Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:27

Azərbaycanda pozulmuş təhsil hüququ və Stokholm məktəbi


Bakı Avropa Liseyi
Bakı Avropa Liseyi
13 yaşlı Adilə İsmiyeva Bakı Avropa Liseyindən çıxarılıb. Atası Rəşid İsmiyev AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib ki, lisey rəhbərliyi onun qızını liseydən daxili əsasnamə əsasında kənarlaşdırıb. Ata hesab edir ki, liseyin daxili Əsasnaməsi yerli qanunlara, beynəlxalq konvensiyaya və uşaq hüquqlarına ziddir. Rəşid İsmiyev:

- İsmiyeva Adilə 2004-cü ildə imtahan verərək Bakı Avropa Liseyinə daxil olub. 13 fevral 2010-cu ildə Pedaqoji Şuranın qərarı ilə məktəbdən daxili Əsasnamə əsasında xaric edilib. Əsasnamə özü də qanunsuzdur, təhsil qanununa, Konstitusiyaya və Azərbaycan tərəfindən imzalanmış beynəlxalq konvensiyalara ziddir.

“LİSEYİN DAXİLİ ƏSASNAMƏSİ YERLİ VƏ BEYNƏLXALQ QANUNLARA ZİDDİR”


- Məktəbsən xaric olunmasına səbəb kimi nə göstərilib?

- Liseyin daxili Əsasnaməsinə görə, əgər şagird üç dəfə qeyri-kafi qiymət alırsa, o, avtomatik olaraq məktəbdən kənarlaşdırılır. Ancaq bizim Konstitusiyamızda icbari orta təhsil barəsində dövlət təminat verir, orta təhsil almaq hər bir uşağın hüququdur. Xəzər rayon Məhkəməsinə iddia verdim, iddiam təmin olunmadı. Həmin məhkəmənin qətnaməsindən apelyasiya şikayəti versəm də təmin olunmadı. İndi mən Ali Məhkəməyə kassasiya şikayəti vermişəm. Ancaq hələ məktəbdən xaric olunmamışdan əvvəl uşağa psixoloji təzyiqlər göstərilirdi. Məqsəd də o idi ki, mən sənədləri könüllü şəkildə götürüb uşağı başqa məktəbə keçirdim. Ona da nail ola bilmədilər, başladılar uşağa psixoloji təzyiqləri daha da gücləndirməyə. İmtahanlara buraxmadılar, dərsdən kənarlaşdırdılar və nəhayət, mart ayında məktəbə polis çağırdılar, uşaq direktorun kabinetində polis əməkdaşı tərəfindən hədələndi.

- Polis əməkdaşı qızınızı nəylə bağlı dindirirdi?

“UŞAĞA POLİSLƏ PSİXOLOJİ TƏZYİQ GÖSTƏRİRDİLƏR”

- Dindirilmirdi, sadəcə çağırmışdılar ki, uşağa bu yolla təsir göstərsinlər. Uşaq məktəbə getməkdən imtina eləsin, desin ki, bu məktəb pisdir, məni başqa məktəbə keçirin. Məndən tələb olunurdu ki, ayrı bir məktəbdən arayış gətirim ki, uşağı həmin məktəbə keçirdirəm. Yəni guya uşağı könüllü şəkildə məktəbdən çıxardıram. Çünki özləri də yaxşı bilirdilər ki, hərəkətləri qanunsuzdur. Mən onlardan tələb edirdim ki, uşaq məktəbdən pedaqoji şuranın qərarıyla xaric olunubsa, verin sənədlərini, işimi bilim. Sənədləri vermirdilər, çünki özləri də bilirdilər ki, uşağın icbari təhsil hüququnu pozurlar.

Ölkəsində təhsil almaq hüququ tapdalanmış 13 yaşlı Adilə İsmiyeva indi təhsilini İsveçin Stokholm şəhərindəki məktəblərdən birində davam etdirir. İsveç hökuməti onun təhsil almaq arzusunu gerçəkləşdirərək məktəb qapılarını üzünə açıb. O, liseydən xaric olunmasının səbəblərindən danışır:

- Adilə, qeyri-kafi qiymətlər sənə hansı fənlərdən yazılmışdı?

“DİREKTOR OTAQDAN ÇIXDI, POLİS MƏNƏ DEDİ Kİ...”

- Azərbaycan dili, coğrafiya və tarix fənlərindən. Həmin fənlərdən dərs deyənlər mənim sinif rəhbərimin ən yaxın dostlarıdır. Müəlliməm və direktor müavini mənim əlimdən tutub zorla direktorun otağına salmışdılar. Onlar məni polisə vermişdilər. Direktor otaqdan çıxdı, polis mənə dedi ki, yaxşısı budur özünə və valideynlərinə problem eləmə, eşidirsən? Çıx get də bu məktəbdən.

- İndi sən harda təhsil alırsan?

- Yaxşı bir yerdə.

Adilə İsmiyeva
Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veyisova deyir ki, Adilə İsmiyeva 3 fəndən qeyri-kafi qiymət aldığına görə məktəbdən çıxarılıb. O, hesab edir ki, şagirdə qarşı addım qanunidir:

“QƏRAR DÜZGÜNDÜR YA YOX, BUNU MƏHKƏMƏ ÖZÜ BİLİR”

- Atası hesab edir ki, qızını əsassız yerə liseydən kənarlaşdırmısınız.


- Onun məktəbdən çıxarılmasının əsası var idi, bunu məhkəmə də təsdiq edib. Öz fikrini söyləmək isə hər bir insanın hüququdur. Ancaq bizə gəlincə, hüquqi cəhətdən hər şeyi əsaslı etmişik. Buna şübhə də ola bilməz.

- Şagird məktəbdən nəyə görə uzaqlaşdırılıb?

- Bizim qaydalarımız var, üç və daha çox qeyri-kafi qiymət alan şagird avtomatik olaraq liseydən xaric olunur. Bu qayda bizim Əsasnamədə var. Valideynlər də, uşaqlar da bunu bilirlər. O uşaq da üç dənə qeyri-kafi qiymət aldığına görə liseydən xaric olunub.

Direktor liseyin daxili Əsasnaməsinin qanuna əsaslanıb-əsaslanmaması məsələsinə aydınlıq gətirmək istəmədi. Dedi ki, bununla bağlı məhkəmə olub və əgər hərəkətlərində qanunsuzluq olsaydı, məhkəmə üzə çıxarardı:

- Düzgündür, ya düzgün deyil, bunu məhkəmə özü bilir.

HAMI MƏHKƏMƏYƏ VERİLİB

Qızının təhsil hüquqlarının tapdalandığını iddia edən Rəşid İsmiyev isə məktəb rəhbərliyi ilə məhkəmə davalarını davam etdirmək fikrindədir. O, əvəvlcə Xəzər rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Apelyasiya Məhkəməsi isə rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Yaxın vaxtlarda Ali Məhkəmədə Rəşid İsmiyevin kassasiya şikayətinə baxılacaq.

Ata qızının pozulmuş uşaq hüquqlarının bərpası üçün müraciət etdiyi Təhsil Nazirliyindən, Bakı Avropa Liseyindən, liseyin direktoru Zülfiyyə Veyisovadan, Yasamal rayon İcra Hakimiyyətindən və Ədliyyə Nazirliyindən müsbət cavab almadığına görə eyni vaxtda həm də həmin qurumları Nərimanov rayon Məhkəməsinə verib. İddiaya yaxın günlərdə baxılacağı gözlənilir.


XS
SM
MD
LG