Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:06
Ədəbiyyat mənim üçün həmişə müqəddəs sahə, mənəvi təmizlik, saflıq, ləyaqət rəmzi olub.

Lap çoxdan düşünürdüm ki, ədəbiyyat və söz adamları da elə xəyal etdiyim ədəbiyyatın özü kimdir: saf, təmiz, qərəzsiz və sair.

Ona görə də həmişə sözə və söz adamlarına çox həssaslıqla yanaşmışam.

Təəssüf ki, çox vaxt bunun əksi ilə qarşılaşmışam.

Amma həmişə də bir aforizmdə deyildiyi kimi, düşünmüşəm və anlamışam ki, hamı tərəfindən sevilməyi arzu etmək, ağılsızlıqdr.

Yavaş-yavaş bu aləmə düşdükcə, əvvəl-əvvəl AYB və AYO ayrıseçkiliyini dərk edə bilmirdim.

Qəribə və gülməli görünür, deyilmi? Sonralar başa düşdüm, təəssüf... Dərk etdikcə, başa düşdükcə daha ağır olurmuş mətləblər sən demə.

Necə oldusa, günlərin bir günü eşitdim ki, mən də Gənc Ədibəm. Hə, gəncliyimin son iki ili. Amma bu məktəbin də bir ədəbi cəbhə olacağını bilsəydim...

Ədəbiyyatda cəbhələşməni heç sevmədim, sevməyəcəm də. Yəni qəbul edə bilmirəm ki, hər hansı bir AYO-çu mənə AYB-çi olduğum üçün düşmən kimi baxsın, yazdıqlarımı oxumasın, şəxsən tanımasa belə, şəxsi-qərəzlik etsin və ya əksinə, yazar nə qədər istedadlı olsa belə, qəbul edilməsin, nədi, nədi AYO-çudur.

Fəqət mənim aləmimdə bir cəbhə var və yalnız onu tanıyıram: Qarabağ cəbhəsi.

Görünür, hər iki qurumun üzvləri arasında hörmət etdiyim qələmdaşlarım olduğu üçün üçün həmkarım şair Qismətin məruzəsini də dinləyəndə razılaşmadığım məqamlardan biri də qarşı tərəfin yazarlarının üstündən səthi keçməsi oldu.

Həəəə..... gəlib çıxdıq məruzə məsələsinə. Bu mıs-mısın bir Mustafası vardı təbii ki.

Açığı mən bu məruzədən qətiyyən tərif və ya tənqid gözləmirdim.

İnanmayan özü bilər. Zərdüşt Şəfizadə zəng edib deyəndə ki, sabah AYB-də tədbir var, heç blmirdim nə tədbiridir.

Soruşdum, dedi ki, Qismət məruzə oxuyacaq. Bu məruzənin kimlər haqqında olduğunu belə təsəsvvür etmirdim.

O tədbirə, şəxsən mən Qismətə xatir getmişdim.

İlk razılaşmadığım məqam poeziya bölgüsü zamanı oldu.

Yəni poeziyanı heca və modern şeir olmaqla iki yerə böldü. Hansı ki, Qismətin özünün alqışlanan modern heca şeirləri var. Yəni heç də heca şeiri qeyri-modern sayılmaya bilir.

İkinci məqam, yuxarıda qeyd etdim, AYO üzvlərinə səthi yanaşma oldu.

Xüsusən də, “.....romanları öz müəlliflərinin bütün yenilikçilik cəhdlərinə baxmayaraq, əksərən müvafiq janrların tələblərinə, bəzən hətta elementar tələblərinə belə cavab vermir” fikri.

Çünki bildim ki, bu məruzədən sonra Qismətə qarşı çevrilən silah ilk olaraq bu fikir olacaq, oldu da.

Ən azından ona görə razılşamadım ki, Sevinc Çılğının kitabını təzə oxumuşdum və kifayət qədər xoşuma gələn (bəyəndiyim yox ha, xoşuma gələn. Dəbdi axı, qələm tutmağı təzə öyrənənlər artıq əlhavası yazanları oxuyub “bəyəndim” deyir.

Bəyəndinsə, qurtardı, getdi, müəllifə ölüm yoxdu.), hətta çox xoşuma gələn şeirlər vardı bu kitabda.

Və nəhayət, üçüncü məqam, növbə mənə çatanda qısa və konkret : “Ənənəvi şeiri təmsil edən gənclərin yaradıcılığına keçmədən öncə, həm ənənəvi ,həm də modernist formalarda qələmini sınayan bir neçə gənc yazarı da təqdim etmək istəyirəm.

Bunlardan “Yaxşı ki yaza bilirəm...” adlı şeirlər kitabının müəllifi Elnaz Eyvazlı, “Yağış damlasıyam” adlı şeirlər kitabının müəllifi, “Turan” ədəbi birliyinin yaradıcısı Vüsal Nuru və “Atillaya məktublar” və “Dərdimdən ölən dərdlərim” kitablarının müəllifi Hafiz Hacıxalılın adlarını çəkmək olar.

Hər üç müəllifin adları çəkilən kitabları daha çox ənənəvi xəttə aid olan şeirlərdən ibarətdir.

Lakin bu kitabların çapından çox qısa zaman keçdi və bu gənc yazarların mətbuatda, ədəbi portallarda modernizmə xas forma axtarışları olan şeirləri göründü”.

Bəli, bu yerdə üçüncü narazı qaldığım məqam meydana çıxdı.

Əvvəla, kitabın çapından çox az deyil, nə az, nə çox, düz üç il, səkkiz ay keçib. Mənim “davam” tərif davası deyil, qətiyyən!

Tərif davası olsaydı, deməzdim niyə kitabımın adını çəkir. Onun zamanı keçib artıq.

Lakin iki il ərzində bir təzə misrasını görmədiyim kimlərisə tərifləyəndə, yadıma deyildiyi kimi, modern dəyişikliyə məruz qalmış şeirlərim düşdü.

Və daha çox bilirsiniz hansı şeirə yandım?

Bütün həmkarlarımın pəh-pəhlə təriflədikləri, dəfələrlə olduğumuz məclislərdə oxumamı rica etdikləri “Kişi etirafı” kişilikdən düşdü gözümdə.

Və nəhayət, Mədəniyyət və Turizm Nazirliyi ilə AYB-nin birgə layihəsi olan artıq üçüncü sayı nəşr olunan “Poeziya günü” almanaxı hardan gəldi yadıma düşdü, bilmirəm. Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi, üç almanaxın ikisində şeirlərim yer alıbsa da, bu barədə kəlmə belə edilmədi.

Nə bilim, bəlkə də bu, elə də önəmli deyilmiş. Bəs o zaman niyə bu boyda nazirlik və sayılıb-seçilən birlik bu layihəyə bu qədər zəhmət çəkir, pul tökür və önəm verir?

Kəramət Böyükçöl
Məruzə bitər-bitməz çıxışlar başladı. Əvvəl böyüklərdən başlandı. Növbə kiçiklərə, yəni məruzədə adı hallananlara çatınca, düşündüm ki, kaş mənə söz verilməyəydi.

Çünki bəzilərindən fərqli olaraq, yalandan “gözəl, əla” deyib, sonra narazılıq bildirib saxtakarlıq edə bilməyəcəyimi bilirdim.

Ya elə orda iradlarımı bildirməliydim, ya da tərifləyib, sonra da əbədi susmlıydım.

Hər ikisi mənim üçün əzab idi. Rəşad Məcid də sağ olsun, sağımda və solumda əyləşən həmkarlarıma söz verdisə də, məndən vaz keçdi.

Yəqin diqqətini çəkmədim və ya, yenə də, xoşbəxtlikdənmi, bədbəxtlikdənmi GƏNC ədib sayılmıram daha.

Amma yenə bəzilərindən fərqli olaraq, əvvəlcədən növbəyə də durmamışdım, onu da deyim.

Bir də ki, mənim iradlarımı çıxış edənlər Qismətə bildirdilər və o da məmnunluqla başını tərpətdi, yəni haqlısınız.

Əslində, yenə bəzilərindən fərqli olaraq, məhz Anar müəllimin, Fikrət Qocanın, Arif Əmrahoğlunun olduğu yerdə adımın çəkilməsinə xəstə deyiləm.

Çünki Anar müəllimi deyə bilmərəm, qalanları 13-14 ildir ki, mənə də, imzama da, yazılarıma da bələddirlər və yaxşı da tanıyırlar.

Mənim boş-boş reklamlara can atmaq vaxtım keçib. Zatən heç o zamanlar da bunu etmədim.

Amma adamın Allahı var, əsl Gənc ədib olduğum, yəni yaşımın daha gənc çağlarında Kəramət Böyükçölün “məharəti” məndə olsaydı, eeehhhh....kim bilir indi hardaydım.

Bəlkə, elə Qismətin hesabatındakı imzalarla tanış olmaq üçün dəyirmi stolun baş tərəfində mən də oturmuşdum.

Necə fürsətləri əldən verdim, kimlərdən “istifadə etmək” ağlımın ucundan belə keçmədi, düşünər ki, salam-məleyk etməkdə məqsədim var deyə...Ona görədir də indi nə Gənc kimi Gəncəm, nə də həmyaşıdlarımın nəsildaşı. Nə isə...

Tədbir bitər -bitməz Gənc yazar Cavid Zeynallı qırımımı görüb hal-əhval tutdu. Və ilk olaraq fikirlərimi onunla bölüşdüm.

Ancaq qətiyyən bununla bağlı yazı yazmaq, iradlarımı Qismətə mətbuatla çatdırmaq fikrim yox idi.

Qismətdən qorxub-çəkindiyim üçün yox, Qisməti yox-yox ayda bir dəfə də olsa, görürəm və doyunca dərdləşmək imkanım da olacaqdı.

O zaman sözümü də özüməməxsus tərzdə, qərəzsiz filan çatdıracaqdım.

Zatən indi də heç bir qərəzim yoxdu. Sadəcə, hadisələr bu tərəfə yön aldı və bu yazını rəsmən yazmaq məcburiyyətində qaldım.

Əyani şəkildə bir neçə həmkarımla bu barədə müzakirə etdik, adlarını çəkmirəm, bəlkə, istəməzlər deyə.

Onlara da elə sizə anlatdığım kimi fikirlərimi anlatdım. Hər biri də haqlı olduğumu bildirdi.

Hətta Qismətin özü ilə də qısa telefon söhbəti zamanı müəyyən narazılıqlarım olduğunu və görüşdükdə ətraflı danışacağımı dedim. Nə yaxşı ki bu yazını, Qismətin şəninə sağlıq deyib sonra oturub yazmıram e...

Sonra camaatın üzünə necə baxardım?!

Nəfəsimi dərib keçim, Kəramət Böyükçölün cəsarətli yazısına. Onu da qeyd edim ki, bunu yazmaq məcburiyyətindəyəm.

Məruzə barədə yazmaq və ya kiminsə nəsə yazacağı ağlıma gəlməyən bir zamanda açıram məlum saytın məlum səhifəsini və nə görürəm?

Kəramətin Qismət haqqında yazısını. Diqqətlə oxudum. Bəzi məqamları çıxmaq şərtilə normal tənqidi yazı da hesab etdim, danmıram.

Bədbəxtlikdənmi, xoşbəxlikdənmi həmkarım olan Kəramətə zəng etdim. Evinə zəng etdim, çünki konturum az idi.

Ancaq görünür Kəramətin evinə zəng edəndən material toplayırmış. Sakın mənim səhvimi təkrar edib, onun evinə zəng etməyin.

Kontur cəhənnəm (canın cəhənnəm, belə də olar), mobil telefonuna zəng edin.

Hə, fikirlərimi bildirdim. Dedim ki, mənim də narazı qaldığım yerlər var məruzədə.

Demə görmədim, sizə nə dedimsə, hamısını ona da dedim. Onu da dedim ki, mən bu yazını yaza bilməzdim, cəsarətim çatmazdı, o mənada ki, sonra Qismətlə üz-üzə gələ bilməzdim.

Bir az arxadan zərbə kimi bir şey. Kəramət də öz növbəsində, ciddi-cəhdlə bildirdi ki,” mütləq sən də bir yazı yaz, bəs narazısansa, bildir. Ona belə lazımdır”.

Deyirəm, qurban olum ağlıma, sən demə bu kişi material toplayırmış dediyim kimi.

Xoşbəxtlikdənmi, bədbəxlikdənmi harasa tələsirdi deyə, tez də sağollaşdıq.

Həmin gecə onu da bildim ki, yazını sayta qoymazdan bir-neçə saat əvvəl Qismətlə bir yerdə yeyib-içib, qulaq günahkarıyam, Qisməti tərifləyib də.

Dedim Allah, sən belə cəsarətdən saxla, Allah sən saxla.

Qardaş, bu söhbətdən neçə gün keçib bilmirəm. Bir də görürəm Qismətin başıbəlalı məruzəsinin altında elnaz imzası ilə “cəsarətli” bir şərh yazılıb.

Çox götür-qoy etdim. Dedim, bu, mənim üslubum deyil. Qoy açıqlama verim. Bir tikə hörmətim var, ondan da olaram.

Şərh yazdım ki bəs, mən o Elnaz deyiləm, Eyvazlıyam. Bildiyim qədər ətrafımızda, yəni AYB-də və GƏM-də xoşbəxtlikdənmi, bədbəxtlikdənmi başqa Elnaz yoxdu.

Bəlkə də, var, bilmirəm. Paho! elnaz (məhz kiçik hərflə) mənə nə yazdı? Dedi soğan yeməmisən, için niyə göynəyir?

Nə isə mən də özüməməxsus şəkildə Allah kəssin xasiyyətimi, cavabını verdim. Balam, dağdan-daşdan səs çıxdı, adaşımdan səs çıxmadı.

Qismət
Biqafıl Kəramət Böyükçöl sağ olsun, böyük sayqılarla çıxır böyürdən, nə çıxır.

Bilimrəm niyə adaşıma etdiyim laflar onu belə özündən çıxardı, maraqlıdır, deyilmi?

Mənim o gün ona zəng etməyimi, həm də əvvəl əl, sonra ev telefonuna (o yerə qədər yəni!

Çox önəmli məqam imiş bu, sağ olsun, unutmayıb) zəng etməyimi, fikir bildirməyimi, demə görmədim, sizə anlatdığım şəkildə mənə xatırladır.

Və sağ olsun, məsləhətindən də qalmır ki, “Elnaz, adam mərd olar”. Bəyəm mən deyirəm ki, adam namərd olar?

Bəli, ona zəng də etmişəm, cəsarətli biri hesab etmişəm ki, mən dostluq etdiyim şəxsi, yeri gələndə bu cür ictimai şəkildə tənqid edə bilməzdim, sən etdin.

Amma səndən öncə başqaları ilə də danışmışdım. Fikrimi də ondan əvvəl bilirdilər, lakin bu “mərd” oğlan kimi güclərini mənim üstümdə sınayıb ağzımdan çıxan sözləri başıma vurmağa fürsət axtarmadı onlar.

O ki qaldı cəsarətə, yenə deyirəm, mən cəsarətsiz deyiləm, cəsarətin də müəyyən kriteriləri var.

Cəsarətimi istər şəxsi həyatımda, istərsə də yaradıcılığımda kifayət qədər sübut edib nələri qurban verdiyimi bilsən, belə deməzdin.

Zatən məni tanıyanlar olduğum kimi tanıyır. Səndən narahat deyiləm. Yeri gəlmişkən, bir gün Platona deyirlər ki, filankəs səni yaman tərifləyir.

Dağdan ağır kişi başlayır ağlamağa. Atan yaxşı, anan yaxşı, sənə nə dedik ki?

Deyir o, çox nadan adamdır, görəsən, neynəmişəm ki, xoşuna gəlib. Hə, bu hardan yadıma düşdü, bilmirəm.

Həmka : rım, (məhz belə: həmka: rım) sən mənə telefon danışığında cəsarət deyil, başqa nəsə vermək istədin ki, mən də oturum belə bir yazı yazım, amma mən bunu etmək istəsəydim, səndən əvvəl edərdim.

Sənin yazını üzümə tutmazdım. Edə bilmədim, çünki bir süfrədə çörək kəsdiyim adama qarşı bunu etmək mənlik deyildi.

Başa düşürəm, deyəcəksən ki, ədəbiyyatda qardaşlıq, dostluq belə məqamlarda yerimir.

Mənim üçün bütün məqamlarda kişilik deyilən bir şey var və o, hər yerdə, hər zaman yeriyir. Sözümü də üzə deməyi üstün tutdum bu məqamda.

Çünki İNSAN hər şeydən, hətta ədəbiyyatdan da önəmlidir bəndəniz üçün.

Sən elə bildin mən də səhər bir yazı yazacam, amma yazmadım deyə belə çıxmısan özündən?

Ya adaşıma yazdığım şərhə görə?

İkincisi , ona görə yazmadım ki, insanlar bunu özümü reklam üçün əlimə düşmüş məqam kimi qiymətləndirərlər. Axı insanların haqqımda düşündükləri mənim üçün çox önəmlidir, insanlar önəmli olduğu qədər.

Ancaq sənin səninə onsuz da səs verənlər oldu və hər kəs öz payına haqlıdır.

Mən bu günlərdə çox şeylər öyrəndim, çox mətləblər mənə aydın oldu.

Kimlərin neçə üzü olduğunu bildim, təəssüf edirəm, tanıya bilməmişəm adamları.

Bir-birilə stəkan-stəkana vuranlar necə bir-birinə arxadan zərbə vururmuş, necə bir-birlərinin haqqını yeyirmiş.

Öz mənafeləri, şöhrətləri üçün çörəyi ayağının altına qoyanlarla bir süfrədə çörək yediyim üçün özümü lənətləyirəm.

Yaxşı ki, bu məruzə oxundu və yaxşı ki, elə bu şəkildə oxundu.

Qoy eybi yox, bu məruzə sifarişlə yazılmış olsun, qoy bu məruzəni Qismət deyil, Əsəd Cahangir yazmış olsun dediyiniz kimi.

Özləri bilər, Allahları bilər. Əsas odur ki, sən də , mən də, bir çoxları da narazı qaldıq və hamının iç üzü üçün süfrə kimi açıldı.

Dostumu-düşmənimi tanıdım. Elə sənə də minnətdaram buna görə.

O ki qaldı Qismətə, ideal insan və təbii ki, ideal yazıçı, şair və ya tənqidçi yoxdur. Hamı bir nəfərdən razı qala bilməz, təbiidir.

Mən də sözümdən qaçmıram, siz də bildiniz narazılığımı, Kəramət Böyükçöl , dincəl.

Lakin yenə də çox düşünmdüm, çox əziyyət çəkdim, amma kiməsə əziyyət vermək istəməzdim, hətta sənə də. Yox yerdən həmişəki kimi işə düşdüm.

Bu yazı mənə heeeç lazım deyildi. Tənqidi də başqa cür edə bilmirəm, qıra bilmirəm, üzə bilmirəm.

Yoxsa tənqidçi olardım da...Bağışlayın məni, Kəramət Böyükçöl və digərləri!

Mən səni heç vaxt tay-tuşum hesab etməmişəm və bu yazıya görə də şəxsimdən dönə-dönə üzr istəyirəm.

Yenə də insanlara görə etdim nə etdimsə, istəmədim kimlərsə məni ikiüzlü, özünün fikir və qərarı, nəhayət, cəsarəti olmayan biri kimi tanısın sənin məlum şərhinin sayəsində və mənim kimi yansınlar insanları tanımadıqlarına görə.

Ədəbiyyat adı altında bu cür qərəzlər, çırpınmalar məni iyrəndirir insanlardan.

Bura şou-biznes aləmi deyil ki, dava-dalaşla, bir-birimizi vurmağa fürsət axtarmaqla, qalmaqalla gələk ədədbiyyata, daha doğrusu, gündəmə.

Bura söz meydanıdır, hər kəs Sözün qabağına Söz qoysun, mətn yəni! Bu söhbət elə burdaca bağlandı mənim üçün.

Yazıya yazılan şərhlərə də cavab verməyəcəm.

Ancaq səninlə yüzə-yüz razıyam, Kəramət Böyükçöl, adam doğrudan da, mərd olar! Ən azından xoşbəxtlikdənmi, bədbəxtlikdənmi qarşında duran qadındır və bu qadın qədər mərd olsan yetər!

Həm də...həm də əslində adamdan adama fərq var da...

Həmçinin oxu
Qismətin məruzəsi kimlərin xoşuna gəlmədi?
Kəramət Böyükçöl. Himayədə yaşamağa vərdiş edənlər və bolşevizm

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG