Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:53
Yazıçı Kənan Hacı ilə söhbət

- Kənan bəy, romanınız “Ən yeni ədəbiyyat” seriyasından nəşr edildi. Təbrik edirik!

- Çox sağ olun!

- Amma deyilənə görə, bu seriyadan kitabları çıxacaq yazarların siyahısında sizin adınız olmayıb.

- Vallah, mən heç bilmirəm ki, Şahbaz bəyin bu seriyayla bağlı konkret siyahısı olub, ya yox.

Amma Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası” kitabı həmin seriyadan çıxan ilk kitab idi və o kitabın da arxasında 9 yazarın şəkli dərc olunmuşdu və qeyd olunmuşdu ki, bu yazarların kitabları “ən yeni ədəbiyyat” seriyasından nəşrə hazırlanır.

İlqar Fəhminin adı o siyahıda yox idi, amma onun da kitabı çıxdı.

Bu qayda ilə səkkiz yazarın kitabı nəşr olundu. Sonra ortaya Milli Kitab Mükafatı məsələsi çıxdı və Şahbaz bəylə AYO-çular arasında fikir ayrılığı yarandı.

Mən əsərimi nəşriyyata hələ ötən ilin aprelində təqdim etmişdim. Şahbaz bəy bildirdi ki, oxuyub fikrimi deyəcəyəm.

Aradan bir müddət keçəndən sonra görüşdük və o, mənə dedi ki, sənin kitabını bu seriyadan çap edəcəyəm.

Çox sağ olsun, fürsətdən istifadə edib gənc yazarlara, o cümlədən mənə maddi və mənəvi dəstək olduğuna görə ona minnətdarlığımı bildirirəm.

Həqiqətən də kitabımın çapı mənim üçün əsl sürpriz oldu. Dekabrın 31-də bildim ki, kitabım çıxıb.

Bu xəbəri mənə ilk öncə Rafiq Tağı telefonla çatdırdı.

Həmin gün üç yazarın-Xalid Kazımlının, Sevinc Çılğının və mənim kitablarımızın artıq çapdan çıxması haqda informasiyanı bayram günü olmasına baxmayaraq, kultaz.com saytı yayımlamışdı.

- Milli Kitab Mükafatına münasibətinizi bilmək istərdik.

- Mən AYB-dən istefa vermiş adamam, amma heç AYO-ya qayıtmaq fikrim də yoxdur.

Bilirsinizmi niyə? Çünki mən bu mətbəxin cikinə-bikinə bələd olan bir adamam.

AYO-nun özgür ədəbiyyatın yaranmasında, gənclərin yeni təfəkkür tərzininin formalaşmasında danılmaz rolu var.

Xüsusən, Rasim bəy bu yolda böyük fədakarlıqlar göstərib. Bunu hamımız qiymətləndiririk.

Amma AYO-nun MKM-i boykot etməsilə qətiyyən razı deyiləm. Ölkədə vur-tut bir dənə ciddi ədəbiyyat mükafatı keçirilir, bunu dövlətin adıyla bağlayıb əngəlləmək gözə kül üfürməkdən başqa bir şey deyil.

Rasim bəy özü onu QHT-dən qrant almaqda qınayanlara əks arqumentlə cavab verir ki, onda gərək bu dövlətin avtobusuna minməyək, metrosundan istifadə etməyək.

Yaxşı, belədirsə, MKM-i boykot etməyin adı nədir? Ekspertlər sırasında ünlü AYO-çu Qan Turalı da yer alıb.

Orada Zahir Əzəmət var, Yaşar var. Bunlar ki, qeyri-peşəkar və yaxud ədəbiyyatdan kənar adamlar deyillər.

Şübhəsiz, nəticələrə görə, onların hər birinin məsuliyyət payı var.

AYO adındakı özgürlüyə zidd addım atmamalıdır, bir-iki nəfər hansısa səbəblərdən bunu istəmirsə, öz fikrini ehkam kimi bütün üzvlərə qəbul etdirməməlidir.

Vaxtilə “Xural” qəzetində bir köşə yazmışdım: “Nə AYB, nə AYO”. Mənə hər iki tərəfdə düşmən gözüylə baxanlar olsa da həqiqəti deməkdən çəkinməmişəm.

Kitabım çıxdı, Rafiq Tağı istisna olmaqla, AYO-çulardan biri zəng vurub təbrik eləmədi,halbuki, mən onların kitabları haqqında Azadlıq Radiosunun “Oxu zalı”nda yazılar yazmışam.

Bu, başa qaxmaq deyil, mən sübut etmişəm ki, ambisiyalı adam deyiləm. Həmin saytda Elçin Hüseynbəylinin romanı haqqında yazım gedib, şərh yerinə yazıblar ki, “nal-mıx, nal-mıx.” Sənin səviyyən budur da.

Mən AYB-dən çıxmışamsa, o cəbhədə deyiləmsə, ucdantutma hamını qaralamalıyam?

Elçinin romanı haqda nə düşünmüşəmsə, onu yazmışam. Mənə maraqlı deyil ki, o, AYB-çidir, mən adamları təşkilata bölmürəm.

Bu gün AYO strukturlaşmaq, təşkilatlanmaq əvəzinə kitab mükafatına qarşı çıxır.

Oturub düşünmək lazımdır ki, axı AYO niyə parçalanır, niyə parçalanmalıdır?

- Bildiyimizə görə, AYO-da sənin bu təşkilata qayıtmağını istəyənlər də var.

- Bəli, məni orda çox arzulayırlar.

Mənim Rasim Qaracaya çox böyük hörmətim var, onun entuziazmı, yorulmaz əməyi sayəsində AYO uzun illərdir ki, ayaqdadır, “Alatoran”ın hələ də yaşaması birbaşa onun adıyla bağlıdır.

Ürəkdən inanmaq istərdim ki, Aqşin Yenisey sədr olaraq AYO-nun qarşıda duran problemlərinin həllinə nail olacaq.

Mən istərdim ki, AYO-da olum. Amma Rasim Qaraca deyir ki, səni ciddi qəbul etmirlər, ona görə ki, nə o tərəfdəsən, nə bu tərəfdə.

Başa düşmürəm, mən hökmən hansısa tərəfdə olmalıyam ki, məni ciddi qəbul etsinlər?

Mən Kənan Hacıyam və bu mənə kifayət edir. Yazdıqlarım da ortadadır, boş-boş danışmağı da xoşlamıram.

AYB-dən mənə ismarışlar yollayırlar, deyirlər söz veririk ki, bu il prezident təqaüdü alacaqsan, gəl, vəsiqəni götür. Mən qayıtsam, kiminsə məni ittiham etməyə haqqı çatar.

Mən istedadımı qəpik-quruşa satanlardan deyiləm. Bütün günü nəşriyyatın yeməkxanasında oturub əyyaşlıq edə-edə ədəbiyyat yaratmaq olmaz.

Belə adamlar yaltaqlana-yaltaqlana, AYB-nin kandarını yağır edə-edə təqaüd almağa nail oldular, indi isə kimlərəsə dərs keçirlər.

Kənan Hacı Təbrizdə
Təqaüd bunlara ona görə lazımdır ki, bütün günü əyyaşlıq edə bilsinlər.

Baxaq görək, prezident təqaüdünü alkaşlığa sərf edənlər ortaya nə qoyublar ki, belə iddialı danışırlar?

Mən onlardan yox, öz dostlarımdan inciyirəm. “Xural”a müsahibəsində Aqşin deyir ki, Şahbaz bəy “Ən yeni ədəbiyyat” seriyasında elə adamların kitablarını çap edəcək ki, onları ancaq 5-10 adam tanıyır. Axı bu cür yanaşmaq olmaz.

Sabah çox güman ki, münasibətlər qaydasına düşəcək, onda Aqşin həmin fikrin üstündə dayacaqmı?

Azərbaycanda kifayət qədər tanınan gənc yazarlar var, tanınmayanlar da qoy tanınsın, nə olar ki?

Mən anlaya bilmirəm ki, bu seriyada çap olunmaq niyə bəzi adamları qıcıqlandırır?

Abzas.net-ə köşəmdə yazmışdım, həqiqətən də Seymur Baycanın bu seriyada çap olunmadığına pis oldum, yazmışdım ki, mən razıydım ki, mənim kitabımın əvəzinə Seymurun kitabı çıxsın.

Tam səmimi yazmışdım. Yazarlar arasında ambisiya olmasa, dünya dağılar?

Mən arzu edirəm ki, Şahbaz bəylə münasibətlər tezliklə qaydasına düşsün və Seymurun kitabı da o seriyada çıxsın.

- Kənan bəy, AYB-dən çıxmağınız gözlənilməz oldu. Nədən bu addımı atdınız?

- Mən özümə söz vermişdim ki, bu haqda artıq danışmayacağam. Məsələni ictimailəşdirmək istəməsəm də, sualdan qaçmaq olmur.

Çoxları orda-burda deyir ki, Kənan ora prezident təqaüdü almaqdan ötrü üzv olmuşdu, biləndə ki, ona təqaüd verməyəcəklər, çıxdı.

Özü də bunu o adamlar deyir ki, özləri “alternativ prezident təqaüdü” siyahısı ilə hakimiyyət dəhlizlərində dolaşırdılar. Mənim üçün nə AYB, nə də AYO sorunu yoxdur.

Bundan sonra da heç bir ədəbi təşkilata üzv olmaq fikrim də yoxdur.

İkinci dəfə peşimançılıq hissi keçirmək istəmirəm.

- Bəs AYB-də nə baş verdi?

- Orda özümə qarşı elə bir münasibət gördüm ki, özünə hörmət qoyan adam bu münasibətdən sonra o təşkilatın vəsiqəsini üstündə gəzdirməzdi.

Təfərrüatlarını dəfələrlə mətbuata açıqlamışam, təkrar eləmək istəmirəm.

Amma orda mənim çox yaxın dostlarım var və inanıram ki, bu addımdan sonra onlarla münasibətlərimizə xələl gəlməyəcək.

- Yaradıcılıq işlərin nə yerdədir? Planda daha nələr var?

- Avtobioqrafik bir roman üzərində iş gedir. Hər gün yazıram, mütəmadi tərcüməylə məşğul oluram.

Bizim işimiz budur. Yazmaq, yazmaq, yenə də yazmaq.

Söhbətləşdi: Nihad Osmanoğlu
“Millətim” qəzeti, 27 yanvar, 2011-ci il

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG