Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:27
Bir üçbucaq təsəvvür edin. Ev, redaksiya və ucuzvari bir kafe, (yaxud çayxana).

Bu üçbucaq əksər gənc Azərbaycan yazarlarının yaşam arealıdır.

Çörək pulu dərdi...

Köşə yazarlığı - hətta onları tükətməsə belə, ədəbiyyata sərf edə biləcəkləri xeyli dəyərli vaxtlarını alır.

Bu "məcburi əməyə" görə bir çox yazarlar özlərindən asılı olmayaraq həyata, ədəbiyyata da eyni yüksəklikdən, eyni "durbin"lə baxmağa başlayırlar.

Bədii dəyəri nə qədər yüksək olsa da, səhifələrində alaq otu kimi gözə girən publisistik "gəzişmələri" bir kənara qoyaq hələ...

Bu üçbucaq içində yaranan əsərlər, məsələn, romanlar çox vaxt ən azı dekorasiya baxımından bir-birinə bənzəyir.

Qəhrəmanlar jurnalistlər, müxalifətçilər, hadislərin cərəyan etdiyi yerlər qəzet redaksiyaları, şəhərlərin küçə-meydanları.

"Göləqarğısancan", "Yad dildə", "Bir milyon dollarım olsaydı"...

Əlbəttə jurnalistlik etmiş böyük yazarları sadalasaq uzun bir siyahı alınar...

20-ci əsrin ən görkəmli yazıçllarından olan Marsel Prust da jurnalist olub, onun yarıavtobioqrafik "İtirilmiş zamanın sorağında" silsiləsinin (7 roman... ) qəhrəmanı da salonlardan - kübar məclislərdən yazan jurnalistdir.

Nobel mükafatlı Orxan Pamukun jurnalistliyi isə onun romanlarının çoxunda özünü büruzə verir. İstər "Qara kitab"ın Qalibi, Cəlalı olsun, istər "Qar"ın jurnalist qiyafəli Ka-sı...

Reportyor Markes də az qala yaddan çıxmışdı...

Bəlkə də özü-özünü təkzib kimi görünə bilər, amma bir sualım var: xatırlatdığım bütün bu yazarların vətənində jurnalistlərə, köşə yazarlarına Azərbaycanda olduğu qədər az pul verirlərmi?

Azərbaycanın özünü tanınmış sayan yazarı, məsələn, Haber türk-ə hər həftə bir yazı göndərən Əlif Şəfəqin yerişini yeriyə bilərmi?

Türkiyədə tam ştat köşə yazarları isə ən nüfuzlu peşə sahiblərindən sayılmaqla yanaşı gəlirləri də orta təbəqə qazancıdır.

Fin dilində ilk yazılı nümunə - 16-cı əsrdə yaşamış keşiş Mikael Agikolan tərəfindən Əhdi-cədidin fin dilinə tərcüməsi hesab olunur.
Azərbaycanda isə özünü gündəlik bu işə sərf edib, özünü tükədib hər gün 2-3 qəzetə yazı yazsan, bəzən hətta hər gördüyünə yeri gəldi-gəldi "vedrə bağlamaq" səviyyəsinə ensən də, bir ailənin normal dolanışıq pulunu zorla çıxararsan.

Əgər bu mühitdə, məsələn, Pərviz Cəbrayıl azərbaycanlı mühacirin İsveçrədəki həyatından bəhs edən roman yazırsa, ora getmək onun üçün böyük bir problemə çevrilir.

Məcbur olur ki, İsveçrə küçələrini təsvir etmək üçün Google xəritələrindən istifadə etsin.

Yeni yaranan əsərlərdə rəngarəngliyi, həm də ümumilikdə ədəbiyyatda jurnalist-yazar tipindən fərqli yazarların ortaya çıxması üçünsə...

ilk baxışda nə qədər qəribə səslənsə də, dövlətin müdaxiləsi gərəkdir.

Əksər Avropa ölkələrində çoxdandır ki mövcud olan - yazıçılara fərdi qrantlar ayrılması mexanizmi Azərbaycanda hələ də yaradılmayıb.

Məsələn, əhalisi təxminən 5 milyon nəfər olan Finlandiyada hər il 40-a yaxın yazıçıya belə qrantlar verilir.

Qrantlar 6 aydan 5 ilə qədər müxtəlif müddətlər üçün verilir. Bu yazıçının təqdim etdiyin layihədə nə həcmdə əsər yazmaq planlamasından asılıdır.

Bu yazıçılara imkan verir ki, dolanışıq dərdi çəkməyib tamamilə yazı-pozu işinə köklənsinlər.

Bundan başqa ölkədə təxminən 100 ədəbi mükafat var ki, həmin mükafatlara layiq görülmək də yazıçının maddi vəziyyətini xeyli yaxşılaşdırır.

Yazıçı və tərcüməçilər (fin yazıçılarının əsərlərinin xarici dillərə çevrilməsi) üçün ayrılan fərdi qrantların ümuni həcmi 2005-ci ildə 2,5 milyon avro olub.

Yazıçılar öz layihələrinə əsərin yazılması üçün araşdırma aparılması xərclərini, məsələn səfər xərclərini də daxil edə bilərlər.

Dövlətin yardımı imkan verir ki, yazmaq bacarığı olan fəqrli ixtisas sahibləri də ədəbiyyata gəlsin.

Yazmaq istedadı üzə çıxmamış, dolanışıq dərdinin rəngsaz, taksi sürücüsü, kartofsatan, gözətçi etdiyi yazarlar da şans qazansın.

Qrant layihələrinin seçilməsi professional münsiflər heyətinə tapşırıldığı üçün bu axın yalnız ədəbiyyatda fərqli səslərin, polifoniyanın artmasına yol açır.

Onda ev-redaksiya-çayxana üçbucağı da öz aktuallığını itirir...

Finlərdən öyrənməyə dəyər. Baxmayaraq ki, fin dilində yaradılmış yazılı ədəbiyyatın tarixi cəmi 150 ildir.

Fin ədəbiyyatının folklor çərçivəsindən çıxması, ilk müəllif əsərlərinin, şeirlərin, hekayə, romanların yaranması Nəsiminin türkcə divan yaratmasından 500 il sonraya təsadüf edir...

Günün bütün mövzuları

XS
SM
MD
LG