Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14
1 saylı xəstəxananın həyətində əlində dərman qutusu tələsən vətəndaşı saxlayıram. Həkimlər həyat yoldaşını əməliyyat masasına uzadıb dərmanı gözləyirlər. Tələsdiyindən adını da demir.

-Dərmanı özünüz almısınız?

-Bəli, bəli...

-Axı burda pulsuz verilməlidir dərmanlar...

-Yalan söhbətdir.

-Neçəyə almısınız dərmanı, nə qədər pulunuz çıxıb?

-500 manat pul vermişəm dərmana...

Səhiyyə naziri Oqtay Şirəliyev bir neçə gün əvvəl keçirdiyi müşavirədə bildirmişdi ki, «xəstəxanaların kifayət qədər dərman preparatları və sarğı materialları ilə təmin olunmasına baxmayaraq, xəstələrə, onların yaxınlarına hələ də dərman aldırmaq hallarına rast gəlinir»... Nazir bu halların qarşısının alınması ilə bağlı göstəriş də verib.

1 saylı xəstəxana və K. Fərəcov Adına Elmi Tədqiqat Pediatriya İnstitutunun qarşısında vətəndaşlarla dialoqumuz isə “köhnə hamam köhnə tas”dan xəbər verir.

1 saylı Xəstəxananın Yoluxucu Xəstəliklər şöbəsinin reanimasiya otağının qarşısına toplaşan 30-a yaxın şəxs 22 yaşlı Rəşad Abdulovun qohumlarıdır. Deyirlər ki, həkim səhlənkarlığı ucbatından Rəşadın həyatı təhlükədədir. Nənəsi Nisəxanım Abdulova:

«Oktyabrın 6-da it qapıb onu. Gedib həkimə. Həkim yazıb verib, iynə vurub, göndərib onu sahə həkiminə. O da baxıb, deyib ki heç nə yoxdur, çıx get. Gəldi evə, 3 ay oturdu. İndisə 3 gündür həmin qolu quruyub. Başladı «sudurqa». Təcili yardım çağırdıq, həkim dedi ki, quduzluq əlaməti var. Gətirdik bura, burda da aldılar bizdən saldılar reanimasiyaya. Bir həftə vaxt veriblər bizə bir həftəyəcən uşaq öləcək... »

-İynə-dərmanını kim alıb onun?

«Özümüz. Kim alacaq? Nə iynə dərman vururlar. Heç nə. Bir dənə «Demidrol» vururlar. Bir də sistem. Ancaq yatızdırırlar. Başqa iynəsi, dava-dərmanı, heç nəyi yoxdur. Heç nə vurmurlar».

Şöbənin əməkdaşıyla danışmaq cəhdimiz boşa çıxır:

«Bir dəqiqə gözləyin. Amma belə gəlməzlər bura».

Əllərində dərman aptekdən xəstəxanaya üz tutan şəxslərin bəziləri isə həkimlərin onlara dərman aldırdıqlarını etiraf etmək istəmirdilər.

-Burda dərmanları özünüz alırsınız?

-Xeyr.

-Burda verirlər?

-Verirlər, bəli...

-Bəs aptekdən aldığınız...

-Pipetkadır.

-Burda niyə vermirlər ki onu?

-İstəməmişəm, sözün düzü.

-Axı bura özü təmin etməlidir sizi.

-Nə bilim.

Azərbaycan Həkimlər Assosiasiyasının rəhbəri Qalib Əliyev deyir ki, problemləri həll etmək həkimləri günahlandırmaqla olmur:

«Əmr edirəm düzgün diaqnoz qoy, düzgün müalicə et. Əmr edirəm sən xəstədən pul alma. Hər həkimə bir dənə gözətçi təyin etmək – bu, səhiyyə demək deyil. Bu, tibbi xidmətin yaxşılaşması demək deyil. Bunlar islahatlar, qanunvericilik çərçivəsində aradan qaldırılmalıdır. Yoxsa ki, həkimləri indi günahlandırmaqla bunu həll etmək düzgün olmaz. O həkimlər ki, soyğunçuluqla məşğuldurlar, bunlara mən həkim deməzdim. Onları heç vaxt müdafiə etməmişəm».

Qalib Əliyev deyir ki, Səhiyyə naziri bu sözləri birinci dəfə demir. Ancaq bu deyilənlərin təsiri yoxdur.

Səhiyyə naziri Oqtay Şirəliyev hələ bu posta təzə təyin olunanda bəzi həkimləri apteklərlə işbirliyində suçlamışdı. Nazir iki gün əvvəl aptek müdirləri və baş həkimlərin toplantısında dolayısı ilə bu məsələyə də toxunub, həkimlərə dərman preparatlarını düzgün və lazımı qaydada təyin etməyi tapşırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG