Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:40

ATƏT-in hesabatı, «Human Rights Watch» və Turqut Ər


Mətbuat icmalı
Mətbuat icmalı
YAP RƏSMİSİ ATƏT-İN HESABAT-I BARƏDƏ

«Yeni Azərbaycan» qəzeti ATƏT müşahidəçilərinin 7 noyabr parlament seçkilərinə verdiyi qiyməti tənqid edir.

«Azərbaycan demokratiya yolunu seçib və qətiyyətlə bu yolla gedir. Demokratiya bizim seçdiyimiz yol olaraq Azərbaycanın inkişafına xidmət edən resurs kimi qiymətləndirilir. Biz demokratik inkişaf yolunu ona görə seçməmişik ki, ATƏT-in özü və hər hansı bir qurumu, o cümlədən, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu yolu seçdiyimizə görə bizə hansısa qiymət versin, bizi bəyənsin və ya bəyənməsin».

Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun açıqladığı hesabata münasibət bildirərkən deyib.

«Biz azad və ədalətli seçki dedikdə, Azərbaycan vətəndaşlarının siyasi iradəsinin ifadə olunmasını nəzərdə tutur və sözün həqiqi mənasında ədalətli seçkidə xalqın siyasi iradəsinin ifadə olunması üçün imkanlar yaradırıq».

ATƏT-in hesabatında deyilirdi ki, 7 noyabr seçkiləri dinc atmosferdə və bütün müxalifət partiyalarının iştirakı ilə keçib. Ancaq bununla belə, bu, seçkilərin ölkənin demokratik inkişafında mühüm tərəqqi olduğunu söyləməyə kifayət etmir.

«HUMAN RIGHTS WATCH» SUBYEKTİVDİR

«Yeni Azərbaycan» qəzeti «Human Rights Watch» təşkilatının hesabatlarını da subyektiv sayır. Məqalədə deyilir ki, «ambisioz qrupların transmilli maraqlarının reallaşması missiyasına xidmət edən bu təşkilat müxtəlif ölkələrdə ictimai-siyasi və ideoloji müstəvidə qarşıdurma yaratmağa hesablanmış hesabatlarla çıxış edir».

«Human Rights Watch»un bu günlərdə açıqladığı hesabatda deyilirdi ki, «Azərbaycanda insan haqlarının vəziyyəti pis olaraq qalır».

NƏ HÖKUMƏT, NƏ DƏ MTN-LƏ ƏLAQƏM OLUB

«Azadlıq» qəzeti türkiyəli diplomat Turqut Ərlə müsahibə dərc edib.

- Belə fikirlər var ki, Siz Türkiyə hökuməti və ya Təhlükəsizlik Təşkilatına bağlı adamsınız. Bu üzdən də sizin qələmə aldığınız kitabın, əslində, bir dövlət sifarişi olduğunu deyənlər var. Bu fikirlərlə bağlı nə deyə bilərsiniz?

- Yuxarıda da dediyim kimi, mən araşdırmaçı jurnalistəm. Nə hökumət, nə də Milli Təhlükəsizlik Təşkilatı ilə əlaqəm olub. Əlaqəm olsaydı, bunu fəxrlə deyərdim. Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı dünyanın ən vətənpərvər quruluşudur. Orada işləyənlərin dünyada gördükləri işlərə görə hər Türkiyə vətəndaşı qürur duyur, fəxr edir. Mən onlara işləsəydim, fəxrlə işlədiyimi deyərdim. «Azadlıqdan tiranlığa...» dövlətin maraqları ilə üst-üstə düşürsə, mən çox xoşbəxtəm. Amma bunu Türkiyə dövlətinin sifarişi olduğunu demək yanlışdır. Çünki kitabda o zamankı Türkiyə hökumətinin də səhvləri göstərilib. Türkiyə rəsmilərindən bəzi deputatlar və yüksək vəzifəli şəxslər mənə zəng edərək təbrik ediblər, təşəkkürlərini bildiriblər. Onların adlarını demək istəmirəm, amma sayı çoxdur.

Turqut Ərin Azərbaycanla bağlı yazdığı «Azadlıqdan Tiranlığa» kitabı Azərbaycanda ciddi rezonans doğurub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG