Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:13

«Çanaq antenalarının sökülməsinə start verildi»


Mətbuat icmalı
Mətbuat icmalı
Fevralın 1-dən Azərbaycanda su, poçt və sərnişindaşıma xidmətlərində qiymətlərin artırılması, Misirdə baş verən hadisələr qəzetlərin əsas mövzularıdır.

«Azadlıq» qəzeti qiymət artımı ilə bağlı xəbəri «Hakimiyyətdən əhaliyə daha bir zərbə» adı altında dərc edib. Politoloq Eldar Namazov bildirib ki, «Azərbaycanda Misir variantı olsa, Qərb xalqın yanında olacaq».

«Orta məktəblərdə məcburi kitab satışı» adlı məqalədə qəzet yazır ki, Təhsil naziri Misir Mərdanovun orta məktəblərdə kitab satışını qadağan edən qərarına məhəl yoxdur:

«Paytaxtın bir çox məktəblərində baş verənlər bunu deməyə əsas verir... 1-6-cı siniflərdə təhsil alan uşaqlar qiyməti 2 manat olan «Azərbaycan dilindən dialektik materiallar», «Riyaziyyatdan didaktik materiallar» və «İnformatikanın qiymətləndirmə vasitələri» kitablarını almağa məcbur edilir».

«İmişli-arıq eşşəyin yaylağı» adlı başqa bir məqalədə bildirilir ki, rayonun bəzi kəndlərində hər üç evdən biri qəzalı vəziyyətdədir. Bərcivan kəndinin sakinləri isə bununla bağlı Bakı-Horadiz dəmiryolunu bağlayıblar.

«Bizim yol» qəzeti yazır ki, «Çanaq antenalarının sökülməsinə start verildi».

«Dünən paytaxtda apardığımız araşdırmalar zamanı peyk antenaların söküntüsünə start verildiyinin şahidi olduq. Bakının mərkəzi küçələrindəki binalardan çanaq antenalarının yığışdırılmasına göstəriş verilib. Sökülən antenalar da var. Amma hələ ki kütləvi şəkildə bu qərar icra olunmur. Göstərişi icra edən dövlət qurumlarının nümayəndələri çanaq antenaların binaların fasadında ciddi problemlər yaratdığını iddia edirlər».

«Yeni Müsavat» qəzeti «Bütün dövlət idarələrində vətəndaşlarla ehtiyatlı davranmaq tapşırığı verilib» başlıqlı məqalə dərc edib. Məqalədə yazılır ki, «Bütün nazirliklərə, dövlət qurumlarına, idarə və müəssisələrə, yerli icra orqanlarına vətəndaşları incitməmək tapşırığı verilib. Əhali ilə toplu təmas imkanı olan bütün idarələrə xüsusi və ciddi göstərişlər yollanıb. İqtidar xalqın qəzəbindən qorxur. Tapşırığa əsasən, pensiya və əmək haqları, ünvanlı sosial yardımlar, digər büdcə ödənişləri vaxtlı-vaxtında həyata keçirilməli, bu və digər məsələlərlə bağlı idarə və müəssisələrə müraciət edən insanlara məmurlar maksimum dərəcədə yardımçı olmalıdırlar. Göstəriş verilən qurumlardan birinin də Yol Polisi olduğu bildirilir».

«Azərbaycan» qəzeti «Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır» başlıqlı məqalə dərc edib. Məqalədə bildirilir ki, «Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfə göz qabağındadır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması respublikamızın mövcud iqtisadi potensialını daha da artırıb. Enerji strategiyamızın uğurla həyata keçirilməsi daha yeni layihələrin üzərində işlənilməsini vacib edir. Xəzər dənizi-Qara dəniz-Baltik dənizi arasında regional əməkdaşlıq layihəsinin də gerçəkləşməsi layihədə iştirak edən ölkələrin iqtisadi imkanlarının daha da artmasına gətirib çıxaracaq».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG