Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:47

Dava “tərif” davasıdır


MƏMMƏD AĞAYEV


Açığı gözləmirdim.

Qismətin məruzəsinin bu qədər səs-küy qoparacağını vallah-billah gözləmirdim.
Məruzə bitdi, mühazirə başladı.

Öz də bu mühazirəni “oxuyan” başqa adamlardır, Qismət deyil.

Çünki Qismətin “boğazlarına” bənzəmir. “Mirzə-Hüseyn” segahında bu cür boğaz eləməzlər axı, qadası.

Yanvar ayının 26-cı soyuqlu-günəşli günündə hamı yığıldı Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubuna, gənc yazarlarla bağlı bir məruzə dinləməyə.

Öz də bu məruzəni Qismət edəcəkdi.

Onun qələmini bəyənən-bəyənməyən hər kəs ön və orta sıraları necə deyərlər məşğul etmişdi. Arxa sırada onsuz da yeganə boş qalmış stulda əyləşib məclisə qoşuldum.

Dost-tanışla gözlə, qaşla salamlaşıb fikrimi yenicə cəmləmişdim ki, Qismət tədbir iştirakçıları ilə məruzəsinin şair Kəramət Böyükçölə həsr etdiyi abzasının bu cümləsini paylaşırdı: “...

Amma Kəramətin şeirlərində istər forma, istərsə də məzmun baxımından şair Qəşəm Nəcəfzadənin qabarıq təsiri hiss olunur və bütün bunlar onun şeirlərini hələki özünüaxtarış nümunələri kimi dəyərləndirməyə əsas verir”. Sitatın sonu..

Dava “tərif” davasıdır

Şərti olaraq 3 bölüm – poeziya, proza və bədii tərcümədən ibarət məruzə bu formada da davam edib sona çatdı.

Qismət nə dedi, gözəl dedi, xoş dedi. Şair Qismətin məruzəsini şeir adlandıranlar da oldu, yaxın keçmişin hesabatı formasında da qiymətləndirdilər.

Uğursuz da dedilər, gözəl bədii ümumiləşdirmə kimi də dəyərləndirdilər.

Amma məncə o məruzə ədəbiyyatımızın hal-hazırda ehtiyac duyduğu 10 illik bədii araşdırma idi.

Bir az poetik desək, yazar Nərmin Hüseynzadənin haqlı olaraq “gənclərin ağsaqqalı” adlandırdığı Qismətin bu məruzəsi sözün əsl mənasında “ağsaqqal rəyi” idi. Tənqidi tənqid, tərifi tərif yerində - tənqidçi Əsəd Cahangirin tədbirdə dediyi kimi “hər şey öz dozasında idi”.

Qismətin bu məruzəsindən bir neçə gənc ədibə tənqid qismət oldu.

Və sən demə tədbirdə Qismətin bu sətiraltı tənqidlərinə məruz qalan o gənc yazar-pozarlarımız məruzə sona çatar-çatmaz kompüterlərinə sarılıblar.

Hara baxdım “cavan” ədiblərimizin məruzəylə bağlı “körpə” yazılarını gördüm.

Və vəziyyətdən agah oldum.. “dava tərif davasıdır”. Bir para yazanlarımız məruzədə onlara istiqamətlənən tənqidi qəbul edə bilmədikləri üçün düşüblər elektron məkanın canına.

Yazılarına giriş olaraq tənqidin gözəlliyini mədh etsələr də tənqidə dözümsüzlük nümayiş etdirdiklərindən özlərinin belə xəbərləri olmayıb (deyəsən onların payına düşən tənqidin “doza”sı bir az artıq olub).

Bu məruzəyə yönəlik tənqidi yazılar silsiləsindən gözümə dəyən bir nüans da məruzənin başdan-ayağa tənqidçi Əsəd Cahangirin sitatları ilə dolu olmasıdır.

Məruzə - əsasən sitatlardan ibarət olub son dövr hadisələrini dövri nəşrlərə əsaslanmaqla özündə əks etdirən bir yazı nümunəsidir.

Ümidvaram ki, deyə bildim.

Çox qəribədir ki, bu qəbildən olan yazıların birində məruzədə Şahbaz Xuduoğlunun və Nigar Köçərlinin əməyinin nəzərə çatdırılmamağı tənqid olunurdu.

Kitabçılıq sahəsində göstərdikləri uğurlu fəaliyyətə görə təqdimata ehtiyac duymayan bu iki dəyərli şəxsi təqdim etmək məcburiyyəti duyuram; Şahbaz Xuduoğlu – “Qanun” nəşriyyatının baş direktoru, Nigar Köçərli – “Əli və Nino” kitab mağazalar şəbəkəsinin baş direktoru.

Sən demə hamı jurnalist imiş

Çox qəribədir.

Sözü gedən məruzədətənqid olunan gənclərimizin AzadlıqRadiosunun “Oxu zalı” bölməsində yazıları çıxdı.

Ədiblərimiz ürəklərini boşaltmaq üçün əllərinə bir az ağır silah – jurnalist qələmi almaq qərarına gəldilər. Amma çox təəssüf ki, istifadə qaydalarına bələd olmayan ədiblərimiz jurnalist silahını (qələmini) yalnış istiqamətə doğruldublar

Başlarının ədəbiyyatdan yeni-yeni çıxmağa başladığı bir zamanda bu “gənc” yazarlarımızın jurnalistika ixtisasını da qarpız kimi əllərinə almaları sizcə doğrudurmu?

Hər bir yanlışlarıyla, doğrularıyla. (Hələ onu demirəm ki, yazılarında gözə çarpan səhvləri yığsaq bir məqalə düzələr)

Nəisə... düzələr.

Qeyd: Bu yazımı Qismətin məruzəsi haqda deyilənlərə “son söz” kimi qələmə aldığımı düşünərək yuxarıda qeyd etdiyim iradları xətrinizə yaxın buraxmasanız çox sevinərəm.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG