirəm
amandı düşünürəm
Tanrıyla arama kimsə girməsin
onsuz da qulaq asan deyiləm

sən bunu bilirsən və gülürsən
hirsin soyuyur deyəsən
başını bulaya-bulaya “yazıq sabir!” deyirsən

namazdan sonra:
- hə nooldu, misir uçdu muzeyin üstünə? - soruşuram
əlini yelləyirsən
yəni ki: “şairi gülüm olanın...” kimi bir jest gəlir səndən
bu dəfəsə mən gülürəm:
- bir də təkrarla görüm
təzə nə almışam ki
bayaqdan
“mübarəkdi o, mübarəkdi!..” deyirsən elə?

pəncərənin o üzündə
balta səsi gəlir
qızcığaz ağlayır
əlində fırçası ayaq üstə ölür şeirim


çaşqın


kim olduğunun fərqində deyil o artıq
bildiyi bircə budu: ondan üsyançı çıxmaz heç vaxt
bir zaman ilana dönmüş nifrəti öcü
zəhəri dişində qıvrıla-qıvrıla gedib içindən çünki
qabığını beyninin qumluğunda buraxıb da gedib
bu gediş “hər an qayıda bilərəm” mesajına bənzəsə də
əslində bir vidadı elə
başqa şey deyil

adi adam zamanın sularına baş vuranda yox
çıxanda görür saatının içinə dolmuş ağılsızlığını
boğulmuş vaxtın eybəcər ölüsünün
ağılsızlığında necə üzdüyünü görür
amma güman ki üsyançıların gözlərinə
başqa şeylər görünür o an

kim olduğunun fərqində olmasa da
bu adam indi yaxşı bilməlidi
sındırılmış bir ingilis qıfılının
gərəksiz açarına oxşayan bir ömrü
nə qədər qorusan da faydası yoxdu –
çünki o heç nəyə yaramayacaq bir daha

o bilməlidi
belə omür nə qədər uzansa da
mənasız bir saniyənin dəyərsiz bir əksi də deyil heç

bir gecə
bax o saniyədən daman bir damla yuxuda
bir uçağın çöl boyu sürünəndə quşlara parodiya kölgəsi
sürünüb də
qurumuş ağacların çiynindən bir toxunuşla salanda
dünyanın bu ən miskin adamının
göylərə aparılan tabutunu
adam diksinərək sıçradı
çıxdı o yuxunun soyuq tər daman çiskinindən
açıq-aydın gördü: heç nə yoxdu –
nə qiyamət nə həşir nə viranələr
ilk gözlərinə çarpan əlahəzrət divar saatı oldu
ilk yadına düşən haçansa yazdığı
“saat əqrəblərinə çiçək rəsmi çəkməsin ustalar
üstünə bir kəpənək qonarsa
əbədi durduracaq vaxtı” sözləri oldu
yuxusuna və bu sözlərin puçluğuna
başını buladı səssiz gülərək
adam çəkdi başına yorğanı
çəkdi və elə bil bununla
zamanı çoxdan durdurmuş
kəpənək yüngüllüyündə bir Ölümün altına girdi
və “məndən üsyançı çıxmaz...” pıçıldadı
ilana çevrilən nifrəti öcü
zəhəri dişində
qıvrıla-qıvrıla getdi içindən
qabığını beyninin qumluğunda buraxıb da getdi

o susurdu və düşünürdü:
həyat adicə bir su bardağındakı milçək ölüsündə
öz boşluğunu və mənasızlığını mumiyalayırsa
mücadiləsində məna yoxdu daşları çatladan Sözün

indi bu adam
bir gün nəvəsinin çəkəcəyi
çobanyastığı rəsmiylə
ruhunun sağalacağına çox inanır

içində bir gün fəsillərə son veriləcəyinə də əmindi
onda qollarına girərək halsız kölgəsinin
“çıx eşiyə, daha yazdı...” yox
“zamansızlıqdı” deyəcəklər “gəl daha...” düşünür

onda tabutdan düşüb qayıdan
kəfənini əmmamə kimi dolayanda
zamanın baş hakiminin başına
və saatının içinə baxaraq
yumanda gözlərini xoşbəxtcəsinə
dünyanın bu ən miskin adamı
bu ən qatı üsyançısı ayılacaq guya
sevgisinin tərs üzündə nifrəti öcü olmaya-olmaya
beyninin qumluğunda basdırmaqla keçmişini
guya kim olduğunun fərqində ola biləcək


vaxtın sirr keçidləri

Xanəmir bəyə və Ayişə xanıma

vaxt qızıldı deyirlər
amma bu qızıl nə topuğunda xalxaldı adamın
nə qolunda bilərzik
o bir tovuz quşudu Can Qəfəsində
qırx çalarından otuz doqquzunun adı bilinməz
vaxt nədisə yürüyürkən
adamın sirr dolu məntiqi bu keçidin içindən ötür
tutalım birincisi giziltidi – əvvəl o keçir səndən
ikincisi: üşəntidi – o da keçir
düşünürsən
imarətlərində daş kitabələrə ayələr döydürən sultan misallılar
sözün basqısındanmı çəkinirlər
ya vaxtın qılıncımı sindirir onları qorxuya
üçüncü: qorxudu – artıq o keçə bilmir cana ilişib qalır
dördüncü: yalqızlıq xofudu
beşinci: yalqızlıqla barışıqdı
bəzən də məzlumun qoynunda cücərir
zülmün arpa-buğdası
amma üzü görünməz kimsəyə əsil əzablının
çünki vaxtın qoynunda haqq hicabında olur zülümlərə girən
altıncı: məzlumluqdu
yeddinci: üzgünlükdü
səkkizinci: sonu duymaq
qürbətdə dərd də kişmiş kimidi
qərib lap şah da olsa
gözdən düşmüş kimidi – çünki qəribdi
doqquzuncu: qürbətdi – iç səltənətini tanımaq üçün
dərdin nicat qapısı bilib üz tutduğun girdab
onuncu: vidadı – bir özün bilirsən bir yaradanın
on birinci: dözümdü – özünlə barışa aparan yolun
hər gün udulan tozu
on ikinci: eşqdi
eşq – vaxtın tacında baş lələk
on üçüncü: gül
gül – haqqın könüllərə sancdığı bir tuğdu
on dördüncü: haqqdı
haqq – tərəzini tutan gerçək
o həm də yerdən göyün üzünə tutulan
güzgüdə təcəlli edən ilk və son işıqdı aşiqlərə
on beşinci: imandı – qüsurlu insan beyninin
hələ də tam həzm edə bilmədiyi ilahi meyvə
qutsallar qutsalı uca söykək də deyilir adına
on altıncı: sözdü – ərmağanlar ərmağanı
sağkən ruhumuzun ipək köynəyi
ölürkən tabutumuza örtülmüş bayraq
qiyamətlərimizdə sığındığımız nuhun təknəsi
on yeddinci: nəfəs – hər alıb verdiyində
fələyin çarxına üfürülən tükənməz gərdiş nüvəsi
on səkkizinci: səs – bizə qədər də bizdən sonra da
gedər-gəlməzin tək yolçusu
on doqquzuncu: savaş – ən qutsalı nəfsə açılanıdı
o içində bir an səngimişsə – məğlubsan demək
yeri gəlmişkən bayraqdan köynək olmur
köynəkdən bayraq olur amma
özü də qana bulaşmışından
qana bulaşmışı ucaldılır fəth günü
iyirminci: fəthdi – içimizi şırımlamış dilək
hər gün bir addım da yaxınlaşırıq ona
hər addımda şəhid düşərək yaxınlaşırıq
iyirmi birinci: şəhidlik – iman məntiqi
ölürkən cismin suya
canın kəfənə üsyan məntiqi
bu gün gizir Mübarizin düşmənlər üstündə
pəncəsini qaldırmış aslan məntiqi
Sabirin şeirlərindən hər gün özünə dar ağacı quran
çarəsiz insan məntiqi
iyirmi ikinci: üsyan – ən sakit günün baş yazısı
insan ömrü əlifbasının “a” hərfi
əgər adamın özünə yönəlmişsə içdən
varlığın bismillahı da demək olar ona
iyirmi üçüncü: sükut – ən çözümsüzü gözlərdə göllənmişidi
tavana zillənmiş və soyumuş gözlərdə göllənmişi
iyirmi dördüncü: duruluq – o ancaq sevdadan gəlir
gəlir və yalın ayaqlarına həsrətlə baxan
girdablara gülümsəyir
iyirmi beşinci: sonsuzluq – bir əbədi hərləncək
iyirmi altıncı: yolçuluq – hamıya Tanrı buyruğu
hər gedən yüz canlıdan doxsan doqquzunun
haraya səfər etdiyindən xəbərsiz olduğu qutsal iş
iyirmi yeddinci: gərdiş – yelkənini yalnız qiyamət günü
yendirəcək bir gəmi
bu sərxoş gəminin sükanının bir üzündən fələk
bir üzündən yaşam tutmuş
iyirmi səkkizinci: qədər – ölən günümüzəcən
qurumayan mübarək yazımızın
mürəkkəbiylə suvarılmış məntiq
iyirmi doqquzuncu: qavram –
günahlarımıza görə fəzaların tozunu qoparan
ahların istisi deyir onun nə olduğunu
otuzuncu: divanəlikdi – üzüyünün qaşında yazılanın dərki
otuz birinci: mehrdi – sevda özülü
otuz ikinci: şəfqət – istər haqdan olsun istər bəndədən
adamın içinə çilənən qırpım-qırpım bir işıqdı o
otuz üçüncü: heyrət – bütün fanilərin içində rast gəlincə
içini çəkməli tək bircə şey var – onu hər kəs bilir
amma bu haqda hamı susur nədənsə
otuz dördüncü: küfr – batilin qardaşı
haqqın düşməni
otuz beşinci: lovğalıqdı – can tarlasında sürülmüş xam yerlərə
səpilən iblis toxumu
otuz altıncı: kin – sevdaları puç eləyən mürgünə qurdu
otuz yeddinci: qətl – öz əlinlə yazılmış
cəhənnəmin halallıq fərmanı
otuz səkkizinci: önəmli deyil
otuz doqquzuncu: o da eləcə

bunları bilmədən də yaşamaq
ömrün günəşlərinə sərməyə çulu sudan çıxarmaq olar
amma getdiyində
nə sağında bir divar nə solunda bir qapı olacağı bilinməz
nə başını divarlara döyəcəksən nə yumruğunu qapılara
boşluqda qalacaqsan çünki
dibsiz bir boşluqda
bir sən olacaqsan bir itirdiyin vaxt
vaxt – o bir tovuz quşudu Can Qəfəsində
orda doğulub orda da ölər
qırx çalarından otuz doqquzunun
adı bilinməz beləcə

qırxıncı: əgər vaxt gedibsə
ölümdü doğumdu nədi
fərq etməz artıq


dokkuziklim

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG