Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:34

Hakimiyyət «islahat şousu»nu davam etdirir


Mətbuat icmalı
Mətbuat icmalı
«AMMA YENƏ DƏ XANIM İFAÇI, YENƏ MİNİ YUBKALI QIZ»

«Bizim yol» qəzeti «Bu dəfə bir az çətin olacaq» başlıqlı yazıda Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin müsahibəsi dərc edilib.
O, «Eurovision» mahnı müsabiqəsində kimin uğur qazanacağı ilə bağlı suala cavabında «yenə də müsabiqəyə qız göndərmək limitindən istifadə etdik» deyə cavab verib.

«Mən «Eurovision» mahnı müsabiqəsinə Novrəsli qardaşlarının getməsini istəyirdim. Dörd qardaş gedib orada nə isə göstərə bilərdi. Amma yenə də xanım ifaçı, yenə mini yubkalı qız... Müsabiqəyə qız göndərmək limitindən istifadə etdik. 3-cü dəfə qorxuram bu, keçməsin. Başqa bir şey etmək lazımdır. Çünki hər dəfə eyni şeyi göstərmək olmaz. Ötən illərdə qızlarımız çox yaxşı çıxış ediblər. Bu dəfə bir az çətin olacaq. Kaş ki, mən düz deməyim. Bu dəfə pessimistəm. Safura gedəndə, Aysel iştirak edəndə, məndə qazanmaq üçün ümid vardı. İstedadlı qızlardı, istər hərəkətdə, istərsə də səsdə. Bu dəfə isə ancaq uğur diləyə bilərəm...».

Musiqi Akademiyasının rektoru Azərbaycan telekanallarından da danışıb:
«Çox acınacaqlı haldır. Azadlıq və demokratiya olduğundan kanallara nəzarət yoxdur. Hansı kanal nə istəyir, onu da efirə verir. Mən demirəm ki, yenə senzura olsun, amma yenə daxili senzura olmalıdır. Hansı əsəri vermək, hansını verməməyi müəyyən etmək lazımdır. Ucuz mahnıları və hərəkətləri efirə vermək olmaz. Bəzən elə xanımlar efirə çıxır ki, adam onlara baxanda utanır», - deyə Bədəlbəyli bildirib.

«NƏQLİYYAT NAZİRİ ÜÇÜN ƏLVERİŞLİ ŞƏRAİT YARANIB»

«Yeni Müsavat» qəzeti «Ziya Məmmədovdan Arif Əsgərova bilet zərbəsi» başlıqlı yazıda dəmiryolunda biletlərin bahalaşmasından sonra sərnişinlərin Bakı avtovağzalına axını başladığını yazır.

«Ölkədaxili dəmiryolu nəqliyyatında gediş haqlarının qalxmasından sonra sərnişinlərin Bakı avtovağzalına axını müşahidə olunur. Sərnişinlər bölgələrə işləyən qatarların biletinin iki dəfə bahalaşmasından sonra avtobuslarla getməyin daha sərfəli olduğu qənaətinə gəlib.

Qəzet yaranmış situasiyanın Nəqliyyat naziri Ziya Məmmədova sərf etdiyini yazır:

«O, Dövlət Dəmir Yolu İdarəsinin rəisi Arif Əsgərova qarşı «bilet yürüşü»nə başlayıb. Hər iki məmur arasında xeyli vaxtdır davam edən çəkişmənin kulminasiya nöqtəsində Nəqliyyat naziri üçün əlverişli şərait yaranıb. O, bu fürsətdən istifadə edərək avtovağzalda gediş haqlarının süni şəkildə qaldırılmasına qadağa qoyub. Bununla da dəmiryol vağzalına üz tutanların sayı azalıb və avtovağzalda bilet qıtlığı əmələ gəlib».

«ARTIQ RAMİZ MEHDİYEVİN İLHAM ƏLİYEVİN ADINDAN TƏŞKİL ETDİYİ «ŞOU»NUN İCRASINA BAŞLANILIB»


«Azadlıq» qəzeti «Hakimiyyət islahat şousunu davam etdirir» başlıqlı yazıda qeyd olunur ki, İlham Əliyev xalqın etimadını qazanmaq üçün müvəqqəti rüşvət və korrupsiyaya qarşı mübarizəyə başlayıb.

«Azərbaycan hakimiyyəti Tunisdə və Misirdə baş verən inqilabi proseslərdən sığortalanmaq üçün aldadıcı addımlar atmaqda davam edir… Artıq Ramiz Mehdiyevin İlham Əliyevin adından təşkil etdiyi «şou»nun icrasına başlanılıb. Dövlət qurumlarında kollegiya iclaslarının ardı-arası kəsilmir. Xırda çinovniklər ard-arda qurban verilir və s.»

«AZƏRBAYCAN REGİONUN ƏSAS GÜC MƏRKƏZİNƏ ÇEVRİLİB»

«Azərbaycan regionun əsas güc mərkəzinə çevrilib». Bu, rəsmi dövlət qəzeti olan «Azərbaycan» qəzetinin baş məqaləsidir.

Yazıda qeyd olunur ki, ötən yeddi ildə bütün sahələr üzrə əldə edilmiş yüksək nəticələr nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir edilir.

«Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» nın əsas məqsədi də ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir», - deyə qəzet yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG