Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:20

Əli Əkbərlə müsahibə (davamı)


Yazıçı Əli Əkbərin kultura.az portalına müsahibəsi

(əvvəli burda)

- Biz azərbaycanlıları - fəhlələri, mühəndisləri, həkimləri, müəllimləri, professorları, rusdilliləri, rusdilli olmayanları nə birləşdirir?

Vətənə sevgi, bayrağa, himnə məhəbbət? Axundov, Cəlil Məmmədquluzadə, Rəsulzadə, Fətəli xan Xoyski, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Üzeyir Hacıbəyov, Qara Qarayev irsinə hörmət? Yox, yox, bir daha yox!

Bizim hamımızı heyvani qorxu birləşdirir. Budur bizim ümumi, əsl və funksional “dəyərimiz”.

Cəmiyyətdəki total qorxu bizi böyük, cansız, boz kütləyə çevirib.

Hamı qorxur. Hamı susur. Konkret nədənsə qorxmaq da vacib deyil.

Çox vaxt azərbaycanlılar elə-belə, “belə lazım bildikləri” üçün susurlar.

Buna görə də, bizi heyvan yerinə qoyan bu sistemi açıq tənqid edən azlıqdan hamı qaçır, onlardan çəkinirlər. Cüzamlı xəstələr kimi onlardan aralı gəzirlər.

Normal və demokratik bir ölkədə yaşayacaqları təqdirdə, cəmiyyətə fayda verə bilən, öz ölkəsinə xeyir gətirmək qabiliyyətində olan təmiz, əxlaqlı insanların bu gün necə süründüyünü, diz çökdüyünü görəndə əzab çəkirəm.

Heç kim düzgün seçim etmək istəmir, heç kim Matrix-dəki “göy” həbi udmaq istəmir, insanlar dəyişiklikdən qorxurlar. Ona görə də, onları nəyin gözlədiyini bilmədikləri gələcəkdənsə, “sabit” indiki zamana üstünlük verirlər.

İtirilmiş yaddaş

- Bu yaxında sənin “Amneziya” adlı romanın çap edilib. Bir müəllif kimi, sən bu əsərdə hansı ictimai məsələləri ön plana çəkirsən?

- Yaddaş - azərbaycanlıların təfəkküründə vacib, hətta deyərdim ki, köklü arxetiplərdən biridir.

Bizdə insanların zəif yaddaşdan şikayətlənərək, bütün bədbəxtliklərimizi məhz bu “qüsur”la əlaqələndirməsi dəbdir.

Bu cansıxıcı və mənasız şikayəti hər kəsdən - professordan və tələbədən, aşpazdan və montyordan, polisdən və məmurdan eşitmək olar.

Bu kəslərin hər birinin yaddaşsızlıqdan şikayətlənmək üçün öz bəhanəsi, bu hadisəylə bağlı öz açıqlaması var.

Bu elə bir mövzudur ki, bu haqda saatlarla avtoritarizm, Qarabağ münaqişəsi, qonşularla münasibət və s. kontekstində danışmaq mümkündür.

Bəs yaddaş nədir? O qısalanda, çəkisi azalanda nə baş verir?

Xalq əqli fəaliyyət bacarığını və şəxsi ləyaqət hissini kütləvi şəkildə itirəndə nə olur?

Həqiqəti bildiyimi, son müvazinət nöqtəsi olduğumu iddia etmədən, cəmiyyətimizi narahat edən suallara cavab tapmağa çalışmışam.

Buna bədii dildə, fərdin amneziyasını sosial yaddaşsızlığa və əksinə çevirməklə nail olmağa çalışmışam.

Məncə nail olmuşam da. Nə qədər? Bunu da oxucular desin.

- Əsərin süjeti haqqında nə deyə bilərsən?

- Öz əsərim haqqında danışmaq, yazdığım süjeti nəql etmək mənim üçün çətindir.

Romanım haqqında hörmətli yazıçımız, canlı klassik Çingiz Hüseynov çox gözəl rəy yazıb. Bu rəyi Azadlıq Radiosunun saytında oxumaq olar.

Oxuculardan indiyə qədər yalnız müsbət rəylər almışam və almağa da davam edirəm.

Lakin mən bu illər ərzində çox öyrəşdiyim tənqidi fikirləri eşitmək istərdim.

Xüsusilə, bundan əvvəlki romanım “Artuş və Zaur”dan sonra.

- Yeri gəlmişkən, bir az “Artuş və Zaur” haqqında danışaq. Bildiyim qədərilə, sən kosmopolit mövqeli insansan.

Ancaq qalmaqallı “gey epopeyası” ötən il çoxlu səs-küyə səbəb oldu. Sənin üçün Vətən nə deməkdir?


- Riyakarlıqla dolu Azərbaycan folkloru və eybəcər milli mentalitet kontekstindən yanaşsaq, Vətən - sənin taleyin hökmü ilə doğulduğun, ömrünün sonuna qədər acınacaqlı həyat tərzi sürməyə məhkum olduğun, ağaların süfrəsindən qalan tör-töküntülərlə kifayətlənərək, buna görə milli sərvətləri talayıb, darmadağın etməklə məşğul olan vicdansız oliqarxları mədh etmək məcburiyyətində qaldığın ölkədir.

Daha doğrusu, azərbaycanlılar üçün Vətən ritorikadan başqa bir şey deyil. Ancaq normal, inkişaf etmiş dövlətlərin vətəndaşları üçün Vətən - onların doğulduğu, taleyinə görə məsuliyyət daşıdıqları və müqəddəratının müəyyən edilməsində iştirak etdikləri ölkədir.

Belə bir iştirakın mümkünlüyü də elə azadlığın təminatı deməkdir.

Məhz bu amil cəmiyyətdə liberal-demokratik dəyərləri şərtləndirərək, onları üstün qüvvəyə çevirir.

Mən ölkəmin müqəddəratında iştirak edə bilən, öz uşaqlarımın gələcəyindən əmin bir vətəndaş kimi, Azərbaycanı öz vətənim adlandıra biləcəyim günün xəyalı ilə yaşayıram.

Bu Azərbaycanda - heç bir vətəndaşa ayrı-seçkilik edilmədən, HAMININ hüquqlarına hörmət ediləcək.

Bu Azərbaycan korrupsiyasız, təcavüzsüz, cəhalətdən uzaq olacaq. Bu Azərbaycan - orta əsrlərin yox, müasir dövrün Azərbaycanı olacaq.

Hər kəsə, hətta hüquq və azadlıqların, demokratikləşmənin və müasirləşmənin qatı əleyhdarlarına - həqiqi azadlığı dadmağı, özünü yalançı və saxta dəyərlərlə aldatmamağı arzu edirəm.

Yalnız o zaman, onlar azadlığı öz ölkəsinə bir addım daha yaxınlaşdırmaq, bu vacib dəyəri ölkəsində bərqərar etmək istəyən insanın aldığı həzzi hiss edə bilərlər. Məhz o zaman anlayacaqlar ki, cibi boş, lakin vicdanlı yaşamaq nə deməkdir.

O zaman artıq onlar Gürcüstana həsədlə baxıb, köks ötürməyəcəklər, bizim avam, tərbiyəsiz rüşvətxor məmurlarımıza görə utanmayacaqlar.

Axı bu komplekslər bir çox uydurma bəhanələrə səbəb olur: “Dünyada demokratiya yoxdur.

Görmüşük də, o Qərbi. Qocalara hörmət yoxdur. Bizdə isə ictimai nəqliyyatda qocalara yer verirlər...” Təəssüflər olsun ki, mənim bədbəxt həmvətənimin təfəkküründəki “ictimai nəqliyyatda yer”, dolma, Qız Qalası, adı dillərdə dolaşan qonaqpərvərliyimiz – Voltaire`in, Montesquieu`nün, fransız ensiklopediyaçılarının, Sartre`ın, Yan Hus`un müəyyən etdiyi ümumi dəyərlər məcmusunu əzib keçir.

Optimizm

- Yaradıcılığa qayıdaq. “Amneziya”nın sonu “həppi-end”lə bitir?


- Bu suala birmənalı şəkildə cavab verə bilməyəcəyəm. Hər şey sənin həpp-endi necə izah etməyindən, xoşbəxt sonluq anlayışını necə qavramağından asılıdır.

Hə, mənim qəhrəmanım bir növ, sağ-salamatdır, inqilab baş verib, ailəsi onun yanına qayıdıb.

Lakin bir çox oxucu finalın onlar üçün gözlənilməz olduğunu deyir.

- Bəs bizim finalımız necə olacaq? Azərbaycanı sənin arzuladığın kimi görə bilmək bizə nəsib olacaqmı?

- Mən optimistəm. Bir gün hər şey qaydasına düşəcək, hər şey öz yerini tapacaq, biz hamımız da şad-xürrəm ömür sürəcəyik.

Sənə elə gəlir ki, mən çəhrayı eynək taxmışam?

Lakin bu fani dünyada heç nə əbədi deyil axı. Ola bilsin, biz ölkəmizdəki bu müsbət dəyişikliklərin şahidi ola bilməyək.

Ancaq ruhdan düşmək lazım deyil, çünki nəticədən çox, prosesin özü maraqlıdır.

Əsas yaddan çıxarmayaq ki, bu gün bu sistemin yaratdığı primitiv metodlar onun özünə qarşı işləyir.

Sistem onunla olan gələcəyə inamı öz əlləriylə məhv edir. Yanlış ifadə işlətmədim- məhz onunla olan gələcəyə, onsuz yox.

Kosmos, nano-texnologiya, Wikileaks və şəffaflıq əsri olan XXI yüzillikdə biz hələ də çoxdan dəbdən düşmüş, müasir dünyada aktuallığını çoxdan itirmiş qanun pozuntuları, rüşvətxorluq, banal monopoliya, oliqarxların feodal ədabazlıqları, soyğunçuluq və şəhər memarlığının barbarcasına məhv edilməsi halları ilə qarşılaşmalı olururq.

Bu nə deməkdir? Bu nə rüsvayçılıqdır?

Normal bir insan kimi, mən hər yerdə kök salmış bu orta əsr ibtidailiyinə görə necə xəcalət çəkməyim?

Hətta düşünmək qorxuncdur ki, bu sistem biz vətəndaşların şikayətlərimizi yönəldə biləcəyimiz heç bir mənəvi-əxlaq həddi tanımır, onun müqəddəs saydığı heç bir dəyəri yoxdur.

- Allaha inanırsan?

- Adətən bu cür intim suallara cavab vermirəm. Lakin bu dəfə cavablayacağam.

“Rəhmli və bağışlayan Allahın adı ilə”. Quranda 114 surədən 113-ü bu sözlərlə başlayır. Bəs davamı? Qarğışlar, hədələr və nalayiq sözlər.

Kimisi hurilərlə dolu cənnətlə mükafatlanacaq, kimisi də əbədiyyən qaynar qazanda yanmağa məhkum ediləcək.

Bu ki, avtoritar və despot rejimlərdə geniş tətbiq edilən “qamçı və şirin qoğal” üsulunun eynisidir.

Yüksək təfəkkürün, bütün kainatı və bizi xəlq etmiş kosmogen şərtiliyin olması məsələnin bir tərəfidir.

Lakin, hədə-qorxu gələn, lənət yağdıran Allaha və onun şəxsi təsərrüfatı olan cənnət və cəhənnəmə inanmaq fikrində deyiləm.

“Kitab” polemikası

- Ötən il sən MKM-də (Milli Kitab Müsabiqəsində) iştirak etmədin. Məndə olan məlumata görə, sən bu il də sözügedən mükafatı boykot etmisən.

- Sevmirəm boykot sözünü. Mən, sadəcə olaraq, bu müsabiqədə iştirak etməməyə qərar vermişəm, bu qədər.

- Niyə?

- MKM, bir gənc iş qadını tərəfindən şəxsi biznesinin genişlənməsi və ədəbiyyatın populyarlaşması (hərçənd ki, bu özü də onun biznesinin genişlənməsinə xidmət edir) məqsədilə təsis edilən mükafatdır. Əla!

Bu tədbiri iki əlli alqışlayıram, dəstəkləyirəm və cəmiyyət üçün əhəmiyyətli olduğunu hesab edirəm. İzah edim niyə.

Nigar Köçərli öz biznesində PR vasitələrindən bacarıqla istifadə edir.

Mən isə, liberal, bazar iqtisadiyyatının, orta sinfin formalaşmasının və normal, hamı üçün bərabər imkanların yaradıldığı və açıq rəqabətin aparıldığı müasir kapitalizmin qatı tərəfdarı olduğumdan, xanım Köçərlini bu orta sinfi formalaşdıran müasir sahibkarlardan ibarət zəncirin bir bəndi kimi görürəm.

Bu orta təbəqənin nümayəndələri mənim potensial oxucularımdır, mənim dəyərli auditoriyamdır.

Buna görə də, mən öz ölkəmin biznesmenlərinə yüksək qiymət verirəm və onları dəstəkləyirəm.

Onların şəxsi biznesinin uğurlarına öz nailiyyətim kimi sevinirəm.

Bu təbəqə təkcə iqtisadiyyatı inkişaf etdirmir, həm də cəmiyyətin intellektual inkişafına təkan verir.

Məhz bu səbəbdən, feodal, inhisarçı rejim azad biznesin inkişafında maraqlı deyil, oliqarx dairələrlə əlaqəsi olmayan sahibkarların işinə pəl vurur.

Lakin, hörmətli xanım Köçərli hər dəfə kobud səhvlərə yol verir, bu isə mənim (həm də təkcə mənim yox) bu mükafatda iştirakımı mümkünsüz edir.

Onun keçən il ekspert qrupunun yaradılmasında və münsiflər heyətinin üzvlərinin müəyyən edilməsində buraxdığı səhvlərdən bəhs etmək fikrində deyiləm.

Bu məsələ ilə bağlı fikrimi şəxsən onun özünə də demişdim, hətta bir-birimizi anladığımızı da düşünmüşdüm.

Bu il, o yenə eyni səhvləri təkrarlamağa qərar verdi, bundan başqa öz marketinq bacarıqlarını bəsitləşdirərək, məni daha çox məyus etdi.

Onun ötən il və daha əvvəlki ildəkindən fərqli, ustalıqla pərdələdiyi və gözə çarpmayan kobud, primitiv “gedişləri” (“Artuş və Zaur”la bağlı hadisəni yada salın) bu gün təəccüb və məyusluq doğurur.

- Söhbət hansı “gedişlərdən” gedir? Bir qədər ətraflı izah edərsənmi?

- O, həqiqətən də, “Publisist”in qardaşı ilə müstəqil yazıçıların arasını vurmağa nail oldu və özü üçün bu “müharibədən” reklam məqsədləri üçün istifadə etməyi bacardı (yeri gəlmişkən, bizi kələkbazın əlindən xilas etdiyinə görə, ona təşəkkürümü bildirirəm).

Ancaq, məni bu heyrətləndirir ki, bu cür savadlı, ağıllı qadın öz intriqalarının perspektivsiz olduğunu görə bilmir.

Başa düşmür ki, “Publisist”in qardaşı tərəfindən aparılan mənfi, keyfiyyətsiz PR ona baş ucalığı gətirmir. Çuşkanı yəhərləyib, onu sənin üçün işləməyə vadar etmək olar.

Hətta onu ümidləndirmək də olar ki, o nə vaxtsa qlamur, rusdilli qızların və oğlanların elitar klubunun bərabərhüquqlu üzvü ola bilər. Lakin, xanım yaddan çıxarır ki, bu tandem gec ya tez onun özünə qarşı çevriləcəkdir.

Maraqların bu müvəqqəti birliyi, nə vaxtsa böyük qalmaqalla nəticələnəcək, bu isə mütləq xanım Köçərlinin biznes reputasiyasına təsir edəcəkdir.

İnanın, o gün uzaqda deyil, xanım Köçərli isə dünya qədər yaşı olan bu qızıl qaydanı unutmamalıdır: “Bir dəfə, həm də dəfələrlə xəyanət edən, yenə satacaq”.

Bu xanım, indi “Publisist”in qardaşı üzərində qurduğu hakimiyyətdən zövq alır və onun qəzet səhifələrində bizə qarşı atdığı hər çirkabdan sonra, qəhqəhə çəkib gülməyə davam edir, sabah isə bu prinsipsiz, pul hərisi aqrar ona elə bir zərbə vuracaq ki, xanım Köçərli bu zərbədən hələ uzun müddət özünə gələ bilməyəcək.

Bu gün həmin xanım kənara çəkilib, güya prosesin gedişatına müdaxilə etmir, sözügedən deyişmədə iştirak eləmir, lakin adi gözlə baxanda belə görmək mümkündür ki, təxminən bir il əvvəl bu xanıma qarşı nalayiq sözlər işlədən, onu üçmərtəbəli küçə söyüşləri ilə təhqir edən bu iradəsiz, libidoid, dayaz adam məhz onun göstərişilə hərəkət edir, azad yazarlara sağdan-soldan təhqirlər yağdırır.

Ən sonda onu demək istəyirəm ki, aramızdakı mübahisələr, intriqalar, qarşılıqlı ittihamlar mənim bu insana olan şəxsi münasibətimə qətiyyən sirayət etmir.

Mən xanım Köçərliyə hörmət etmişəm və hörmət edirəm, və onun həyat yoldaşı İsmayıl İmanovun istedadına heyranam, onun yaradıcılığını böyük həvəslə oxuyuram və onu Azərbaycanda bir nömrəli rusdilli yazıçı hesab edirəm.

Kultura.Az
Söhbətləşdi – Leyla Sultanzadə
Ruscadan tərcümə etdi – Fərican Yaren

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG