Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:07

Elmin Həsənli üzr istədi


Kənan Hacı və Sayman Aruz. Azadlıq Radiosunun Bakı bürosu, 27 yanvar. 2011
Kənan Hacı və Sayman Aruz. Azadlıq Radiosunun Bakı bürosu, 27 yanvar. 2011
Cəfər Bozorgəmin:

"Bir Rasim Qaraca bizim şairlərin əsərlərini orada çap edir. Ona da eşitdiyimə görə son vaxtlar deyirlər ki, Güneyin mənasız şeirlərin çap edir..."

Elmin Həsənli:

"Həmin fikir mənə məxsusdur..."

Kənan Hacı:

"Şimaldakı ədəbiyyat haqda onlarda çox bəsit bir təsəvvür var. Buradakı meyxana deyənləri orada şair kimi tanıyırlar".

Sayman Aruz:

"Heç bir təşkilat güneylilərin burada cap olunub yayılması, tanınması ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib".

Bunlar Azadlıq Radiosunun "Pen klub" verilişində səslənən fikirlərdi.

"İrandakı azərbaycanlı yazarların ən böyük dərdi"...

Bu mövzuda müzakirəyə İranda yaşayan azərbaycanlı ədəbi tənqidçi Cəfər Bozorgəmin (telefonla), Bakıda yaşayan sulduzlu yazar Sayman Aruz, tənqidçi Kənan Hacı və yazar Elmin Həsənli (telefonla) qatılıblar.

Sayman Aruz:

- Bizim Güneydə ən böyük problemimiz öz dilimizdə yazıb oxumamağımızdır.
Elmin Həsənli


Əgər hazırda orada ədəbi proseslər gedirsə, əsərlər yaranırsa, bu, millətin özünün yaratdığı dilin hesabına baş verir.

Və bu da çox təqdirəlayiqdir ki, belə bir şəraitdə bizim yazarlarıımız ədəbi prosesdən heç də geri qalmayıblar.

Mən Azərbaycan ədəbiyyatı deyəndə, bütöv Azərbaycanı nəzərdə tuturam.

Güney ədəbiyyatı - 35 milyonluq bir toplumun ədəbiyyatı ortada olmadan Azərbaycan ədəbiyyatından danışmaq insafsızlıqdır.

Ona görə də burada həmişə bu məsələyə diqqət yetirirəm, güneyli yazarların əsərlərinin çapıına çalışıram, kitablarını paylayıram.

Məqsədimiz buradakı əhalinin bizləri tanıması və buradakı ədəbi proseslərdə iştirakımızı təmin etmələrinə nail olmaqdır.

Eyni zamanda biz buradakı yazarları özlərinin xəbəri olmadan ərəb əlifbasına çevirib çap edir, güneydə paylayırıq.

Halbuki Quzey Azərbaycanda bu işlə bağlı mövcud imkanların yalnız 1-2 faizi istifadə olunur.

Yəni heç bir təşkilat güneylilərin burada cap olunub yayılması, tanınması ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Yazıçılar Birliyinin Cənub Ədəbiyyatı şöbəsi ümumiyyətlə Azərbaycanın ən neytral şöbəsidir.

Əslində isə 35 milyonluq güneylilərin burada naşrıyyatı və digər hər cür şəraiti ilə böyük bir ofisi olmalı idi ki, orada yaranan əsərləri çap edib yayımlayaq.

İndiki vəziyyətdə bu tərəzi insaflı şəkildə qurulmayıb və Azərbaycanı istəməyənlərin xeyirinədir.

Kənan Hacı:

- Mən bu məsələdə hər iki tərəfdə günah görürəm. Yazıçılar Birliyinin Cənub şöbəsinin olub-olmaması neçə illərdir ki, hiss edilmir.

Bunun özü Azərbaycanda məsələyə biganə münasibətin olduğunu göstərir. Güneydə isə 30 milyondan çox türk yaşadığı halda Şimaldakı ədəbiyyat haqda onlarda çox bəsit bir təsəvvür var.

Qüzey ədəbiyyatı orada çox az qismdə tanınır.

O da meyxanaçılar səviyyəsində. Buradakı meyxana deyənləri orada şair kimi tanıyırlar.

Burada Sayman bəy çox titanik bir səviyyədə fəaliyyət göstərir.

Rasim Qaraca
Kənan Hacı
“Alatoran” jurnalında uzun müddətdir güney ədəbiyyatını çap edir...

AzadlıqRadiosu:

- Amma Rasim Qaracanı bu işlə bağlı tənqid edənlər də olub.

Kənan Hacı:

- Düz etmirlər. Bu işlər olmasa, necə olardı?

Azərbaycanın bütövlüyünün körpüsü rolunu müəyyən mənada məhz ədəbiyyat oynayır. Bu körpünü tikənlərə maneə yaratmaq nə dərəcədə doğrudur, deyə bilmərəm.

Cəfər Bozorgəmin (İrandan-telefonla):

- Şah zamanında, azı 50 il, bizim ədəbiyyatımız basqı dövrünü yaşadı.

