Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:40













HƏQİQƏTİN İÇ ÜZÜ

Adın qalxdıqca göylərə uca bayraq olacaqsan,
Payız küləyindən əsib zərif yarpaq olacaqsan,
Lap dünyanın fatehi ol, sonda torpaq olacaqsan
Böyük olan zirvə deyil, fitrətdəki həqiqətdir!

Dünya fəryad, fəğan edir, qulağını tıxa yat sən,
Yalan, xəyanət içində boğul dərinliyə bat sən,
Əqidən qiymətdən düşüb, indi bədənini sat sən
İdrak çirkabdan da ucuz abır-həya bahalaşıb!

Səma başına daş tökür, elə bilmə ki, qar yağır.
Qara şimşəkli səmadan zəhərli əqrəb,mar yağır.
Sinəsi dağlı ananın dilindən ahu-zar yağır.
Həyatın bəxşişi kədər,aldığı rüşvət ömürdür!

Şəhid qanı qəbirlərə yığılıb daşıb Nil olub
Göz yaşı da ləkələnib, dönüb çirkaba lil olub
Milçəklər yeyib kökəlib, ətli-əndamlı fil olub,
Eybəcər kaftar sürüsü, cüyür-ceyrana çevrilir!

Dodağımda həqiqətim uyuduqca hey uyudu,
Həyat misilsiz ümmandır, qan ilə dolmuş quyudu,
Gözlərimdən axan leysan,yaş deyil kədər suyudu,
Ağlamaqdan nə çıxır ki, qəm gözdə yox,ürəkdədir!


ÖYRƏNDİKCƏ QOCALIRAM

Şeytanın qəddar hökmünə
Dağılmayan sədd çəkməyi,
Xoşbəxtlikdən məhrum olub
Gecə-gündüz dərd çəkməyi
öyrəndikcə qocalıram.

Ürəyimə qıfıllanmış
məhəbbət əzablarını,
Hər sətiri ümman olan
"həqiqət kitabları"nı
öyrəndikcə qocalıram.

Yerə çökdükcə dizlərim
Haqqa ümid bağlamağı,
Uşaqlığın həsrətindən
Körpə kimi ağlamağı
öyrəndikcə qocalıram.

Müdrikləşmiş dərviş kimi
ağ sükutda karlaşmağı,
Nəqş vuran nəqqaş kimi
ustalaşıb korlaşmağı
öyrəndikcə qocalıram.

Elm,ağıl,idrakımla
zirvələrə ucalmağı,
Qartlaşmır tər yarpaq kimi
Cavan ikən qocalmağı
öyrəndikcə qocalıram.

Min dondan min dona girən
mələk cildli şeytanları,
Dilində yalan bəsləyən
ikiüzlü insanları
öyrəndikcə qocalıram

Xəyanətə uğradıqca
fitrən, ruhən ölməyi də,
Saxtakarın fitnəsinə
rişxənd ilə gülməyi də
öyrəndikcə qocalıram

Bəsirət bəbəklərimlə
gələcəyi görməyi də,
Ustad, dahi bənnalar tək
üçlü məbəd hörməyi də
öyrəndikcə qocalıram

Çirkə batmış murdarların
xislətindən iyrənməyi,
Tanıdığım hər insandan
bir kəramət öyrənməyi
öyrəndikcə qocalıram.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG