Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:57
“Qanun” nəşriyyatı 3 yeni kitab çap edib.

Bunlar Seyran Səxavətin “Qaçhaqaç” romanı, Sevinc Pərvanənin şeir kitabı və Markesin “Patriarxın payızı” romanının tərcüməsidir.

“Qadağan saatları” Sevinc Pərvanənin “Ən yeni ədəbiyyat” seriyasında nəşr olunan ikinci kitabıdır. Yazar bu dəfə oxucularının görüşünə şeirləri ilə gəlir.

Nəşriyyatın məlumatına görə, “yazar bu kitabında da öz mövzularına, öz şeir estetikasına sadiq qalır, qadın azadlığını, onun iç dünyasının təlatümlərini özünəxas şəkildə oxucularına çatdırır, bəzən romantik, bəzən qrotesk üslubda hisslərini sözə çevirir”.

Nəşriyyatın məlumatına görə, S.Səxavətin “Azərbaycan nəsri” seriyasında çap edilən “Qaçhaqaç” romanı “onun görüşdüyü, ünsiyyətdə olduğu orta və ali məktəb illərindəki tələbə dostlarından, Azərbaycan ədəbiyyatının görkəmli şəxslərinin həyatının sizlərə məlum olmayan tərəflərindən, bir sözlə yazıçının keçirdiyi sarsıntılardan, sevgisindən bəhs edir".

Məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin “Patriarxın payızı” romanını isə Azərbaycan dilinə Afaq Məsud çevirib.

“Patriarxın payızı” romanı zorakılıq və despotizm faktları ilə kifayət qədər zəngin olan bəşər tarixinin qrotesk ümumiləşdirilməsidir.

Əsərin mərkəzində konkret cizgilərdən azad, maksimum tipikləşdirilmiş, bütün gerçək diktatorların xüsusiyyətlərini özündə cəmləyən, ölməkdə olan, amma heç cür ölmək bilməyən, həyatda qalmaq üçün əcaib cinayətlər işləyib, qanlar tökən bir diktatorun hekayəsi durur.

Patriarx – hakimiyyət ideyasının özünün, onun insan şüuruna təsirinin təcəssümüdür. Roman bizə hökmdar haqda mifi nağıl eləsə də, bu, mifin özü kimi yox, mifyaratma prosesi kimi üzə çıxır.

Bu hekayət mifin yaranması, rasional dərketməyə və təhlilə xalqın mif forması verə bilməsi haqqındadır. Ancaq mif nəinki yaranır və yaşayır, həm də diktatorun son, qəti ölümüylə bitir. Kollektiv hekayəçilərin diktator haqda nəql elədiyi bu hekayət təkcə mifin yaranması hadisəsi deyil, həm də elə mifin dağıldığı vaxt onun dərk edilməsi və ona münasibətdir.

Şərhləri göstər

XS
SM
MD
LG