Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:24

"Bizim hamımızı heyvani qorxu birləşdirir"


Yazıçı Əli Əkbərin kultura.az saytına müsahibəsi


- Ələkbər, yadıma gəlir, iki il bundan əvvəl “Exo” qəzetinə verdiyin müsahibədə demişdin ki, sənin uşaqlığın Bakı-Tiflis qatarında bitib.

Səncə məhrumiyyətlər, aclıq və məşəqqətlərlə dolu uşaqlıq illəri, yazıçıların tərcümeyi-halında çox vacib məqamlardandır?


- Demək istəyirsən ki, bu, oxucuların marağını cəlb etmək üçün bir növ “gediş”dir? Qətiyyən elə deyil.

Heç yerdə yazmamışam ya da deməmişəm ki, uşaqlığım çətin olub.

13 yaşım olanda Gürcüstanın paytaxtına getmək üçün mindiyim həmin Bakı-Tiflis qatarı məni uşaqlıq dövrümdən ayırdı. “Exo” qəzetinə məhz bunu demək istəmişdim.

Tiflisdə isə heç əməlli yaşamadığım yeniyetməliyimlə də vidalaşıb, yetkinlik həyatına ilk və inamsız addımımı atdım.

Uşaqlığım isə, başqa sovet uşaqlarının həyatı kimi idi - nə yaxşı, nə pis. Atamın qayğısı və məhəbbəti ilə əhatə olunmuşdum.

O, maariflənməyə böyük əhəmiyyət verdiyindən, daima mənə mütaliə sevgisi aşılayırdı.

Çox, həm də acgözlüklə oxuyurdum. Oxuduqlarım əsasən dünya xalqlarının nağılları və əlli, yüz cilddə, milyon tirajlarla nəşr edilən “Uşaq ədəbiyyatı kitabxanası” seriyasından olan kitablar idi.

Bu müxtəlif rəngli, lakin solğun cildli kitablar həyatımıza məyusluq qatan Yenidənqurma illərində və cansıxıcı qeyri-müəyyənlik mühitində mənim yeganə məşğuliyyətim idi.

Bakı-Tiflis qatarından sonra mənim uşaq ədəbiyyatına olan marağım büsbütün itdi.

- Bəs bu gün - iyirmi il keçəndən sonra keçmişdəki hansı nağıllar səndə yenidən maraq doğura bilər?

- Düzünü desəm, keçmişdə oxuduqlarımı təkrar oxumaq istəyim heç vaxt olmayıb. Hətta bu haqda düşünməmişəm də.

Lakin uşaq vaxtı yaxşı padşah və ətrafındakı bədnam əyanlar haqqında nağılları həmişə xoşlamışam. SSRİ-də isə belə nağıllar həddindən artıq çox idi.

Bizə, saf ürəkli rəhbərin etibarından sui-istifadə edən əclafların əhatə etdiyi yaxşı, xeyirxah, ədalətli, lakin ətrafındakı fırıldaqçılar dəstəsinin və ölkənin xəzinəsini talayan soyğunçuların öhdəsindən gələ bilməyən padşahın halına yanmağı öyrədirdilər.

Ya bu yaramazların sayı həddindən artıq çox idi, ya da ki, padşahın legitimliklə bağlı ciddi problemləri vardı - bunu bilmirəm.

Hamımız bir nəfər kimi, padşahın nüfuzunu zədələyən və həyata keçirmək istədiyi bütün xeyirxah işlərə pəl vuran bu “bədnam ətraf”a nifrət bəsləyirdik.

Elə indi də cəmiyyətimiz bu qəbildən olan nağıllara inanmağa davam edir.

- Bəlkə, belə nağıllara “inanmaq” daha rahatdır?

- Onda belə çıxır ki, söhbət sadəlövhlükdən yox, imitasiyadan getməlidir. Deməli riyakarlıq edirik.

Bu, daha pisdir. Dəvəquşu kimi başını qumun içində gizlətməyin səbəbləri nə olursa olsun, xalqın total susqunluğu, vəziyyəti görməməsi, düzgün qiymətləndirməməsi başı qumun altında, dalı isə çöldə olan dəvəquşuların mütləq qarşılaşacağı aqibətin eynisini bizim üçün də şərtləndirir.

Biz, artıq son dərəcə dəhşətli durğunluğu - ölkənin ictimai həyatındakı çürüməni müşahidə etməkdəyik.

Bu atmosfer hamımız üçün sonradan islah edə bilməyəcəyimiz nəticələrə gətirib çıxaracaq.

Ətrafınıza nəzər salın - hər şey bərbad gündədir və heç bir fasad boyası ilə, “xruşşov” binalarını “ağlay” daşları ilə cilalalayıb parıldatmaqla, çala-çuxur yollarda bəzəkli avtomobillər səyirtməklə, Bakını qlamurlaşdırmaqla bu üfunətli çürüməni pərdələmək mümkün deyil.

Yuxarıların “demokratiya” imitasiyası aşağılarda “sədaqət” imitasiyasını yaradır.

Və əksinə. İkiüzlülüyün çarxı gündən-günə elə sürətlə fırlanır ki, onu durdurmaq üçün millərin arasına çomaq soxmaq get-gedə çətinləşir.

Təkcə onu gözləmək qalır ki, bu çarx idarəetməsini tamamilə itirərək, ölümsüzlük, əbədilik tanımayan amansız tarixin beton divarına çırpılsın.

İDİOTus

- Sən cəmiyyətdə mühüm, lakin əksəriyyətin dilə gətirməyə cəsarət etmədiyi problemləri qabardan yazıçı kimi tanınırsan və kitabların hər zaman rezonans doğurur.

Bu günkü Azərbaycan cəmiyyətində sən hansı dəyərləri təbliğ edirsən?

- Əgər sən əksəriyyətin düşündüyündən fərqli fikir söyləyirsənsə, müxtəlif qəbildən olan intriqalara, qeybətlərə, dedi-qodulara, rəzil hərəkətlərə və eləcə də sənin yaltaqlar üzərindəki intellektual və mənəvi üstünlüyünə dözə bilməyənlərin banal paxıllığına hazır olmalısan.

Mən hələ ədəbiyyata, publisistikaya daraşmış çuşkaların mənə olan nifrətindən danışmıram.

Əgər hətta sən öz qeyri-populyar bəyanatlarınla özünün və yaxınlarının təhlükəsizliyini zərbə altında qoyursansa; bədbəxt ölkəmizi ümumbəşəri dəyərlər sistemə yaxınlaşdırmaq və onu azadlığa qovuşdurmaq üçün öz gəncliyini, sağlamlığını, qızıldan qiymətli vaxtını qurban verirsənsə - istənilən halda, yenə səndən narazı qalanlar tapılacaq.

Necə deyərlər, “Xalq üçün xalqsız”. Bu bizim əzablı alın yazımızdır və ondan qaçmaq mümkün deyil.

Amma, etiraf etməliyəm ki, oxucuların mənə münasibəti ildən ilə dəyişir.

Bu faktı qeyd etməmək ədalətsizlik olardı. Əgər sənin kitablarını oxuyub, müzakirə edirlərsə, demək, susmağı və ətaləti seçmiş insanları hərəkətə gətirə bilmisən.

Əgər kiməsə ölkədə hər şeyin “necə var elə” qalmağı “sərf edirsə”, sən isə öz həqiqətinlə həmin adamın ruhuna nüfuz edib, onun vərdiş etdiyi həyat tərzini pozmağa çalışırsansa, bu təbii ki, qıcıqlanma və qəzəb yaradacaqdır.

Həm də sevinirəm ki, insanlar narahat olmağa başlayıblar, hərçənd ki, hər şeyə göz yuma və etinasız qala bilərdilər. Əgər reaksiya verirlərsə, deməli, müəyyən məsuliyyət hiss edirlər.

Çiyinlərindəki tarixi yükün əhəmiyyətini dərk edirlər.

Mən xalqımın potensialına inanıram.

Narazılığını hələlik mətbəxdə ifadə edən bu kütlə, nə vaxtsa bütün rüsvayçılıqlara son qoymaq üçün, öz qəti “YOX” sözünü deyəcəkdir. Vətəndaşlarımız nə vaxtsa Zimbabve, Özbəkistan, Nigeriya olmağa “YOX” deyəcəklər.

Bu total korrupsiyaya, rüşvətxorluğa, özbaşınalığa, ölkə sərvətlərinin mənimsənilməsinə, bütün mümkün hüquq və haqqların əzilməsinə görə özlərini ağır şəkildə təhqir olunmuş hesab edəcəklər.

Nəyisə təbliğ etmək məsələsinə gəldikdə isə, heç nəyi təbliğ etmirəm.

Düşünmürəm ki, yazıçının missiyası ofis işçisinin, biznesmenin, tələbənin missiyasından fərqlənməlidir.

Əgər biz vətəndaş məsuliyyətindən danışırıqsa, onda bu məsuliyyəti təkcə yazıçılar, jurnalistlər və incəsənət xadimləri yox, bütün vətəndaşlar daşımalıdır.

- Səncə, vətəndaşlarımızın total siyasi laqeydliyi nə ilə bağlıdır?

- Sərasər, hər yerdə eşidirik - “siyasətə qarışma”. Hələ özləri üçün bəhanə də uydurublar: “siyasət – çirkindir”. Doğrudan?

Belələrindən soruşasan ki, sizin bu siyasi laqeydliyiniz həqiqətən sanitar problemlərdən irəli gəlir? Yoxsa siyasətçilərin gigiyena qaydalarına əməl etməməsindən narazısınız?

Bəlkə etiraf edəsiniz ki, bu, banal qorxu hissidir?

Siyasi məsələlərə biganə qalan vətəndaşlarımız məni bağışlasın (belə laqeyd insanlar arasında mənim dostlarım və yaxınlarım da az deyil), lakin onları bir qədər düşünməyə vadar edə biləcək bir tarixi faktı xatırlatmaq istərdim.

Qədim Yunanıstanda, siyasətə etinasız yanaşan insanları idiotus adlandırırdılar.

Belələrinə nifrət edirdilər, onlarla ünsiyyətdən qaçırdılar, insanlar onları özlərinə yaxın buraxmırdılar, məbədə daxil olmağı belə, qadağan edirdilər.

Hətta qullara, bu siyasi laqeyd insanlardan, daha doğrusu, BİGANƏ VƏTƏNDAŞLARDAN-İDİOTUSLARDAN daha çox hörmət edirdilər.

Bəli, şübhəsiz ki, insanlarımızın ürəyində qorxudan başqa, heç bir duyğuya yer qalmayıb - nə sevgiyə, nə mərhəmətə, nə şəfqətə, nə fədakarlığa.

Digər tərəfdən isə mən onların əsas gətirdiyi dəlilləri anlamağa çalışıram.

Ədəbi yaradıcılıq baxımından bu dəlillər olduqca maraqlıdır.

İdiotusların öz laqeydliklərinə don geyindirmək üçün tərbiyəsiz bəhanələri həddən artıq çoxdur: - “həmişə belə olub, bundan sonra da belə olacaq, “bizdə heç vaxt demokratiya olmayacaq”, “bu ölkə klanlar arasında bölüşdürülüb, onlarla mübarizə aparmaq əbəsdir”, “gördün, Elmar Hüseynova neylədilər?”, “ac başım, dinc başım” və digər buna bənzər əxlaqsız, şərq-müsəlman folkloru janrındakı ifadələr bu dəlillərin sırasındadır.

- Bu arqumentlərin nəyi səni qane etmir? Onlar əsassızdır?


- Xeyr, əsaslıdır. Onsuz da hamıya aydın olan, aşkar faktları bir də təkrar eləmək hələ işin yarısıdır. Bəs onlar, şərin kökünü kəsmək üçün nə edirlər?

Bax, məsələ də elə bundadır.

Bəli, hamımız bilirik ki, surroqat, “kitayski” demokratiya ilə rəzil, oliqarx feodalizminin calaq edilməsi nəticəsində bir-birinə zidd, “heç bir nəsnəyə bənzəməyən” və gözlənilməzliklərlə dolu bir sistem ortaya çıxmışdır. İnsanlar sadəcə olaraq, bu etibarsız və qeyri-sabit sistemin sabah onları hansı hoqqalarla üz-üzə qoyacağını bilmədikləri üçün, ondan qorxurlar; o, istənilən vaxtda elə bir xəbislik törədər ki, ən yaxşı halda həbsə düşə, ən pis halda isə, qara mərmərin altında ola bilərsən.

Bax, elə bizim uşaqları – Eminlə Adnanı götürək.

Onlar, öz konstitusion hüquqlarına güvənərək, restoranların birində yemək yeməyə cəhd etmişdilər.

Daha sonra orda nələrin baş verdiyindən artıq bütün dünya xəbərdardır.

Hələ də oturub-durub bu tapmacaya cavab axtarırıq: necə olub ki, bu iki oğlan, Ağdama getməzdən əvvəl “Livan” restoranı kimi bahalı bir yerə girib qəlyanaltı eləmək istəyən, üstəlik Ağdamın mərkəzində (!) yaşayan (məhkəmədə ifadə verərkən, özü belə demişdi) fağır ağdamlı pəzəvəngi vəhşicəsinə döyüblər?

Axı indiyə qədər heç bir jurnalist və ya bloqqer öz fikrini açıq ifadə etdiyinə və ya yazdığına görə rəsmi şəkildə həbs edilməyib.

Həmişə ittiham eləmək üçün nəsə tapırlar. Lakin hərdən siyasi idarəçiliyimizin yaradıcılıq təxəyyülü hədəqəsindən elə çıxır ki, az qala bu torpaqda doğulduğun üçün utanmalı olursan.

Belə təəssürat yaranır ki, bu ölkədəki jurnalistlərin və bloqqerlərin hamısı xuliqan, yırtıcı, narkoman və homoseksualdır.

Çox qəribə mənzərə yaranır, elə deyilmi?

Təsəvvür edin, Mədəniyyət və Turizm Nazirliyi belə bir elan verir: “Azərbaycana - təhlükəli, xuliqan jurnalistlərin ölkəsinə xoş gəlmisiniz!”

İnsan hüquqları

- Düşünmürsənmi ki, öz hüquqlarını bilməyən xalq, bu hüquqları əzmək istəyənlərin mövcudluğu ilə barışmalıdır?

- Bağışla, ancaq mən hal-hazırda “dəbdə olan” bu cəfənqiyatla qəti surətdə razı deyiləm. “Öz hüquqlarını bilməyən insanlar, onları qorumaq imkanına malik deyillər və hüquqlarının həddini də bilmirlər...”, “öz səlahiyyətlərini bilməyən insanlar, qeyri-ixtiyari olaraq, onlardan kənara çıxır, yaxud öz səlahiyyətlərindən məcburi şəkildə güzəştə gedirlər...” Bu barədə həm iqtidardakılar, həm də müxalifət danışır. Həm gənclik təşkilatları, həm də QHT-lər fikir bildirir. Bu, iqtidaryönümlü, müxalifət və müxalifətyönümlü mətbuatın ən sevimli mövzusudur. Artıq, maarifpərvərlik adlanan bu ümummilli orgiya mənim ürəyimi bulandırır.

Bəs hansı əsasla, sıravi vətəndaş öz hüquqlarını bilməlidir?

Konstitusiyanı, cinayət məcəlləsini, inzibati xətalar məcəlləsini, ailə məcəlləsini və s. əzbərləməlidir? Bütün bunlar nəyə lazımdır?

Kobud rəftara, qanun pozuntularına, repressiyalara hazır olmaq üçünmü?

Ancaq buna görə, Azərbaycan vətəndaşlarının hamısı böyükdən kiçiyə qədər hüquqşünas olmalıdır?

İnsan hüquqlarını pozmamaq – insanları evlərindən küçəyə atmamaq, uydurma ittihamlarla həbs etməmək, işgəncəyə məruz qoymamaq, polis şöbələrində ölənə qədər təpikləməmək daha asan yol deyilmi?

Hamının qanunları bilməsinin nə faydası var? Deyək ki, bütün ölkə qanunları bildi. Bununla nə dəyişəcək?

Feodal quruluş bir göz qırpımında liberal-demokratik rejimə qədəm qoyacaq?

- Bəs onda nə yaranır? Yuxarılarla aşağılar arasında klassik dilemma?


ARDINI BURDA OXU

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG