Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:17

Ünvanlı sosial yardım, yoxsa süründürməçilik? (VİDEO)


Ünvansız süründürməçilik
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00
Direct-ə keçid

Rəsmi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bugünlər öz işçilərinə "rüşvətdən, süründürməçilikdən uzaq durun!" deyib. Hələ bu sözlərin əks-sədası səngiməmiş sosial müdafiə mərkəzlərinə üz tutumuş müxbirimiz Nüşabə Fətullayevanın videosüj

«Deyirlər ki, o kağızı gətir, bu kağızı gətir. Gətiririk, veririk, sonra deyirlər başqa sənədi gətirin. Gündə bir sənəd istəyirlər. İncidirlər adamı».

Yasamal rayon sakini Tuğra Nuriyeva deyir ki, ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, 5 aydır süründürməçiliklə qarşılaşır. Hər dəfə ondan müxtəlif sənədlər istəyirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov da nazirliyin fevralın 1-də keçirdiyi kollegiya iclasında ünvanlı sosial yardım üçün müraciət zamanı tələb olunan sənədlərin azaldılmasının vacibliyini bildirib. Nazirliyin məlumatında bildirilir ki, Füzuli Ələkbərov görülən tədbirlərə baxmayaraq, əhaliyə xidmət səviyyəsinin qənaətbəxş olmadığını deyib.

«ELƏ BİL YATMIŞ İNSANLARI OYATDILAR»

Yasamal rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Asəf Aslanov deyir ki, nazirlikdəki bu toplantıdan sonra işlərini xeyli yaxşılaşdırıblar:

«Elə bil ki, yatmış insanları oyatdılar ki, oyan, ay yatmış insan, sən millətinə xidmət edirsən. İşinin keyfiyyətini artır, münasibətini yaxşı elə, insanlara xidmət elə».

O ki qaldı süründürməçiliklə bağlı şikayətlərə, Asəf Aslanov bunları deyir:

«Razılaşıram ki, belə bir hallar olur. Özümə də dəfələrlə müraciətlər olur. Ancaq bəzən vətəndaşlar tələb olunan sənədi gətirmək əvəzinə şikayət etməyi daha üstün tutur. Sənədi gətirə bilmirsə, süründürməçilikdən danışırsa, süründürməçilikdən söhbət gedə bilməz».


«6 AYIN PULUNU ÖZLƏRİ ÜÇÜN GÖTÜRÜBLƏR»

Abşeron rayonu Qobu kəndinin sakini Mehriban Vəlicanova isə deyir ki, Abşeron rayon Əhalinin Sosial Müdafiə Mərkəzi onu neçə aydır get-gələ salıb. Gah bu, gah da digər sənədin dalınca göndərirlər:

«Mən bir il yardım almışam. Onu da güc-bəla ilə. 6 ayını da özləri üçün götürmüşdülər. 5 uşağa 80 manat pul kəsilmişdi. Rayonlarda daşqınlar olanda onu da dayandırdılar. Sonra dedilər ki, yoldaşın işləməlidir. O da 116 manatlıq maaşla işə düzəldi. Bütün sənədlərimi düzəltmişəm, məni yenə get-gələ salıblar».

Abşeron rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ünvanlı sosial yardım sektorunun müdir müavini Afət Məhərrəmov şikayətçidən pul alınmasını böhtan adlandırır. Deyir ki, fevral ayından ona ünvanlı sosial yardım da veriləcək:

«Həmin şəxs Sumqayıtda qeydiyyatda olub. Ondan tələb olunur ki, Abşerona müvəqqəti qeydiyyata düşsün. Ondan sonra sənədləri gətirməlidir. Bir o sənədi gətirəcək, sonra sənədləri qəbul olunacaq».

«TAPŞIRIQLA PROBLEM HƏLL OLUNMUR»

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev isə nazir Füzuli Ələkbərovun çıxışına toxunaraq deyir ki, tapşırıqla, sərt danışıqlarla problem həll olunmur. Bunun üçün qanunlar işlənməlidir. Həm də elə işləməlidir ki, korrupsiyaya yer qalmasın:

«Yardım hesablanmaq üçün yoxsulluğun meyarı düzgün hesablanmır. Hökumət indiyə qədər bunu 60 manat məbləğində götürürdü. Müavinət almaq üçün gəlirin bundan aşağı olmalıdır. Bizdə real yaşayış minimumun real dəyəri xeyli yüksəkdir. Belə vəziyyətdə insan de-fakto yoxsuldur, de-yure yoxsulluğunu təsdiq etmək üçün hökumətdən müəyyən vəsait almaq üçün hansısa sövdələşmələrə getməyə məcbur olur. Bunlar da qanunvericilidəki çatışmazlıqlarla bağlıdır».

İqtisadçı ekspert deyir ki, elektron ünsiyyətə keçmək, vahid pəncərə sistemi tətbiq etmək və xarici təcrübəni mənimsəmək problemin həllinə kömək edə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında o da bildirilir ki, nazir sənədlərin azaldılması isə bağlı təkliflər hazırlamasını da tapşırıb. Əhaliyə xidmət səviyyəsinin artırılması ilə bağlı isə 1 həftə ərzində işçi qrupuna tədbirlər planının tərtib olunması tapşırılıb.

Yenə nazirliyin məlumatına görə, 2010-cu ildə işdə yol verdiyi nöqsanlara görə 6 nəfər işdən çıxarılıb, 116 nəfərə töhmət verilib. Bir nəfərin işində qanun pozuntusu aşkar edilib. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. Bu ilin yanvarında isə daha 2 nəfər vəzifəsindən azad edilib.

XS
SM
MD
LG