Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:10

YAP siyasi partiyaların təkrar qeydiyyatdan keçirilməsini təklif edir


Siyavuş Novruzov
Siyavuş Novruzov
Hakim Yeni Azərbaycan Partiyası siyasi partiyaların yenidən qeydiyyatdan keçməsini təklif edir.

Bu məqsədlə 1992-ci ildə qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanuna əlavə və təkliflər paketi hazırlanıb.

YAP-dan olan deputat Siyavuş Novruzov hesab edir ki, yeni qanunda siyasi partiyaların təkrar qeydiyyata alınması məsələsi öz əksini tapsa yaxşı olar:

“PARTİYALARIN TİCARƏT, ALIŞ-VERİŞ OBYEKTİNƏ ÇEVRİLMƏSİ HALLARI OLUB”

“Çünki partiyaların hətta ticarət, alış-veriş obyektinə çevrilməsi halları da olub. Məsələn, bir adam 1991, 1992-ci ildə partiya yaradıb. Başqa birisi gəlib o partiyanı alıb sədri olub”.

Hazırda qüvvədə olan qanuna görə, 5 min imza yığıb təqdim edən partiya qeydiyyata alına bilər. Siyavuş Novruzov hesab edir ki, bu digər ölkələrlə müqayisədə daha mürəkkəb variantdır.

Deputat imzaların 125 Seçki Dairəsinin 50%+1-dən toplanmasını təklif edir. Çünki partiya bir kəndi, yaxud bir şəhəri deyil, ölkəni təmsil edir.

3 ŞKALA

Yeni qanunda bir neçə il fəaliyyət göstərməyən partiyaların ləğvi, partiyaların maliyyələşməsi məsələləri də əks olunub. Üstəlik, maliyyələşmənin üç şkala əsasında aparılması təklif olunur. Yeni, bəzi partiyalar maliyyə yardımını bir, bəziləri iki, bəziləri isə üç şkala üzrə alacaq. Siyavuş Novruzov deyir ki, dövlət qeydiyyatından keçən partiyaların hamısına maliyyə yardımının ayrılması nəzərdə tutulub:

İsa Qəmbər
“Bu, birinci şkaladır. İkinci şkalada parlament seçkilərində iştirak edib aldığı səslərin miqdarı, üçüncü şkalada isə parlamentdə qazanılan yerlərin sayı götürülür. Bu, çox ədalətli üsuldur. Bunun üçün isə əvvəlcə qanunun qəbulu, sonra isə partiyaların qeydiyyata alınmasına başlamaq lazımdır. Yəni, hazırda dövlət qeydiyyatına alınmış partiyalar da yenidən qeydiyyata alınmalıdır”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, bu qanunun təkmilləşdirilməsinə ehtiyac var. Xüsusilə partiyaların büdcədən maliyyələşməsi və partiyaların imkanlarının genişləndirilməsi lazımdır. Lakin hakimiyyət əskinə partiyaların imkanlarını məhdudlaşdırmaqla məşğuldur:

“ƏLİYEV HAKİMİYYƏTI BU QANUNU KORLAMAQLA MƏŞĞULDUR”

“Qanun zamanın sınağından çıxmış bir qanundur. 1992-ci ildə hərtərəfli müzakirələrdən sonra qəbul etmişik. Amma qanunun qəbulundan 20 ildən artıq bir zaman keçib və təbii ki, təkmilləşdirilməsinə ehtiyac var. Lakin Əliyev hakimiyyəti bu qanunu korlamaqla məşğuldur. Qanunda qeydiyyata alınmaq istəyən partiyalar Ədliyyə Nazirliyinə müraciət edir və onun bir ay müddətində mənfi və ya müsbət cavab alması nəzərdə tutulurdu. Bir neçə il əvvəl bu bənd dəyişdirildi və nəticədə partiyaların qeydiyyatı məsələlərində problemlər yaradıldı”.

Eldar Namazov
Politoloq Eldar Namazov da “Siyasi partiyalar haqqında” yeni qanunun işlənib, qəbul olunmasının tərəfdardır. Lakin o, müxalifətin təmsil olunmadığı parlamentdə layihənin hakim partiyanın mövqeyinə və maraqlarına uyğun qəbul olunacağından narahatdır:

“YENİ QANUN PARTİYALARI DÖVLƏTİN NƏZARƏTİ ALTINA SALA BİLƏR...”

“Hazırkı qanun günün tələblərinə cavab vermir. Azərbaycandakı şəraitdə partiya quruculuğu mümkün deyil. Partiyaların maliyyə imkanları sıfıra bərabərdir, partiyaların regionlarda fəaliyyəti, tədbirlər, mitinqləri keçirmək imkanı yoxdur. Ona görə də yeni qanun layihəsi demokratik prinsiplərə söykənsə, partiyaların quruculuq imkanlarını genişləndirsə yaxşı hal olardı. Ancaq nəzərə alsaq ki, müxalifət partiyaları parlamentdə təmsil olunmayıblar, çox böyük şübhə var ki, yeni qanun layihəsi partiyaların fəaliyyətini daha da məhdudlaşdıra, dövlətin nəzarəti altına sala bilər”.

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bir neçə dəfə sənədə əlavə və dəyişikliklər edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG