Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11
Rayona xəbər yayıldı ki, avtovağzalın böyründəki çayxanada, Kotanlı kəndinin icra nümayəndəsi Ağarəzinin başını yarıblar.

Təcili yardım maşınıyla xəstəxanaya aparılıb və peysərinə yeddi tikiş düşüb.

Xəbəri kotanlılar gözlənilən, adi bir şey kimi qarşıladılar.

Düzdür, eşidəndə ki başa çırpılan çaynik xırdaymış və içərisində qaynar çay yox imiş, bir az məyus oldular.

Rayon sakinlərinin isə hadisəyə münasibəti başqaydı.

Zarafat deyil, hökumət adamının qanı axıdılmışdı.

Bəziləri vuranın sərxoş, bəziləri Ağarəzinin günahkar olduğunu, digərləri isə davanın hansısa qadına görə baş verdiyini söyləyirdilər.

Hər ağızdan bir avaz gəlsə də, vuran haqqında fikir eyni idi - vay yazığın halına - axırıncı qəpiyini də aparıb qoyacaq məhkəmənin, polisin, prokurorun ovcuna.

Üstəlik Ağarəzinin qan pulu, dərman pulu, müalicə pulu, barışıq pulu.

Bir sözlə, əyər qoyun sürüsü, mal-qara naxırı və ya yaxınlarından Rusiyada işləyib pul göndərəni yoxdursa vay halına; ən azı onca il yükləyəcəklər kürəyinə və bu on ildə arvadı evi, eşiyi də satıb, həbsxananın yolunda xərcləyəcək.

Onun arxasıyca qiyabi məsləhətlər də verirdilər ki, əyər pulu yoxdursa, yaxşısı budur, gedib özünü atsın Kürə - onsuz da özü damda çürüyəcək, heç olmasa ailəsini ömürluk aclığa, səfalətə düçar etməsin.

Eşitcək vəzifə sahibləri özlərindən çıxdılar.

Müdürlər, sədrlər, rəislər, onların müavinləri - bir sözlə kağıza möhür vuran, dərkənar yazanların hamısı kükrəyib coşdular ki bəs, bu işi belə qoymaq olmaz.

Ağarəzinin başını yaran mütləq dama salınmalıdır.

Başqalarına görk üçün. Yoxsa hər yoldan ötən üstlərinə hücum çəkər, kabinetlərində onları basıb döyər.

Rayonun müxalifətçiləri küçə tinində, yol ayrıcında, dayanacaqda rastlarına düşəni aldılar çənələrinin altına ki “artıq xalq qalxır, iqtidarın son günüdür, filan naziri çemodanla aeroportda görüblər, pullarını götürüb xaricə qaçırmış”.

Və bildirirdilər ki, bazar günü stadionda müxalifət partiyalarının rayon təşkilatlarının birgə iclası keçiriləcək bu məsələ ilə bağlı.

Vuranın müdafiəsi üçün bəyanat qəbul ediləcək, bəyanatın surəti xaricdəki mötəbər təşkilatlara göndəriləcək.

İclasdan sonra elə həmən yerdə oturaq etiraz aksiyası da planlaşdırılıb.

Sonra da söhbətə tutduqlarını tədbirlərinə dəvət edirdilər.

Hadisə gözlənilmədən baş vermişdi və davanı salan da elə başıyarılan oldu.

Ağarəzini həmən günü rayona icra başçısının müavini çağırmışdı - təzə camış qatığı, nehrə yağı və səhər tezdən kəsdirərək, soydurub ağ mələfəyə bükdürdüyü qoyun cəmdəyini gətirmişdi ona.

Sovqatı aparıb verdikdən sonra sürdü maşını avtovoqzalın yanındakı çayxanaya tərəf ki, bir stəkan çay içib, qayıtsın kəndə.

Çayxanada adam seyrək idi. Müştərilərin bir qismi nərd oynayırdı, digərləri isə mal-qara oğurluğundan danışırdılar.

Mövzu ciddi olsa da, nərd oynayanlara mane olmamaq üçün söhbət astadan, sakit tonda edilirdi.

Təkcə Ağarəzidən sağdakı stolda oturan cavan və orta yaşlı iki kişi səslərinə sərhəd qoymurdular.

- Güllələmək lazımdı hamısını! Quduz it kimi!..- oğruların ünvanına söyüb söylənirdi orta yaşlı.

Cavan onunla razılaşmırdı:
- Ehtiyacdan o buna əl atır.., dolanışığı olsa hansı dəli özgəsinin tövləsinə girər.

