Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:56

Prokurorluq Elvin Əsgərov barədə məlumat açıqlayıb


Azərbaycanın Baş Prokurorluğu Nizami rayonu ərazisində polislərlə mülki şəxs arasında baş vermiş münaqişə ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Nizami rayonunun ərazisində polis əməkdaşları ilə bir qrup şəxs arasında baş vermiş hadisə ilə əlaqədar həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmağa yönəlmiş və hadisələrin əsl mahiyyətini təhrif edən yazılar dərc edilir.

Prokurorluğun məlumatına görə, bu il yanvarın 13-də saat gecə saatlarında Elvin Əsgərov və başqaları sərxoş halda ictimai qaydanı pozublar və onlara yaxınlaşan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən qaçmağa başlayıblar: “Bu zaman Elvin Əsgərov özündə olan açılıb-qatlanan bıçaqla onu təqib edən üç polis əməkdaşına bədən xəsarətləri yetirib. O, bundan sonra da hadisə yerindən qaçmaqda davam edərkən bir neçə dəfə yerə yıxılıb”.

Prokurorluq bildirir ki, Elvin Əsgərov isə 24-cü Polis Bölməsinə aparılıb, amma orada olarkən səhhəti pisləşdiyindən çağırış əsasında təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Lakin ona davamlı şəkildə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq vəfat edib:

“Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb istintaq aparılır. Bakı şəhər və Nizami rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək oradan qan nümunələri və cinayətin aləti olan bıçaq aşkar edilib götürülüb.

Elvin Əsgərovun ölümünün səbəblərinin, bədənindəki xəsarətlərin ağırlıq dərəcəsinin və törənmə mexanizminin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb və digər müvafiq ekspertizalar təyin edilib”.

Baş prokurorluğun yaydığı məlumatda deyilir ki, hazırda zərərçəkmişin valideynlərinin irəli sürdükləri xüsusatlar araşdırılır, hadisəni görmüş şahidlərin müəyyən edilməsi, dindirilməsi və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.
XS
SM
MD
LG