Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:29
«SU YOXDUR, ÇİRKAB İÇİNDƏYİK, BU NƏ İŞDİR, BAŞ AÇAN YOXDUR».

Susuzluqdan əziyyət çəkən Səbayel rayonunun Oqtay Daşdəmirov küçəsi, Badamdar şossesi, 20-ci sahə, Salyan şosesinin sakinləridir. Deyirlər 10 gündür nə paltar yuya, nə də yuyuna bilirlər. 50 manata aldıqları suyu qənaətlə işlədirlər ki, yemək bişirə, çay qaynada bilsinlər. Suyu da hamı ala bilmir.

«SUDAN BİR İLDİR ƏZİYYƏT ÇƏKİRİK»

Sakinlər deyir ki, su problemi bu ərazidə çoxdan var. Ancaq son günlər suyun birdəfəlik yoxa çıxması, özü də bunun qiymət artımından sonra baş verməsi onların əllərini üzündə qoyub:

«Sudan bir ildir əziyyət çəkirik. Motor özümüzündür, su pulunu ödəyirik, sayğaclarımız var, kimlərsə bir-birinin üstünə atır. Hər yerə də yazmışıq, cavab verən yoxdur. 10 nəfərlik ailəyik, bir qram suyumuz yoxdur»- deyən Zöhrə Rəhimova boş su qablarını, su gəlməyən kranları göstərir.

Camaat deyir ki, məcbur olub fevralın 3-də axşam Bibiheybət yolunu kəsmək istəyiblər. Polis tökülüb gəlib, onları dağıdıb. İcra hakimiyyətindən isə söz veriblər ki, bir gün sonra su problemi həll olunacaq. Ancaq hələ bir səs-soraq yoxdur:

«BİR QRAM SU YOXDUR»

Nuridə Rəhimova
deyir ki, hər gün evdə susuzluqla rastlaşmaq onun üçün kabusa çevrilib. Digər sakinlərin də fikirləri belədir
-Baxan yoxdur, bu su işinə bir baxan tapılmır.
-Beş uşağım var. Axşam işdən gəlirəm, paltar, qab yumaq istəyirəm, su tapmıram.
-Adam qalır neyləsin, fikirləşirsən ki, görəsən nə bişirim ki, az su aparsın, qabları necə yuyaq, belə şey olar?
-Qiyməti qaldırırlar, ancaq suyu vermirlər, harda belə şey görünüb?
-Müsibətdir, bir qram su yoxdur.

Adamlara deyiblər ki, suyun verilməməsinə səbəb sahəyə su vuran nasosxananın elektrik enerjisi borcunun ödənməməsidir. Buna görə də nasosxananın elektriklə təchizatı dayandırılıbmış. Camaat danışır ki, suyu verməsələr, yenə etiraz aksiyası keçirəcəklər.

Əzaziyə məsul kommunal təsərrüfat idarəsindən sualımıza cavab verən tapılmadı.
Səbayel rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, fevralın 4-də əraziyə suyun verilməsi bərpa olunacaq.

«CƏZASIZLIQ MÜHİTİ DAVAM EDƏRSƏ»

Kommunal xidmətlər üzrə ekspert Ələkbər Ağasıyev deyir ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əməl olunmur. Buna görə heç kim məsuliyyət daşımır, əziyyəti isə camaat çəkir:

«Bu qanuna görə hər hansı bir xidmətin 3 əsas göstəricisi var - fasiləsizlik, təhlükəsizlik və keyfiyyət. Bunların heç birinə əməl olunmur. İstehlakçılar cəzasını çəkir. Bayılda iri bir yaşayış massivində əhalini günlərlə susuz qoymağa nə ad qoymaq olar? Kommunal xidmət sahəsində fəaliyyət göstərən iki qurum mübahisə edir, cəzanı çəkən istehlakçılar çəkir».

Ekspert deyir ki, cəzasızlıq mühiti davam etdikcə, bu və digər yerlərdə də oxşar vəziyyət davam edəcək.

Azərbaycanda suyun qiyməti fevralın 1-dən bahalaşıb. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 m3 üçün 30 qəpik, digər regionlarda 25 qəpik olub. Bundan əvvəl isə suyun qiyməti 1 m3 üçün
Bakı-Abşeron yarımadası və iri şəhərlərdə 18 qəpik, rayonlarda isə 14 qəpik idi.

Şərhləri göstər

XS
SM
MD
LG