Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:48

ZAUR MƏLİKZADƏ

Mənim Qismətin gənc yazarlarla bağlı məruzəsindən xəbərim yox idi.

Portalların birində Kəramət Böyükçölün məlum məruzəyə münasibət – yazısını oxudum, dərhal da Kəramətə zəng edərək, məsələ barədə ətraflı öyrəndim.

Kəramətin nə qədər doğru danışdığını özüm üçün isbatlamaq üçün Qismətin yenə də portalların birində yerləşdirilən məruzəsini oxudum.

Ardınca, Qismətə ismarıc yazdım ki, nədən axı, həmin məruzədə tənqidi də olsa, mənim adım yoxdu?!.

Onun cavabı belə oldu: “İradınla razıyam.

Amma yəqin ki, sən məni anlayarsan, çünki üç ədəbi dərgidə dörd qəzetdə iki almanaxda, müxtəlif ədəbi portallarda çap olunan, müstəqil kitab nəşr etdirən bütün cavanları əhatə etmək mənim gücüm xaricindədir.

Adı çəkilməyən təkcə sən deyilsən, sonradan rastıma çıxan, xatırladığım bir neçə imza olub. Bunu bəraət kimi demirəm.

Yəni ki, iradınla tamamilə razıyam. Çox sağ ol ki, narazılığını ziyalı kimi bölüşdün”.

Amma Qismət, əgər, bu məruzə sənə həvalə olunmuşdusa, sən bu qədər də məsuliyyətsizlik etməməliydin.

Ən azından mən (Heç AYB-nin üzvü olduğumu nəzərə almıram.) bu ölkədə yaşayıram və Azərbaycan dilində yazıram.

Pis yazıram, yaxşı yazıram, əsas odur ki, yazıram... Bir çox portallarda da yazılarım mütamadi olaraq dərc olunur.

Hətta, üçüncü kitabım da ötən ilin ikinci yarısında dərc olunub. Fəqət, sənin məruzəndə bir dəfə də olsun, adımı çəkməməyin məni gerçəkdən məyus etdi.

Hətta xatırlayırsansa, bir dəfə Facebook şəbəkəsində səndən yazıları izləyib – izləmədiyini soruşmuşdum. Sən də cavabında: “Profilimdə qeyd olunan bütün yazıları oxuyuram” – demişdin.

Yaxşı bəs, mütamadi olaraq, gənc yazarların yaradıcılığını izləyirdinsə, bu unutqanlıq nədir?..

Düzü, mən bunu unutqanlıq kimi qiymətləndirmirəm.

Sadəcə, sənin özünün istəyi kimi dəyərləndirirəm. Nə vaxta qədər axı şəxsi maraqlar güdüləcək və şəxsi maraqlara görə bəzi insanlar kənarda qalacaqlar?! Nə vaxta qədər?!.

Bu şəxsi maraqların güdülməsini təkcə sənə şamil etmirəm, burada bir çox insanlar var ki, şəxsi maraqlarına görə istedadı olub – olmayanları gözümüzə soxur, qalanların isə kənara atırlar. Niyə axı, niyə?!.

Kimdir, bütün bunlara nəzarət edən? Niyə axı, bir nəfər ortaya çıxıb, öz etirazını bildirmir?!.

Bu gün sənin məruzənə öz yazılarıyla etirazlarını bildirən Kəramət Böyükçölün, Ayxanın, Sevinc Çılğının atdığı bu ilk addımları mən çox cəsarətli bir addım adlandırır, ədəbi mühitdə bu cəsarətin bir çoxlarına nümunə olacağına inanıram.

Burada, məni daha çox özümün adımın çəkilməməsi yox, mənimlə yanaşı bir çox istedadlı yazarların (hətta məndən də istedadlı) adlarının çəkilməməsi və yaxud adlarını çəkib yaradıcılıqlarının üzərindən çox sakit ötüb keçmən də narahat etdi.

Zənnimcə, sən bu məruzəndə buraxdığın səhvlərinə görə düzəliş yazısı yazmalısan və adlarını çəkmədiyin, yaxud adlarını çəkərək, tənqid etdiyin yazarlara açıqlama verməlisən.

Düzü, bu məruzənə qədər mən səni vicdanlı, obyektiv bir insan kimi tanıyırdım. Amma deyəsən, yanılmışam, heyf...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG