Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:30
BİLET ALANLARIN PƏRTLİYİ

Bakı dəmiryol vağzalında bilet kassalarının qarşısındayıq. Kassadan çoxları narazı və pərt ayrılır. Səbəb də fevralın 1-dən dəmiryolunda gediş haqqının artmasıdır.
Astaradan Bakıya qardaşının yanına həbsxanaya gələn Gözəl İbayeva əvvəlcə qiymətin 50 qəpik qalxdığını deyib danışmır. Amma oğlu kassadan qiyməti öyrənib gələndə ovqatı da dəyişir, dili də açılır.

- Bir bilet 7 manata? Əvvəl 9 manat verib iki nəfərə bilet alırdıq. İndi iki nəfərə 14 manat verməliyik. Belə yaşamaq olar? Hələ 12 il bu yolu gedib gəlməliyik. Çətindir. Kim qaldırıbsa... Buna nəzarət yetirsinlər. Bu nədir? Anam 85 manat təqaüd alır. O da bu yolu gedib gəlir. Ayda bir ya iki dəfə. Məcburuq gələk. Belə olmaz. Unun qiymətini qaldırmışdılar 22 manata. Belə də olmaz axı. Camaat da yaşamaq istəyir.


Tarif Şurasının qərarı ilə fevralın 1-dən ölkə içində qatarların qiyməti istiqamətdən və məsafədən asılı olaraq müəyyənləşir. Qiymətlər adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir.

KUPE DÖVRÜ BİTDİ...

Səbinəylə Akif yeni ailəlidirlər. Səbinə deyir ki, əvvəl 15-16 manata kupedə gedirdilərsə, bu gündən həmin qiymətə sadəcə, plaskart vaqona bilet ala biləcəklər.
- Əvvəl ucuz idi, kupe 8 manat idi, indi 15 manatdır.
- Çox narazıyıq. 7 manat olub bilet, özümüz də Tovuza gedirik. Əvvəl 2 manat 80 qəpik, 3 manat 50 qəpikiydi. Ayda bir dəfə gedirdim. Amma daha gedə bilməyəcəm.
- Qiymətlərin qalxması çox pisdir.
- Maaşları qaldırmamış qiymətlər qalxıb. Çox pis. Pensiyaçılara yazığınız gəlsin, nə alırlar. Elə mən özüm, 90 manat alıram.
- Əvvəl 4 manata alırdım, indi ikiqat qaldırıblar. Hökumət yox, prezident yox.

«MDB-YƏ ÇATMAĞA ÇOX VAR»

Qiymətlərin qalxmasından sərnişinlər kimi deyəsən, «Azərbaycan Dəmiryol» da narazıdır. Bakı Dəmiryol Vağzalının rəisi İlyas Məmmədovun sözlərinə görə, qiymətlər artsa da, MDB məkanında ən ucuz qiymətlər yenə də Azərbaycandadır.

- Camaat şikayət edir? Getsinlər Tarif Şurasına şikayət etsinlər. Biz onun qərarı əsasında işləyirik.
- Amma qiymət artımı ilə bağlı Dəmiryol İdarəsi Tarif Şurasına müraciət etmişdi.
- Müraciət etməlidir də. Burdan Qazaxa 2 manata sərnişin aparmaq olar? Bu gün Azərbaycanda sərnişindaşımanın qiyməti MDB məkanında, dünyada ən ucuzdur. Hətta qiymət artımından sonra da. Tarif Şurası artırıb, hələ MDB məkanına çatmağına çox var.

«DAHA SU İÇMƏRİK»

Azərbaycanda suyun qiyməti də artıb. Sudan istifadə xidmətlərinin tarifləri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 m3 üçün 30 qəpik, başqa regionlarda 25 qəpik olub. Qeyri-əhali istehlakçı qrupları üçünsə qiymətlər bir manatdır.
Bu artımı nədənsə bəzi həmsöhbətlərim ironiya və ya yumorla qarşıladılar.
- Tək odur qalxan? Hər şeyin qiyməti qalxır. Deməli, nəyisə qənaət edəcəyik.
- Hökumət qaldırıbsa dözmək lazımdır. Pul onsuz da çatmır. Çatmasa da neyləyəsən?
- Çox pis. Bahalaşdıra-bahalaşdıra hara gedirlər? Qiymət artımına baxıram, cibimə baxıram, sərf eləmir. Yuxarıdakıların aşağıdan xəbəri varmı bilmirəm, amma aşağıların vəziyyəti pisdir.
- Suyun qiyməti qalxıb? Onsuz da hər şeyin qiyməti qalxıb da. Bir azdan aldığımız hava da pulnan olar. Heç nə. Suyu az işlədərik. Ya da susuz gəzərik. Qiymət qalxır, amma keyfiyyəti yoxdur. Bulanıq gəlir, tam verir.

OQTAY ƏSƏDOV «ŞİRKƏT İŞÇİLƏRİN PULUNU VERƏ BİLMİR»

Fevralın 1-də bir sıra millət vəkilləri parlamentdə qiymət artımını müzakirəyə çıxarmaq istəyiblər. Qüdrət Həsənquliyev hökumətin bu qərarı bir müddət təxirə salmasını təklif edib.
Milli Məclisin sədri Oqtay Əsədova görəsə, qiymət artımından manipulyasiya məqsədi ilə istifadə etmək düzgün deyil. O bildirib ki, dünyanın heç yerində suyun qiyməti Azərbaycandakı kimi ucuz deyil: «Suyun qiyməti 12 qəpik artırılıb. Bir şüşə suyu dükandan neçəyə alırsınız? Bu gün Bakı şəhərini içməli su ilə təmin edən şirkətdə 12 min adam işləyir. Tariflər aşağıdır, şirkət işçilərin pulunu verə bilmir. Eynilə də dəmiryolunda tariflər Ermənistan və Gürcüstandan 3-4 dəfə ucuzdur».

Deputat Gülər Əhmədovanın münasibətisə belə olub: «Əgər doğrudan da həmin xidmətlərin maya dəyəri yüksəkdirsə, onu əhaliyə maya dəyərindən aşağı satmaq düz deyil».
Amma deputat hesab edir ki, aztəminatlı təbəqə üçün hökumət bəzi güzəştlər etməlidir.

«ŞOK EFFEKT»

Zöhrab İsmayıl
İqtisadçı Zöhrab İsmayıl deyir ki, qiyməti artıran hökumət keyfiyyətdə dəyişiklik etmir. Bu da soyğunçuluqdur.
Başqa iqtisadçı Rövşən Ağayevin fikrincə, hökumətin bu addımı vətəndaşda şok yaradır. O yada salır ki, hökumət 2007-ci ildə elektrik enerjisinin qiymətini birdən-birə üç dəfə, benzinin qiymətini orta hesabla 50 faiz qaldırmışdı. Elə indi suyun da qiyməti də 50 faizdən çox qalxıb.
«Yoxsul təbəqənin üstünlük təşkil etdiyi ölkədə kəskin qiymət artımları yolverilməzdir. Heç hökumət heç vaxt əmək haqlarını, təqaüdləri bu qədər artırmazdı. Ən yaxşı halda 15-20 faiz artım olur».

«KİM TƏMİNAT VERİR»

Hökumət qiymət artımını sözügedən sahələrdə maya dəyərinin baha olması ilə bağlayır. Amma iqtisadçı Rövşən Ağayev deyir ki, sözügedən sahələr inhisarçı qrupların əlində cəmlənib. Və üstəlik bu qurumlarda maliyyə hesabatlılığı beynəlxalq standarta uyğun deyil.
«Biz necə inanaq ki, qiymətləri 70-80 faiz artıran «Azərsu» gəlirləri yenə gizlətməyəcək? Yenə pullar qeyri-müəyyən istiqamətə, əhalidən gizlədilən istiqamətə getməyəcək. Buna kim təminat verər?»

«BUNUN NƏYİ SÜRPRİZDİR»

Tarif Şurasının katibi Elşən Əsədovsa deyir ki, son 13 ildə dəmiryolunda qiymət artmayıbsa, bunun nəyi sürprizdir. O ki qaldı, suya:
«Bir adamın ay ərzində su xərci 42 qəpik artacaq. Burda hansı ciddi fəsaddan danışmaq olar? Gəliri də çoxdur, xərci də».

Elşən Əsədov bunu da deyir ki, yaxın aylarda benzinin, qazın, elektrik enerjisinin qiymətinin artması ilə bağlı müraciətlər yoxdur və müzakirə də aparılmır.
Təxminən bir ay öncə Tarif Şurasının katibi AzadlıqRadiosuna demişdi ki, qiymət artımı ilə bağlı onlara müraciət gəlməyib. «Əhalini maraqlandıran benzindi, qazdı, sudu – bununla bağlı bizdə müraciət və müzakirə yoxdur».

Şərhləri göstər

XS
SM
MD
LG