Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:42

Neftçala sakini polis şöbəsində niyə intihar etdi?


Neftçala rayon Polis Şöbəsinin məlumatına görə, yanvarın 26-da rayonun 30 yaşlı sakini Aydın Abbasov şöbənin müvəqqəti saxlama təcridxanasında intihar edib. Polis şöbəsindən verilən məlumatda onun Cinayət Məcəlləsinin 315-ci - hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və zor tətbiq etmə maddəsi ilə ittiham olunduğu, özünü alt köynəyi ilə asdığı bildirilir.

Aydın Abbasovun qardaşı İlham Abbasov AzadlıqRadiosuna bildirib ki, qardaşı bir neçə il əvvəl dələduzluğa görə tutulub, 3 il cəza alıb. Bir il yarım cəzasını çəkəndən sonra məntəqə tipli cəza çəkmə müəssisəsinə qeydiyyata düşüb. Cəzasının bitməsinə 10 ay qalıbmış. Yanvarın 18-də polislər onu tutub:

POLİSLƏRDƏN BİRİNİN DÜYMƏSİ QIRILIB

“Həmin vaxt içkili olubmuş. Birdən yapışıblar ondan, o da əl-qol atıb, deyib məni niyə aparırsız? Polislərdən birinin düyməsi qırılıb, yüngülvari iş olub. Onlarsa tutublar, dərhal işi prokurorluğa veriblər”.

İlham Abbasov deyir ki, yanvarın 26-da polisdən xəbər gəlib ki, bəs qardaşın intihar edib:

SİFƏTİ BOĞULMUŞDU


“Atamla ikimiz gecə ikən getdik. Soyundurub baxdıq. Bədənində xəsarət yox idi. Elə bil qalın bir şeylə sıxılmışdı. Sifəti boğulmuşdu. O özü əsəbi, dözümsüz idi. Həmişə deyirdi ki, bir də həbsə düşsəm, oradan salamat çıxmayacağam. Məktub yazmışdı, onu da göstərdilər. Yazmışdı “yaşaya bilmirəm, başdaşımın üstünə filan şəklimi qoyarsız”.

İlham Abbasov deyir ki, qardaşının meyitinin ekspertizası keçirilib, heç bir zorakılıq olmadığını bildiriblər. Məktubun da onun yazıb-yazmamasını müəyyənləşdirmək üçün xətt ekspertizası keçiriləcək. Nəticə hələ məlum deyil.

CİNAYƏT İŞİ QALDIRILIB

Hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi qaldırılıb.

Neftçala rayon Polis Şöbəsindən bildirdilər ki, Aydın Abbasovun intiharı üzrə istintaq gedir, əlavə məlumat verə bilməzlər.

MƏLƏFƏ YOXSA ALT KÖYNƏYİ?


DİN hadisə ilə bağlı açıqlama yayıb
Daxili İşlər Nazirliyi yanvarın 27-də Neftçala rayon Polis Şöbəsində baş verən intiharla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, “yanvarın 18-də Neftçala rayon sakini 1980-ci il təvəllüdlü Aydın Abbasov sərxoş halda ictimai qaydanı kobud surətdə pozub. Onu intizama dəvət edən Neftçala rayon Polis Şöbəsinin əməkdaşlarına müqavimət göstərib. Onlara kömək edən rayon sakini Mehman Dadaşovu yumruqla vuraraq gödəkcəsini cırıb.

Bununla bağlı onun barəsində Neftçala rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. A.Abbasov saxlanılaraq rayon polis şöbəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Yanvar ayının 26-da saat 16.56-da A. Abbasov müvəqqəti saxlama təcridxanasında mələfə ilə özünü dəmir barmaqlıqdan asıb. Mərhumun intihardan əvvəl yazdığı məktub aşkar edilib. Orada yazılıb: “Ata, ana, özümlə bacara bilmirəm. Bu həyatda yaşamaq istəmirəm. Ölümümdə heç kimin günahı yoxdur”.

Bu açıqlamadan bir gün əvvəl Neftçala rayon Polis Şöbəsinə istinadən yayılan məlumatlarda isə Aydın Abbasovun özünü alt köynəyi ilə asdığı göstərilirdi.

İNTİHAR ARAŞDIRILMALIDIR

Salyan-Neftçala bölgəsində fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Emil Məmmədov deyir ki, Aydın Abbasovun intiharı ilə bağlı ciddi araşdırma aparılmalıdır. Çünki əgər o intihara əl atıbsa belə, bunun kökü onun tutulması, hakimiyyət nümayəndəsinə zorakılıq göstərmə maddəsi ilə ittiham olunması ilə bağlıdır:

Emil Məmmədov
“O ya psixoloji vəziyyətinə, ya da başına gətirilənlərə narazılığını həyatına son qoymaqla bildirib. Çox ciddi araşdırılma aparılmalıdır ki, bu insan hansı həddə çatdırılıb ki, intihar edib”.

ŞƏRAİT İNTİHAR ÜÇÜN SƏBƏBLƏR YARADA BİLƏR

Psixoloq Dəyanət Rzayev isə deyir ki, polis şöbələrində baş verən cinayət hadisələri xüsusi araşdırılmalıdır. Çünki oradakı şərait intihar üçün səbəblər yarada bilər:

“İnsan elə-belə intihar etmir. Adam özünü asırsa, ya da başqa yolla intihar edirsə, məsuliyyət polislərin üstünə düşür. Niyə görə? İnsan cinayət törədəndə belə heç kimin onu təhqir etməyə, ondan ifadə alarkən ona təzyiq göstərməyə, təhqir etməyə, döyməyə haqqı yoxdur. Ancaq belə hallar olur.

Elə vəziyyət yaranır ki, insan çıxılmaz vəziyyətdə qalır. Ümidsizlik, qeyri-müəyyənlik və qorxu insanı intihara da aparır. Qəddar davranış, alçatma insanda mənfi enerjini kəskinləşdirir. O intihara əl ata bilir. Ola bilər ki, o bununla polisləri şantaj edir və təsadüf nəticəsində ölür. İntihar edən həm də etiraz edir. İnsanı intihara yönəldənlər isə mütləq cəzalandırılmalıdır”.

CƏZASIZLIQ CİNAYƏTƏ YOL AÇIR

Azərbaycanda hüquq müdafiəçiləri deyirlər ki, polis şöbələrində baş verən intihar hadisələrinə görə polislərin cəzalandırılmaması belə halların artmasının səbəblərindən biridir. Cəzasızlıq cinayətə yol açır.

Ötən həftə Gədəbəy sakini Ədalət Hüseynov polis təzyiqinə etiraz olaraq özünü və ailəsini yandırıb. Ondan əvvəl Bakıda polislə mübahisədən sonra 30 yaşlı Elvin Əsgərov ölüb, onun bədənində işgəncə izləri aşkarlanıb. Bundan başqa Tovuz sakini Ramin Məhərrəmov özünü yandırıb, ölümqabağı məktubunda bunu polis özbaşınalığından bezdiyi üçün etdiyini yazıb.
XS
SM
MD
LG