- Necə yəni ehtiyacdan?! Məyər kənddə hamı ehtiyac içində deyil? Bəyəm harınlıqdan heyvan-qara saxlayırlar?.. - orta yaşlı hiddətlənirdi. - İl boyu otar, suvar, yemlə, altını təmizlə, qurd-quşdan qoru, bəslə kökəlt - bir gün dərənin hansısa qulduru oğurlasın aparıb satsın, pulunu qoysun cibinə, sən də qal kədbəkənd, örüşbəörüş malını axtara-axtara... İnsafsız mürvətsizlər!.. Namərdlər!.. Haram yeyənlər!.. - nifrətlə başını yelləyirdi.

Cavan birdən qayıtdı ki:

- Dana oğruları vəzifəlilərdən min dəfə yaxşıdırlar, insaflı mürvətlidirlər, mərddirlər.

Orta yaşlı kişi tutulan kimi oldu:

-Necə yəni yaxşıdırlar? Nə ilə yaxşıdırlar?..

Bu vaxta qədər onların söhbətinə o qədər də əhəmiyyət verməyən Ağarəzi, bütün diqqətini cəmlədi qonşu stoldakılara.

Cavan adam başladı üstünlüyü aydınlaşdırmağa:

- Son on ildə kəndinizdə neçə oğurluq olub və aparılan malların cəmi qiyməti neçə manat edər?.. – yaşlı kişidən soruşdu.

- Dəqiq bilmirəm, dörd ya beş, - yaşlı kişi başladı yadına salıb sadalamağa, - Piri kişinin iki camışını, Abduləhədin yanıbalalı sağmal inəyini, Həmayil arvadın yeddi qoyununu, Şükürün cöngəsini, Həmdullanın iyirmi hündüşqasını apardılar - cəmisi beş oğurluq olub. Satıb pula çevirsən dörd min- dörd min beş yüz manat edər.

- Səhvin var. - cavan adam cavabı göydə tutdu, səsində ciddilik bir az da artdı, - bəli, səhvin var... Sizin kənddə neçə illərdir ki malınızı, pulunuzu oğurlayırlar, özü də aşkarlıqda, gözünüz görə-görə... Dana oğrusu onların yanında fərsizin, acizin, yazığın biridir.

Yaşlı təəccüblə qaşlarını dartdı:
- Necə yəni?.. Nə vaxt, hansı yolla bunu edirlər?.. Axı kimlərdi onlar?..

- Biri elə kəndinizin icra nümayəndəsi. - cavan oturacağını rahatladı. - Sovet dövründə nə işləyirdi?

- Əvvəl kolxozda komsomol təşkilatının katibi, ardınca partkom, sonra kolxoz dağılana kimi sədr işlədi. Kolxoz ləğv ediləndə, islahat komissiyasına başçılıq etdi.O vaxtdan üzü bəri icra nümayəndəsidir.

- Bax, görürsən!.. Bu adam gör neçə ildir sizi çapıb talayır.., - cavan axtardığını tapmış kimi özündənrazı köks ötürdü, özünün sualına özü də cavab verməklə həmsöhbətinə ötən günlərin həqiqətlərini xatırlatmağa başladı. - Komsomol, partkom olanda ortada yeyib qıraqda gəzirdi? - Gəzirdi. Sizin əməyinizdən, zəhmətinizdən onlara hər ay maaş verilirdi? - Verilirdi. Kolxoz sədri işləyəndə pambığın kilosu on beş qəpik göstərilən sənədi imzalayıb pulunu üç qəpikdən almırdınız? –Alırdınız. Hər kiloda on iki qəpiyi kim mənimsəyirdi? – O. Briqadada yeddi-səkkiz nəfər işlədiyi halda maaş cədvəlindəki qalan on beş nəfərin maaşı kimin cibinə gedirdi? - Onun. Bəs islahat aparılanda? Yetmiş ildə atan, baban, sən kolxozda can qoymuşdunuz yığılmış maşın-traktorlar, mal-qara, tikililər necə oldu? Bəs islahatdan sənə, ailənə pay kimi nə düşdü? Həmən o icra nümayəndəsi açıq aşkar satıb sovmadımı nə vardısa? Sənə qəpik düşdü milyonu o qatladı qoydu cibinə.

Ağarəzinin kürəyində sanki qarışqalar gəzişdi. Elə bildi danışan bu saat üzünü çevirəcək ona sarı, şəhadət barmağını tuşlayacaq düz üstünə və ucadan deyəcək “Bax budur həmən o oğru! Budur o, qırmızı stolu, möhürü, kürsünü qılınc edib kəndlini soyub talayan!”... Deyəsən cavan oğlan onun bütün əməlləini yerli-yataqlı bilir.”Yox, bunu belə buraxmaq olmaz, bunu şərləmək lazımdı”-öz-özünə pıçıldadı.

Yaşlı kişi cavanın son sözləri ilə razılaşıb, kədərlə başını yellədi:

- Bəli.., bəli... Orasını düz deyirsən.., dağıtdılar.., satıb sovdular.., bizə qəpik-quruş verdilər, hamısını özləri qamarladı.

- Elə indi də həmin adamların əli cibinizdədir, yenə də gənə kimi qanınızı sorurlar, siz yazıqlar bunu görmürsünüz.-cavan əsəbiliklə barmaqlarını daraq kimi biri-birinə keçirdi.

- Görürük, niyə görmürük.., kor deyilik ki..,-yaşlı kişi inciyən kimi oldu.-Bir də ki, axı, görüb neyləyəcəyik..,- ümüdsüzcəsinə çiyinlərini çəkdi.

Cavan özündən çıxdı:

-Necə yəni neyləyəcəyik!.. Məyər bu dünyaya kiməsə nökərçilik etməyə gəlmisiniz?!.. Boyun əyməyin, mübarizə aparın, razı olmayın, şikayət edin.

- Kimə.., kimə şikayət edək?..- yaşlı yazıq-yazıq soruşdu.

- Necə yəni “kimə”?.. Yuxarılara.., kimə lazımdı, ona.

- Rəhmətliyin nəvəsi, şikayətə baxan var, ərizəni oxuyan var bəyəm?..- yaşlı təəsüf və məyusluqla üzünü yana çevirdi.

- Baxmırlar ozünüz əncam çəkin!..Yapışın ikiəlli hulqumundan əclafın!..-cavan çılğın qəzəblə əllərini irəli uzadıb, havada barmaqlarını tək-tək, nəyi isə güclə sıxırmış kimi gərginliklə qatladı, sanki ovclarında kiminsə boğazından tuturdu. –Dirəyin divara.., tələbinizi..,-söz cavan kişinin ağzında qaldı.Ağarəzi yerindən sıçradı:

- Kəs səsini, yaramaz!..- bağırdı. – Bəsdir rəhbəri söydün!..-irəli yeriyib yapışdı cavan kişinin yaxasından. –Gəl.., gəl.., polisdə danışarsan hamısını.., orada sənə başa salarlar rəhbəri söyməyn nə demək olduğunu, –istədi onu arxasıyca dartıb bayıra çıxara.

- Burax yaxamı, burax deyirəm sənə!..-cavan Ağarəzinin əllərini sinəsindən ayırmaq istədi.

- Yooox.., onu görməyəcəksən.., qoy polis ayırd etsin.., qoy rəis rəhbəri söyəni tanıyıb bilsin.- Ağarəzi barmaqlarını bir az da möhkəm sıxdı, onu qapıya tərəf itələməyə başladı.

Onları ayıran yox idi, şahid qismində sonradan polisə çağırılmalarını istəməyən müştərilər, mübahisə başlayanda çaylarını yarımçıq qoyub, qaçıb bayıra çıxmışdılar; gözləyirdilər ki ara sakitləşsin, qayıtsınlar oturduqları stullarına.

İçəridə, çayxanada işləyənlərlə həmən yaşlı kişi idi ki, o da yerində quruyub qalmışdı, özü də qəfil əlbəyaxadan yox, “rəhbəri söydün” sözündən, onun həmsöhbətinə Ağarəzinin belə böhtan atmasından.

Çayxananın sahibi istədi onları sakitləşdirə, Ağarəzi çımxırdı, razı olmadı, elə cavan kişini özü ilə bərarər bayıra çıxarmağa can atırdı. Cavan müqavimət göstərir, yaxasını onun barmaqlarından azad etməyə çalışırdı. Dartışma yumruqlaşmaya keçhakeçdəydi.

Birdən cavan kişi sol əli ilə yapışdı Ağarəzinin boğazından, sıxdı onu divara:

- Caynaqlarını çək yaxamdan, murdar!..- dedi.

- Xeeyir.., rəhbəri söyməyini rəisə özün deməyincə səni buraxdı yoxdu...-Ağarəzi boğulsa da onun yaxasından ikiəlli bərk yapışmışdı.

- Axxx.., çaqqal!..- cavan kişi nifrətlə pıçıldadı. Ani hərəkətlə əl atdı böyürdəki stolun üstündən çayniki götürdü və var gücü ilə çırpdı Ağarəzinin başına.

Elə bil təzyiq altında su vurulmuş motala ülgüc çəkildi. O saat qan fışqırdı. Ağarəzinin başı gicəlləndi,əllərini buraxdı, havada əl-qol atsa da tutacaq bir yer olmadığı üçün səntirləyib yıxıldı.

Cavan adamın qəzəbdən bənizi ağarmışdı, köynəyinin yaxasını düzəldə-düzəldə Ağarəziyə tərəf ikrahla tüpürdü, məğrur, şax addımlarla çayxanadan çıxdı. Yaşlı da özünü atdı bayıra, adamların arasına girib gözdən itdi.

Çayxana sahibi vahimə içində idi; “evim yıxıldı” deyə-
deyə gah qaçıb təcili yardıma zəng vurur, gah da qayıdıb Ağarəzinin üz-gözündən qanı silirdi.

Polislə təcili yardım eyni vaxtda gəldilər, polislər vuranın nəmini nişanını soruşub, çıxdılar çölə onu axtarmağa, həkimlərsə Ağarəzini maşınlarına mindirdilər, apardılar xəstəxanaya.

Heç yarım saat keçməmişdi hadisə yerinə polis pəisi, prokuror və mülki geyimdə, nazik qalstuklu bir adam da gəldi. Rəis çayxanada işləyənləri bir sıraya düzüb, barmağını üstlərinə silkələdi ki, əyər həmən o vurub qaçan tapılmasa onların hamısını damda çürüdəcək. Sonra bir az da coşdu:

- Bu işlərin təşkilatçısı sənsən!.. Bandabaşı sənsən!..-çayxananın sahibinə əlüstü bir sillə çəkdi.

Çayxananın sahibi stolun üstündə müştəridən qalma qutab tikəsini götürüb rəisə tərəf uzatdı:

- Bu bərəkətə and olsun onların heç birini tanımıram.-dedi.

Prokuror da çox hirsli görünürdü; deyinə-deyinə stolların arası ilə var-gəl edir, “hökumət adamı”, “təxribat”, “vəzifəli şəxs” sözlərini donquldayırdı.

Prokuror və rəisdən fərqli olaraq mülki geyimli adam sakit idi, çayxanada işləyənləri tutmuşdu sorğu-suala ki, bəs, “o nə dedi”, “o biri nə cavab verdi”, “sonra nə dedi”, “bu biri necə dedi”, “başqaları kimin sözünə qüvvət verirdi”..,- cavanla yaşlı kişi arasındakı söhbəti xırdalığına qədər dəqiqləşdirirdi. Sonra dinməzcə stolların üstündəki nərd və domino qutularını saydı, nərd qutularının yanında dini kitabların, televizorun üstündə muğamat kassetlərinin nə üçün olmadığını soruşdu.

Çayxananın sahibi günahkar, titrək səslə cavab verdi ki, müştərilərdən, gözdən oğurlanıb özü ilə araq gətirib içən olar deyən, dini kitabları alıb stolların üstünə düzmür, muğamata da ki indi qulaq asan yoxdur.

Mülki geyimli narazılıqla başını buladı:

- Onu etmədin.., bu yoxdur.., nəticəsi bax budur- hakimiyyət əleyhinə cürbəcür fikirlər səslənib, dövlət adamına əl qaldırılıb, xəsarət yetirilib..,- soyuq baxışlarını yenidən çayxananın sahibin sifətində cəmləyib, keçdi tapçırıqa: -Hər stolun üstünə bir nərd qutusu, bir də dualar, hədislər kitabını qoy. Müştəri şeşbeşdən yorulanda dindən, axirətdən söhbət etsin. Arabir də muğamatı oxutdur. O yerdə ki bunların üçü də var və bir yerdədir - orada həmişə sakitlik, sabitlik olacaq...

Görünür mülki geyimli adam vəzifəcə yanındakılardan böyük idi – danışanda rəislə prokuror o saatca kiriyib ona qulaq asırdılar.

Sonra hər üçü öz aralarında astadan nə haqdasa bir az danışdılar və çıxdılar bayıra.

Deyilənə görə səhərisi günü çayxanada işləyənlərdən polisdə və prokurorluqda izahat alınıb, çayxananın sahibi isə üstəlik, yoldaşının qızıl boyunbağısını və lola sırğasını təcili satmalı olub.

Həmən o iki kişiyə gəlincə; Ağarəzini vuranı polis hələ də tapa bilməyib, yaşlı kişi oğlunun xeyir işi üçün, iki ildir yığıb-yumurladığı pulu gətirib, verib prokurorla polisə, canını qurtarıb-polis şahid tapıbmış ki, guya o da əlində bıçaq qolaylanırmış Ağarəzini vurmağa.

Ağarəzi düz iyirmi gün xəstəxanada yatdı, peysəri tamam sağaldı. Və qayıtdı Kotanlıya, öz işinə.

Son.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG