Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:29

Fəhlələrin 16 aylıq maaş davası


Maaş tələb edəni ya işdən çıxarmaqla, ya da polislə hədələyirlər
Maaş tələb edəni ya işdən çıxarmaqla, ya da polislə hədələyirlər
Gəncə şəhər Su Kanal Törəmə Cəmiyyətinin işçiləri AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edirlər ki, 16 aydır maaşları verilmir. Maaş tələb edəni ya işdən çıxarmaqla, ya da polislə hədələyirlər. Fəhlə Elman Məmmədov:

- 2004-cü ilin yanvar ayından işləyirəm, əvvəllər pulumuzu vaxtlı-vaxtında alırdıq. Azər Əhmədov rəis gələndən sonra aylarla maaşımızı ala bilmirik. 2009-cu ildən 3 ayın, 2010-cu ildən 12 ayın, indi də 2011-dir, deyirlər maaş gözlənilmir. Hamısı birlikdə edir 16 ay.

“YA İŞDƏN ÇIXARMAQLA, YA DA POLİSLƏ HƏDƏLƏYİRLƏR”


- Sizin maaşınız nə qədərdir?

- 76 manatdır, onu da vermək istəmirlər. Zülm edirlər, hara müraciət ediriksə, bizə cavab verən yoxdur ki, axı maaşlarımız niyə verilmir. Çox danışanı da ya işdən çıxartmaqla, ya da polisə verməklə hədələyirlər. Yoldaşım xəstə, uşağım xəstə. Özüm də 2-ci qrup Çernobıl əlili və Qarabağ veteranıyam.

- Rəhbərlik maaşlarınızın bu qədər ləngiməsini necə izah edir?

- Deyir pul yoxdur, hara istəyirsən şikayət elə.

- Sizin kimi maaşını ala bilməyənlər çoxdur?

- Pulunu ala bilməyən 200-ə yaxın fəhlə var. Gedirik pulumuzu tələb etməyə, polislə hədələyirlər.

- İndiyə qədər hədələdikləri adamlardan tutdurduqları olub?

- Sahə rəislərindən 2-3 nəfərini aparıb salmışdılar içəri. Guya camaatdan pulu yığıb aparıb yeyiblər. Səhər tutub apardılar, axşam buraxdılar. Hamısı yalan-yalan söhbətlər idi, gözümüzü qorxudurdular. Dedilər, çox danışsanız, sizin də yeriniz oradır. Bizim adımıza idarəyə maaş kartları gəlib, ancaq 1 ildən artıqdır ki, kartlarımız özümüzə verilmir. Kartlarımıza pul keçir ya keçmir, nə oyun çıxarırlarsa, xəbərimiz yoxdur. Camaatın pulunu belə yeyirlər.

“DEYİRLƏR PUL YOXDUR, VƏSSALAM”

Fəhlə Əsgər Əliyev də eyni problemdən danışır:

- 16 aydır maaş ala bilmirik, deyirlər pul yoxdur, vəssalam. İdarənin müdiri atır mühasibin üstünə, mühasib atır idarə müdirinin üstünə, bizi ortada futbol topu kimi bir-birlərinə ötürürlər. Bankomat kartlarımız 1 ildir burda idarənin mühasibatlığında yatır, özümüzə vermirlər, məqsədləri nədir, bilmirəm. Şikayət eləyəni də atırlar içəri, qorxudub buraxırlar. Dərdimizi kimə deyək, bilmirik.

Gəncə şəhər Su Kanal Törəmə Cəmiyyətinin direktoru Azər Hacıyev isə deyir ki, idarə təsərrüfat hesablı olduğundan işçilərə maaş verə bilmir. Gərək əhalidən supulu yığıla ki, həmin puldan da işçilərə maaş verilə:

- Kimisə hədələmək, belə şey yoxdur. Pul toplandıqca maaşlarını veririk. Amma gecikmə var.

- Gecikmələrin səbəbi nədir?

“GƏRƏK ƏHALİDƏN PUL YIĞAQ Kİ, MAAŞ DA VERƏK”

- Əhalidən vəsaitin toplanması ilə bağlıdır. Təsərrüfat hesablıyıq, əhalidən nə toplanırsa, o pullarla maaş veririk, təmir-bərpa işləri aparırıq, işıq pulu veririk.

- 16 ay fəhlənin maaşının gecikdirilməsi, uzun müddət deyilmi?

- 16 ay olmaz, 8-9 ay olar.

- Fəhlələr həm də bankomat kartlarının özlərinə verilməməsindən şikayət edirlər.

- Gərək əhalidən pul yığıla ki, o karta keçirilə. Ona görə verilmir. Şikayət edənlər kimdirsə, yönəldin, baxaq, pul düşdükcə onların maaşlarını verək.

Fəhlələrin problemi həllini tapdı ya yox, bu barədə “Qaynar xətt”in növbəti buraxılışında danışacağıq.

XS
SM
MD
LG