Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:29

Azərbaycanda intihar nə deməkdir


Arxiv foto
Arxiv foto
-
«Sevdiklərimdən, sevimli övladımdan ayrıldım, işimi itirdim. Hər şeyi itirdiyimi, yaşamağın mənası olmadığını düşünürdüm, hamı üçün dəyərsiz olduğumu, bütün dostlarımın, sevdiklərimin, yaxınlarımın məndən qaçdığını hiss edirdim. Fikirləşirdim ki, çıxış yolu sadəcə intihardır».

28 yaşlı Cəlil Cavanşir müxtəlif vaxtlarda nə az, nə çox düz beş dəfə intihara cəhd edib. Sonuncu cəhd 2010-cu ilin noyabrında baş verib. Həmin vaxt ailəsindən rəsmi şəkildə ayrılıb. Dediyinə görə, iş tapa bilmədiyindən ailəsində tez-tez söz-söhbət olurmuş. Cəlil Cavanşir bir neçə dəfə intihara cəhd etməsində yaşadığı cəmiyyəti günahlandırır.

«YAŞADIĞIMIZ CƏMİYYƏT, SİSTEM, DÖVLƏT GÜNAHKARDIR...»

«Azərbaycanda normal bir cəmiyyət olsa, insanların probleminə diqqətlə yanaşan bir dövlət, hakimiyyət olsa, mən həyatımı qura bilərdim. İndiyə qədər nə intihara cəhd edərdim, nə də intihar haqda düşünərdim. Bu, sırf sosial problemdir, cəmiyyətin gətirdiyi bəladır ki, mənim kimi yaşamaq eşqi ilə yaşamalı olan bir insan intihar haqda düşünür. Bu məsələdə yaşadığımız cəmiyyət, sistem, dövlət günahkardır. Mən tək deyiləm, əminəm ki, mənim kimi minlərlə insan var ki, çıxış yolunu yalnız intiharda görür».

Filosof Ağalar Məmmədov digər ölkələrlə müqayisədə Azərbaycanda intiharları daha çox sosial-ədalətsizliklə bağlayır.

«AZƏRBAYCANDA QARANLIQ İÇİNDƏ BİR İŞILTI TAPA BİLMİRLƏR»

«Ümumiyyətlə, suisidologiyada qanunauyğunluq yoxdur, intiharın konkret hansı səbəbdən baş verdiyini söyləmək mümkün deyil. Çünki bu, olduqca fərdidir. Amma mən düşünürəm ki, Azərbaycanda intiharlar daha çox sosial ədalətsizlik, insanların istədikləri kimi yaşaya bilməmələri ilə bağlıdır. Məsələn, kimsə 20 qəpiklik avtobusu yağışın altında gözləyir, amma digəri bahalı avtomobildə gedir. Bu, insanları haradasa sındırır. İnsanların bu sosial-ədalətsizlikdə bir məna tapa bilməməkləri cəmiyyətə aqresiyanı artırır, sosial depressiyanı,
Ağalar Məmmədov
intihara meyliliyi qüvvətləndirir. Bir boşluq içəndə ölüm duyğusu onlara qalib gəlir. Azərbaycanda onları sevindirən, ümidverici, qaranlıq içində bir işıltı tapa bilmirlər».

«DEPRESSİYA VƏ İNTİHARLAR ƏSRİ»

Dünya Psixiatriya Assosiasiyası XXI əsri «depressiya və intiharlar əsri» adlandırıb. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır.

Ümumdünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. İntihar nəticəsində hər il bir milyon insan həyatını itirir. Onların 63 faizi kişilər, 37 faizini isə qadınlar təşkil edir. İntihar edənlərin təxminən 1 faizi isə Azərbaycanın payına düşür.

Sosioloq Rüfət Qaragözov da Azərbaycanda intiharların sosial köklü problemlərdən qaynaqlandığı qənaətindədir.

«HƏR BİR CƏMİYYƏTDƏ İNTİHARLARIN MÜXTƏLİF SƏBƏBLƏRİ OLUR»

«İnsan açıq varlıqdır və insanlar cəmiyyətdən kənarda yaşaya bilmirlər. Ona görə də insana xas olan problemlər cəmiyyətdə mövcud olan problemlərin təzahürüdür. Hər bir cəmiyyətdə intiharların müxtəlif səbəbləri olur. Məsələn, yüksək inkişaf etmiş ölkələrdə baş verən intiharlara tənhalıq, məqsədlərinə çata bilməməsi və s. səbəb olur. Ancaq Azərbaycanda maddi, təhlükəsizlik problemləri olanlar daha çox rahat yaşaya bilmir, qidalana bilmir, lazımi şərait yarada bilmir. Buna görə də çox böyük stress keçirirlər».

Psixoloq Dəyanət Rzayev isə Azərbaycanda daha çox qadınların intihar etməsinə diqqəti çəkir. O hesab edir ki, Azərbaycanda intiharların əsas səbəbi ailə-məişət zorakılığıdır.

«İNTİHAR ETMİŞ İNSANLARIN 80 FAİZİ SAĞLAM OLUR»

«Bizdə daha çox intiharlar ailə münaqişələri, zorakılıq, bir insanın digərinə təzyiqi, kobudluğu, aqressiyası ilə bağlıdır. İntihar etmiş insanların 80 faizi sağlam olur.
Dəyanət Rzayev
Burada daha çox həssaslıq və həyatın mənasını itirmək insanı intihara sövq edir».

Özünü və ailə üzvlərini yandıraraq intihar edən Gədəbəyin Zamanlı kənd sakini Ədalət Hüseynovun yaxınları bunu polis zorakılığı ilə izah edirlər. Ədalət Hüseynov özü ölüb, həyat yoldaşı və iki oğlu isə Bakıdakı 5 saylı Klinik Xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətinin ağır olduğunu deyirlər. Kiçik oğlunun isə həyatda qalmasına 15 faiz təminat verirlər. Ədalət Hüseynovun həyat yoldaşı Hakimə Hüseynova hadisəni belə nəql edir:

«Yoldaşım deyirdi ki, həyatdan bezmişəm, polislər mənə hədə-qorxu gəlir, məni döyürlər, bilmirəm nə edim. Hadisədən əvvəlki həftə səhər saat beşdə yenə də polislər gəlmişdilər evə, onu döyə-döyə apardılar idarəyə, orada da döydülər. Deyirdilər ki, cəriməni ödəməlisən».

Ədalət Hüseynov qanunsuz ağac kəsdiyinə görə 790 manat cərimələnibmiş. Hakimə Hüseynova deyir ki, kəndə qaz verilmədiyindən yoldaşı meşədən çır-çırpı yığırmış:

«O DA BAX BELƏCƏ CANINDAN BEZDİ»

«Ulağın belində, belimizdə meşəndən çırpı gətirdik. Özləri gecədən səhərə kimi maşınla odunu daşıyırlar. Eşidəndəki meşəyə yoxlama gəlir, qırılan ağacı atdılar yoldaşımın boynuna. O da bax beləcə canından bezdi».

Gədəbəy rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovun dediyinə görə, Ədalət Hüseynov polisin əlindən yox, həyat yoldaşı ilə yola gedə bilməməyindən özünə və evinə od vurub. Amma daha sonra rəis yanğının ehtiyatsızlıqdan baş verdiyini bildirir.

Hazırda iş Gədəbəy rayon Prokurorluğunda araşdırılır.

Vidadi İsgəndərov
Hüquqşünas Vidadi İsgəndərov deyir ki, bu iş də digər intihar hadisələri ilə bağlı cinayət işləri kimi «bağlanacaq». Çünki Azərbaycanda məmurların qanunsuzluğu nəticəsində baş vermiş cinayətin obyektiv istintaqında hüquq mühafizə orqanları maraqlı deyil:

«Niyə son vaxtlar orduda, polisdə, ümumilikdə ölkədə məmurların qanunsuz hərəkətləri nəticəsində çıxış yolu tapmayıb, intihar edən şəxslər artıb? Çünki hər şeyin başında qanunsuzluq, korrupsiya dayanır. Bir ağacı kəsməyin üstündə bir Azərbaycan ailəsi bədbəxt oldu. Azərbaycan hökuməti dünyaya qaz verir. Amma Azərbaycanın kəndlərində camaat donur soyuqdan. Bəs bu balasını necə saxlasın? Bir tərəfdən qoymurlar ağac kəsməyə, digər tərəfdən də deyirlər ölməlisən. Ordu da həmən vəziyyətdədir. Haqsızlıq görür, özünü öldürür».

DƏQİQ STATİSTİKA YOXDUR...

Vidadi İsgəndərov Cinayət Məcəlləsinin 125-ci, özünü ölüm həddinə çatdırma maddəsi ilə bir dənə də olsun obyektiv istintaqın aparılmadığını iddia edir. Hüquqşünas ölkədə baş verən bütün intihar faktlarının başvermə səbəblərinin araşdırılması üçün ilk növbədə statistikanın aparılmasını və cəmiyyətə açıqlanmasını zəruri hesab edir:

Azərbaycan Respublikası Baş Prokurorluğu ölkədə qeydə alınan intihar hadisələri ilə bağlı statistik göstəriciləri ictimaiyyətə açıqlamır. Bu addım statistikanın açıqlanacağı təqdirdə intiharların daha da artması ilə izah edilir.

Respublikanın Baş psixiatr Gəray Gəraylı bildirir ki, bu cür məlumatları ictimaiyyətdən saxlamaqdansa, televiziyalardakı intihara sövq edən səhnələri yığışdırmaq lazımdır.

SƏDDAM HÜSEYNƏ GÖRƏ AZƏRBAYCANDA 2 NƏFƏR İNTİHAR EDİB...

«Statistikanın açıqlanması bilavasitə intiharların azalmasına və ya çoxalmasına gətirib çıxara bilməz. Məsələn, Səddam Hüseynin qətli ilə bağlı bir çox reportajlardan sonra mən özüm
Gəray Gəraylı
Azərbaycanda iki nəfərin intihar etməsi ilə rastlaşdım. Yəni, bu davranış intihardır, amma psixoloji mahiyyətinə görə kiməsə bənzəmək idi. Yalnız bu nöqteyi-nəzərdən bu cür məlumatların səhv işıqlandırılması intihara gətirib çıxara bilər».

Deputat Yevda Abramov deyir ki, cəmiyyətdə zorakılığa görə insanların özünü öldürmə həddinə çatdırılmasının qarşısının alınması üçün Milli Məclisdə qanun işlənib hazırlanıb. Amma bu qanunların icra mexanizmləri yoxdur:

«Hər gün mediada intihar hadisələrinin olması mənim də ürəyimi ağrıdır. Bir sıra insanlar Sovet dönəmində tərbiyə, təhsil alıblar. Bu gün onların həyata baxışları evdə olan oğulun, gəlinin baxışları ilə düz gəlmir. Biz məişət zorakılığı haqda qanun qəbul etmişik. Qanun var, amma onun icra mexanizmləri işləməlidir. Əri tərəfindən döyülən qadın bilmir hara şikayət etsin. Ata evinə zəng edir, ata buraxmır, bacısına zəng edir, o da deyir ki, mən heç nə edə bilmirəm. Köməksiz qalan qadının gedib özünü Xəzərə atmaqdan başqa yolu qalmır».

Yevda Abramov həm maarifləndirmənin, həm də qanunların işlək hala düşməsinin bu problemin həllinə təsir edəcəyindən əmindir. Psixoloqlar isə ölkədə psixoloji, tibbi yardım göstərən mərkəzlərin yaradılmasını təklif edirlər. Onların fikrincə, belə mərkəzdə həmçinin intiharların başvermə səbəbləri araşdırılmalı və problemin aradaq qaldırılması üçün tədbirlər görülməlidir.

«İNTİHAR HEYVANLAR ALƏMİNDƏ DƏ VAR»

Psixoloq Azər Qaraçənli intihar hadisələrini «aşkar» və «gizli» olmaqla iki qrupa bölür:

«İntihar heyvanlar aləmində də var. Məsələn, canavar qocalanda, bəzən özü-özünü öldürür. Bəzi cins atlar var həddindən artıq çox yorulanda, şah damarını kəsir, əqrəbdə və başqa heyvanlar da özlərini öldürür. İnsanlar da müxtəlif səbəblərlə, müxtəlif vasitələrlə intihara cəhd edir. İntiharın «aşkar» və «gizli» olmaqla iki növü var. Elə insanlar var bilərəkdən yol qəzasında, eləsi var həddindən artıq siqaret çəkməklə, yüksək dozada narkotikdən istifadə etməklə intihar edir. Bunlar «gizli» intiharlardır. İnkişaf etmiş ölkələrlə müqayisədə geridə qalmış ölkələrdə intiharların sayının az olmasına da səbəb budur. Həmin ölkələrdə intihara meylli insanlar məsələn, müharibədə, özünü maşının altına atmaqla intihar edir. Yalnız hərtərəfli aparılmış istintaq hadisənin təsadüfi və ya bilərəkdən edildiyini sübut edə bilər».

3 ay əvvəl intihara cəhd etmiş Cəlil Cavanşir də bu gün həyatda qaldığı üçün Allaha dua edir. O, dostlarının dəstəyi ilə bu gün özünə inanır və güvənir:

«Dostlarım sağ olsun. Mənim pis anımda mənə dəstək oldular. Mən bu gün çox xoşbəxtəm və intihar haqda düşünmürəm. Düşünürəm ki, yaşamaq gözəldir və yaşamağa dəyər».
XS
SM
MD
LG