Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:37

Demokratiya layihələrinə 500 min manat


Novella Cəfəroğlu
Novella Cəfəroğlu
Ötən il Azərbaycanda insan haqları və demokratiyanın inkişafına 500 min manata yıxın vəsait xərclənib. Bu vəsaiti Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ayırıb.

Şuranın xəttilə 2010-cu ildə müxtəlif sahələri əhatə edən 352 layihəyə 2 milyon manatdan çox vəsait ayırılıb. Bu vəsaitdən sosial-iqtisadi məsələlərlə bağlı maliyyələşdirilən 98 layihənin ümumi məbləği 550 min manat olub. İnsan haqları və demokratiya sektorunda isə 54 layihə maliyyələşdirilib.

Yarım milyon manata yaxın vəsaitlə Azərbaycanda insan hüquqları və demokratiya sahəsindəki real problemlər əhatə edilibmi?

YARIM MİLYONU HANSI LAYİHƏLƏR ALIB?

Qurum ötən il maliyyələşən layihələr çərçivəsində görülən işləri əhatə edən kitab da çap edib. Təşkilatın adında “demokratiya və insan haqları” əks olunmuş QHT-lərin layihələrini görmək üçün kitabı vərəqləyəndə isə bu təkliflərin əksəriyyətinin əsasən maarifləndirmə yönümündə olduğunu və ya sosial-məişət məsələlərində hüququ pozulan bir qisim adama hüquqi yardım göstərdiyi məlum olur.

Məsələn, İnsan Hüquqları XXI Əsr Azərbaycan fondu “Boşanmış qadınlara hüquqi və psixoloji yardım” göstərib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə “Dağlıq Qarabağ həqiqətlərinin dünyaya düzgün çatdırılması” layihəsinə imza atıb.

Oqtay Gülalıyev
Şuranın müsabiqəsində qalib gəlmiş layihə rəhbəri, qeydiyyatından İmtina Olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin İşçi Qrupunun üzvü Oqtay Gülalıyev deyir ki, cəmiyyətdə insan hüquqları və demokratiya ilə bağlı o qədər problem var ki, bunu yarım milyon manata həll etmək qeyri-mümkün görünür.

Onun fikrincə, ötən il Şuranın maliyyələşdirdiyi laiyhələrin az qismini çıxmaqla, çoxundan cəmiyyət xəbərsiz qaldı:

- Təkcə QHT rəhbəri yox, adi bir vətəndaş da soruşa bilər ki, bu layihələr harda icra olundu, necə icra olundu? Bu layihələr icra olunanda mətbuatın iştirakı nə dərəcədə oldu? Düşünürəm ki, o layihələr cəmiyyətə təsir edə bilər ki, yaddaşlarda qalsın, məhsulu olsun.

HAKİMİYYƏTİN MARAQLARI İLƏ TOQQUŞMAYAN LAYİHƏLƏR

İdrak Abbasov
Şuranın qrant ayırdığı layihələrin monitorinqi ilə məşğul olan bir qrup QHT təmsilçisinin yaratdığı İşçi Qrupun üzvü İdrak Abbasov isə deyir ki, qurumun insan hüquqları və demokratiya sahəsini birbaşa hədəfə alan layihələrin maliyyələşdirilməsini görməyiblər.

Onun fikrincə, tendensiya onu göstərir ki, gələcəkdə də demokratik islahatlara və insan hüquqlarının müdafiəsinə yönəlmiş konkret layihələrin bu qurumdan maliyyə dəstəyi alacağı da gözlənilmir:

- Məsələn, siyasi məhbusların hüquqları ilə bağlı və sair məsələlərin maliyyələşdiriləcəyinə inanmıram. İlham Əliyev hakimiyyətinin maraqları ilə toqquşmayan layihələr maliyyələşə bilər.

İradə Cavadova
QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə ötən il layihə həyata keçirdiklərini deyən İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyin sədri İradə Cavadovanın sözlərinə görə, bu layihə çərçivəsində onlar hüquqşünas qadınların beynəlxalq federasiyasında üzvlüyünü və əməkdaşlığını möhkəmləndiriblər.

İradə Cavadovanın fikrincə, qurumun maliyyələşdirdiyi layihələrin bəziləri effektiv nəticələr göstərməsə belə, Şuranın işi pozitiv qiymətləndirilməlidir, çünki qeyri-hökumət təşkilatı kimi formalaşmaq istəyən bir çox qurumun inkişafına dəstək verir.

KEYFİYYƏTLİ LAYİHƏLƏR?

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə hesab edir ki, insan hüquqları və demokratiya sahəsi onların prioritet saydığı sektordur.

Azay Quliyev
QHT-lərin insan hüquqları sahəsində aşkar etdiyi problemlərin həlli, hökumətin fəaliyyəti ilə bağlı alternativ hesabatların, o cümlədən seçkilərdə müşahidəçilərin hazırlanması, internetdə "exit-poll" keçirilməsi kimi təklifləri dəstəkləyiblər, nəticələri isə ictimaiyyət qiymətləndirməlidir:

- Yüzlərlə insan bu layihələr çərçivəsində hüquqi yardım aldı, onlarla məcburi köçkün huquqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət etmək imkanı qazandı.

Mətbuatda Şuranın ünvanına belə bir ittihamlar da səslənir ki, onlar keyfiyyətli layihələri dəstəkləməkdənsə, daha çox QHT-ni maliyyələşdirmək strategiyasını seçiblər.

Azay Quliyev bu ittihamla qismən razılaşır və deyir ki, bu il üçün QHT-lərə dair standartlar tətbiq olunacaq və bu imkan verəcək ki, daha keyfiyyətli layihələr işlənsin.

Beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti dəfələrlə Azərbaycanda söz azadlığı, sərbəst toplaşmaq, mülkiyyət hüquqları və s. kimi fundamental insan hüquqları sahəsində problemlərin olduğunu göstəriblər.
XS
SM
MD
LG