İran İnqilabından sonra (1979) kitab, dərgi, qəzet yayımlanmasına, yazarların əsərlərini çap etməsinə - ədəbiyyata geniş imkanlar açıldı.

Dilin inkişafı, ədəbiyyat üçün imkanlar mədrəsə, universitet ya akademiya səviyyəsində olmasa da, orta nəsil və gənclərimiz azad şəkildə, sərbəst olaraq Azərbayçan ədəbiyyatını, ortada olan ədəbi simalarını oxudu.

Burada deyildi, oxumayıblar, yox, elə deyil. İndikiləri də, əvvəlkiləri də oxumuşuq.

Yəni Qüzeyin ədəbiyyatından xəbərsiz deyilik. Burada modern düşünən və yazan şairlərimiz, yazıçılarımız çoxdur. Özü də orta və indiki nəslin nümayəndələri olaraq.

Və orta nəsil keçmiş yazarlarla indikilərin arasında körpü rolunu oynaya bilib.

Azadlıq Radiosu:

- Cəfər bəy, bəs dediyiniz o yazarlar Azərbaycan Respublikası yazarları ilə İranın azərbaycanlı yazarları arasında nə dərəcədə körpü ola bilirlər?

Cəfər Bozorgəmin:

- Bunu edə bilməmişik. Məncə bu körpünü yarada bilməmişik. Və başqa faktorları kənara qoysaq, bunun bir səbəbi də öz təmbəlliyimizdir.

Bu istiqamətdə yetərli çalışmamışıq.

O taydan dəstəklənməmizi hələ bir kənara qoyuram. İranın azərbaycanlı ədəbiyyatını o tayın ədəbiyyatına inteqrasiya etdirə bilməməyimiz bizim çatışmazlığımızdır.

Halbuki, burada qaydaları, çərçivələri dağıdan gənc şairlər var ki, onların formaca, dil-üslub cəhətdən yenilikçi şeirləri, orta nəslin şeirlərini ötüb keçib.

AzadlıqRadiosu:

- Olmazmı, orada müsabiqələr keçirilə, yer tutan əsərlər buraya göndərilə və bu da dediyiniz ədəbi inteqrasiyaya təkan verə?

Cəfər Bozorgəmin:

Sayman Aruz (sağda)
- Elə yarışmalar bizdə az-çox olub. Sadəcə o əsərlər latın əlifbasına çevrilib Azərbaycana göndərilməyib.

Bu bizim zəif cəhətimizdir. Bu iş görülməli idi ki, siz də burada hansı proseslərin getdiyini, seçilən şeirlərin və şairlərin kimliyini biləydiniz.


Amma çatışmazlığımızı deməklə yanaşı onu da bildirim ki, o tayda da bu taya maraq azdır.

Bir Rasim Qaraca bizim şairlərin əsərlərini orada çap edir.

Ona da eşitdiyimə görə son vaxtlar deyirlər ki, Güneyin mənasız şeirlərin çap edir. Halbuki, Güneydə çox ciddi, avanqard ədəbi proseslər gedir, şeirlər yazılır, sadəcə biz çatdıra bilməmişik, oradakılar da maraqlanmayıb.

Elmin Həsənli:

- Həmin fikir mənə məxsusdur. Əslində o yazı güneylilərə yox, konkret olaraq Rasim Qaracaya aid idi.

Amma Rasim Qaraca ilə bizim konfliktimiz həm də güneylilərlə bağlı idi əlbəttə. Çünki Rasim Qaraca o taydan gələn hər şeiri, hekayəni bizim Adyazar (Adyazar.az) saytında dərc edirdi.

Bu da bizim saytın imicini korlayırdı. Çünki onların arasında kifayət qədər aşağı səviyyəli şeirlər, hekayələr var idi.

Yəni mənim həmin fikrim də sırf bu məsələyə görə, açığı bir az da əsəblə yazılmış bir şey idi. Hər kəsə aid deyildi.

Cənubda yetərincə (mənim də bəzilərini oxuduğum) istedadlı və intellektual yazarlar var.

Amma Cəfər bəy də etiraf edər ki, orada zəifləri də var. Bununla belə yenə də, fikrimdən inciyənlərdən üzür istəyirəm.

Dediyim kimi bu fikir hər kəsə aid deyil.

Digər tərəfdən, deyirlər burada güneylilərin əsərlərinin çapına diqqət yetirmirlər və sairə. Amma biz buradakıları dərc edib qurtara bilmirik axı, hələ bir güneydəkiləri də dərc edək.

Yəni özümüzün həll olunası yetərincə problemlərimiz var. Onları həll etməmiş biz necə cənubluların problemləri ilə məşğul olaq.

AzadlıqRadiosu:

- Amma Sayman Aruz Azərbaycanı “özümüzə”, “onlara” kimi ifadələrlə bölməyin əleyhibnədir.

Elmin Həsənli:

- Əleyhinə olsa da reallıq belədir. Biz burada öz hüquqlarımızı müdafiə edə bilmiriksə, onların hüquqlarını necə qoruya bilərik...

Müzakirənin davamına BU LİNKİ sıxmaqla qulaq asa bilərsiz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG