Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:45

“Düşmənin külünü göyə sovurmalı”


1937-ci il “Ədəbiyyat” qəzetində Yusif Şirvan adlı müəllifin məqaləsi yer alır:

Onlar ifşa edildi

“Düşmən cinayət başında tutuldu. Respublika Prokurorluğunun ittihamnaməsindən göründüyü kimi, öz alçaq, mənfur, rəzil diversion işlərini boyunlarına alan bu bir yığın həşarat, yüz minlərcə xoşbəxt xalqın, gözəl Şamaxı torpağında şən həyat quran adamların fəlakətini hazırlayanların əli tələyə düşdü. Onlar ifşa edildi.

Şamaxı Azərbaycan tarixində adı çox çəkilən, keçmişdə başı min cür fəlakət görən bir rayondur. Bura Mustafa Əfəndilərin, Lalayevlərin qanlı əli ilə xarabazara çevrilmişdi.
Müsavat “cənabları” iş başında olanda Şamaxının xərabəliklərini daha da artırdılar. Onlar Şamaxı üçün heç bir yaxşı iş görmədilər.

Şamaxı deyilirkən başı qarlı Baba dağının, gözəl çiçəkli, nanəli, sünbüllü yaylaqlarından Azərbaycan həyatının doğma köməkçisi olan Kür çayına qədər uzanan, müxtəlif iqlimli böyük bir rayonu göz önünə gətirin. Şirvan xalçası, Şirvan balı, Şirvan taxılı, Şirvan narı, Şirvan yaylaqları, Şirvan bulaqları hər yerdə tanınmışdır.

Sovet günəşi buraya doğandan sonra, yüz illərdən bəri cahangirlərin, yerli feodalların, kapitalistlərin, nəhayət qanlı müsavat köpəklərinin zülmündən qurtaran Şirvan ölkəsi işıqlı günə çıxdı.

İliç lampaları

Şamaxı həmişəlik olaraq xoş günə çıxdı. Müsavatçı daşnakların xarabazara çevirdiyi yerlərdə gözəl sovet kəndləri salındı. Kəndlərdə kulublar, məktəblər tikildi. Kəndlərin çoxunda müasir tipli evlər tikilmiş, orada İliç lampaları yanır. Şamaxı şəhərində küçələr yaşıllaşmış, asfaltlanmış, orada Azərbaycan xalqının sağlamlıq fabrikası - gözəl sanatoriya tikilmişdir.

Şamaxıda respublikamızın ən böyük üzümçülük, taxılçılıq, maldarlıq təsərrüfatı, böyük sovxozlar vardır. Şamaxıda indi azərbaycanlıların və ermənilərin birləşmiş olduğu kolxozlar, bir yerdə tikdirmiş olduqları kəndləri vardır.

R.Axundov, S.M.Əfəndiyevlərin başçılıq etdiyi banditlərin gözü bu xoş günü görmək istəmir, xalqın aşına zəhər qatmaq istəyirdilər. Xalqın çiçəkli günü üzərində qasırğalar qopartmağa, şamaxılıların xoşbəxt, şən həyatını zəhərləməyə qəsd edirdilər.

Şamaxılıların, respublikamızın bu gözəl hissəsində yaşayan xalqın həyatına qəsd edənlər bu gün adil xalq məhkəməsi qarşısında durmuşlar.

Faşistlərə satılmış bu murdar həşarata ölüm!

Ordenli respublikamız...

Məhkəmə vətənin, xalqın qəzəb və intiqam hissini duyacaq, nəzərə alacaqdır. Adil məhkəmə yüz minlərin həyatını uçuruma aparan bu kiçik həşarat yığınının, bu ilanlar dəstəsinin başını əzəcək.

Lenin-Stalin partiyasının əzəmətli yaqut rəngli bayrağı ölkəmiz üzərində dalğalandıqca, Şamaxı və Azərbaycanın başqa rayonları daha da çiçəklənəcəkdir. Azərbaycan sovet ailəsinin ayrılmaz bir üzvü olduğu kimi, Şamaxı da ordenli respublikamızın sadiq bir hissəsi, alınmaz, məğlub edilməz bir qalası olacaqdır.

Vətən və xalq xainlərinə, faşistlərə satılmış bu murdar həşarata ölüm!”.

Bu rubrikada çap edilən yazılar sadəcə Azərbaycanda sovet hakimiyyətinin ilk dövrlərindəki həyatı əks etdirir, kimisə ittiham və ya təqdir etmək məqsədi daşımır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG