Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:22
Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Joseph Owen AzadlıqRadiosuna ekskluziv müsahibə verib. Joseph Owen Azərbaycanda ötən ilin avqustundan, Dünya Bankında isə 25 ildir işləyir.

- Ötən ilin sonlarında Dünya Bankı elan etdi ki, Azərbaycanla bağlı yeni Ölkə Tərəfdaşlıq Strategiyası həyata keçirəcək. Bu strategiya qeyri-neft sektorunun inkişafını həmçinin sosial və kommunal sistemlərin təkmilləşdirilməsini nəzərdə tuturdu. Konkret layihələrə start verilibmi?

- Bizim həyata keçirdiyimiz layihələrin əksəriyyəti qeyri-neft sektorunun inkişafına yönəlib. Qeyri-neft sektorunun inkişafı deyəndə biz bunun özünü də bir neçə alt-istiqamətə bölürük: infrastrukturun təkmilləşdirilməsi və kənd təsərrüfatında məhsuldarlığın artırılması. Birinci istiqamətə ölkədə magistral yollar sisteminin modernləşdirilməsi daxildir, bu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əhatə edir. Bizim fəaliyyətimizə ikinci dərəcəli yolların da yaxşılaşdırılması aiddir.

Sosial sahələrə gəlincə, biz səhiyyə, təhsil, pensiya islahatlarına sərmayə qoyuruq. Kənd yerlərində kiçik infrastrukturun bərpası, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində layihələrimiz var.

10-15 İLƏ NEFT GƏLİRLƏRİ AZALACAQ

- Niyə məhz iqtisadiyyatın şaxələndirilməsi? Azərbaycan rəsmiləri də bu yöndə işlərin yaxşı getdiyini deyir.

- Azərbaycanın neft və qaz gəlirləri sonsuz deyil. 10-15 ilə neft gəlirləri azalacaq. Qaz gəlirləri yeni kəşf olunan yataqlara görə hələ bir neçə il də gələ bilər, bunun sayəsində neft sektoru güclənə bilər. Qeyri-neft sektorunun inkişafı isə iki səbəbdən mühümdür- Azərbaycanın 2001-2002-ci ildən 2008-ci ilə qədərki müddət ərzində əldə etdiyi artım tempini saxlamaqdan ötrü.

İkincisi, qeyri-neft sektorunun inkişafı yeni iş yerlərinin yaradılmasına görə lazımdır. Neft sektoru kapital tutumlu olsa da, burda iş yerləri məhduddur. Buna görə də qeyri-neft sektorunda, xüsusilə də ölkənin regionlarında daha yüksək əlavə dəyərə, daha yüksək əmək haqqına gətirib çıxaracaq iş yerlərinin yaradılması üçün bu sektorun inkişafı zəruridir.

- Daha çox iş yerlərinin yaradılması üçün konkret hansı sahələrə kapital qoyulmalıdır?

- Kənd təsərrüfatı sahəsi çox ümidvericidir. Azərbaycanın mikroiqlimi genişdir, taxılçılıqdan tutmuş, meyvəçilik (qoz, fındıq), onların emalı kimi sahələrin yaxşı perspektivləri var. Kənd təsərrüfatında rəqabətliliyi artırmaq üçün onun məhsuldarlığını artırmaq lazımdır. Suvarma şəbəkəsi də mühümdür, burda da əməkdaşlıq edirik. Kənd təsərrüfatı məhsullarının emalı sahəsinə investisiyaların artırılması mühümdür.

- Yerli iqtisadçılar Azərbaycanda demək olar ki, bütün sahələrdə inhisarçılığın olduğunu deyirlər. Bəzi beynəlxalq qurumlar da bunu qeyd edirlər. Siz bütün layihələri həyata keçirərkən oxşar maneələri necə dəf edirsiz?

ƏLAVƏ SƏYLƏRƏ EHTİYAC VAR

- Biz kənd təsərrüfatı sahəsində minlərlə kiçik kreditlər veririk, cücə saxlayanlardan tutmuş meyvəçilərə qədər, çox adama vermişik, işimiz yaxşı gedib. Ümumilikdə ölkədə rəqabətliliyi artırmaq üçün biznes mühitinin yaxşılaşdırılması üçün əlavə səylərə ehtiyac var. İqtisadi siyasətlə məşğul olanlar bunu yaxşı bilirlər. Tədricən irəliləyişlərə nail olunur, ola bilsin, elə də sürətli deyil, amma var.

- Bəlkə siz kiçik kreditlər verdiyinizə görə elə ciddi maneələrlə üzləşməmisiz?


- Xeyr, biz böyük layihələr də reallaşdırırıq. Yolların, dəmiryollarının çəkilməsi, körpü tikintisi üçün müqavilələrin satınalınması və s. Bu layihələr çərçivəsində biz kifayət qədər rəqabət görürük. Tender elanları dərc olunur, biz tender sənədlərini nəzərdən keçiririk ki, mümkün qədər geniş rəqabətə şərait yaradaq. Hesab edirəm ki, DB-nın maliyyələşdirdiyi layihələr çərçivəsində biz kifayət qədər geniş rəqabətə malikik.

“BAXIR NƏYİ ÖLÇÜRSƏN”

- DB hesabatlarında Azərbaycanda biznes mühitində irəliləyiş qeyd edir. "Transparency İnternational" təşkilatına görə, Azərbaycanın korrupsiya reytinqi ildən-ilə yüksəlir, "Heritage Foundation" iqtisadi azadlıq indeksini 59 göstərir. Nədir bu ziddiyyətin səbəbi?

- Məncə, burda elə bir ziddiyyət yoxdur. Baxır nəyi ölçürsən. Dünya Bankının Biznes Etmək hesabatı qanunları, normativ sənədləri, kağız üzərində necədirsə, öyrənir və dünya ölkələri ilə müqayisə edir. Bu hesabatda Azərbaycanın yeri yaxşıdır, 11 meyar üzrə 183 ölkə arasında 54-cü yerdədir, biznes qurmağın asanlığına görə. Bu göstərici bəzi alt-mövzulara aid deyil. Məsələn, Azərbaycanın qonşuları ilə sərhədyanı ticarəti üzrə 177, tikinti icazələrinin asanlığı üzrə 160-cı yerdir və s.

Dünya İqtisadi Forumuna görə, 2010-2011-ci illər üçün qlobal rəqabətlilik göstəricisinə görə 139 ölkə arasında 57-cidir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Dünya Bankı hər iki-üç ildən bir BEEPS (Biznes Mühiti və Sahibkarlıq İşinin İcmalı) adlı hesabat hazırlayır. Son hesabatda Azərbaycanda rəyi soruşulan şirkətlər torpaqdan istifadənin çətinliyi, korrupsiya, vergi dərəcələrinin səviyyəsindən şikayətlənmişdilər.

Ümumi mənzərəyə baxmaq lazımdır. Dünya Bankı olaraq biz ölkənin irəliləyişini dəstəkləmək əzmindəyik.

- Siz hesabatları hazırlayanda yerli QHT-lərlə görüşürsünüzmü? Onlar gileylənirlər ki, bu qurumlarla məsləhətləşmələr aparmırsız.

-Yeni Ölkə Tərəfdaşlıq Strategiyasını hazırlayanda özəl sektorlar, QHT-lərlə, bəzi agentliklərlə görüşlər keçirmişik.

- QHT-lərlə görüşmüsüz?

- Əlbəttə ki, 3.000 QHT-nin hamısını nəzərdə tutmuram. Mən özüm onlarla, mülki cəmiyyət üzvləri, kilsə, müxtəlif qurum təmsilçiləri ilə görüşürəm. İndi ictimaiyyətlə işləmək üçün yeni mütəxəssis işə cəlb etmək prosesindəyik.

NEFT FONDUNU İNDİ YARATMAQ ÇƏTİN OLARDI

- Strategiyada qeyd edirsiz ki, Neft Fondunun gəlirləri ağılla idarə olunur və gələcək nəsillər üçün qorunur. Ancaq faktiki bu fond üzərində vətəndaş nəzarəti yoxdur.

Hökumətin makro-iqtisadi idarəetməsi güclü olub
- Neft Fondu 1999-cu ildə yaradılıb. Onda hələ ölkəyə böyük neft gəlirləri axmırdı. Neft Fondunu indi yaratmaq çox çətin olardı. Biz hökumətlə bu sahədə daim işləyirik. Fond yaradılandan bəri neft şirkətlərindən əldə olunan gəlirin 50 faizi bura qoyulur. Qalanı xərclərə və investisiyalara gedir. 1999-cu ildən bəri Fondun sərvəti 20 milyardı ötüb, 22-23 milyarddır. Bu sərvətdən çox ağılla, ehtiyatla istifadə olunur. 2000-ci ildən hökumət Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulub. 2010-cu ildə bu təşəbbüsün tələblərinə cavab verən ilk ölkə kimi sertifikat alıb. Bu sahədə şəffaflığa nəzarət edən QHT Koalisiyası da yaradılıb. İri neft istehsalçıları olan Yaxın Şərq ölkələrində bu cür mexanizm yoxdur. İndi bizim diqqətimiz bu vəsaitlərin xərclənməsinə yönəlib. Hökumətlə birlikdə bir neçə istiqamət üzrə dövlət xərclərinin icmalını, təhlillərini həyata keçirmişik.

- Nəyə görə deyirsiz ki, indi Neft Fondu yaratmaq daha çətin olardı?

- Vəsait axını aşağı - bir neçə milyon olanda belə bir qərar vermək daha asan idi. Resursların sayı artdıqca, idarəetmə də çətinləşir. Azərbaycan rəhbərliyi Neft Fondu barədə qərarı çox vaxtında verdi.

- Neft gəlirlərinin qalan 50 faizinin xərclənməsi barədə fikirlərinizi bilmək maraqlı olardı. "Ağ Fil layihələri" büdcədən ciddi məbləğlər udmaqdadır.

- Azərbaycanın infrastrukturunu yaxşılaşdırmağa, yollarını düzəltməyə ciddi ehtiyacı var. Azından neftin daşınması üçün yol olmalıdır. Neft-qaz kəmərləri lazımdır, onlar da ucuz başa gəlmir. İki il bundan qabaq mən altı həftə Çində oldum. Çində elə müasir aeroportlar gördüm ki, heç Avropada, ABŞ-da belələri yoxdur. Çox müasir infrastrukturları var. İnfrastruktura ayrılan maliyyə Çində artımın bir səbəbidir. Birləşmiş Ştatlar da daxil olmaqla bəzi cəmiyyətlər infrastruktura son 10-15 ildə kifayət qədər vəsait ayırmayıblar, bu da məncə, iqtisadiyyatı gerilədib.

BAKI-ŞAMAXI YOLU BARƏDƏ

- Dünya Bankının maliyyələşdirdiyi Bakı-Şamaxı yolu 4-cü dəfə təmirə dayandırılıb. İndi də informasiyalar gəlir ki, yolu dörd zolaqlı etmək istəyirlər. Bütün bu işləri öncədən layihələşdirmək mümkün olmur?

- Mən deyə bilmərəm ki, beş il bundan qabaq DB-nin İdarə Heyətində və Azərbaycan hökumətində nə fikirləşiblər. İndi qərar budur ki, Şərqdən Qərbə, Şimaldan Cənuba gedən yollar dörd zolaqlı olmalıdır. Məqsəd ölkənin regional və qlobal mal dövriyyəsinə daha səmərəli iştirakını təmin etməkdir. Əsas odur ki, bu iş yaxşı və sürətlə görülsün. Çünki yubandıqca, qiymətlər qalxır və xərclər də artır.

- Bu yolun çəkilişində podratçı İtaliyanın "Tobini" şirkəti idi. Sonradan "Akkord" subpodratçı oldu və bütün işləri görməyə başladı. "Tobini" rəsmi podratçı kimi qaldı.

- Bütün infrastruktur layihələrdə baş podratçı və subpodratçılar olur. Baş podratçı bütün işləri paketləşdirir, sonra işlər digər podratçılar arasında bölünür. Çünki onun bütün işləri görməyə personalı olmur. Bu layihənin detallarını bilməsəm də, ümumi qayda belədir.

İNFLYASİYA BİR RƏQƏMLİ QALACAQ

- Sizin Azərbaycanda inflyasiya və iqtisadi artım üçün proqnozlarınız nədir?

- Hakimiyyətin göstəriciləri ilə elə də ciddi fərqimiz yoxdur. Hökumətdən, ayrı-ayrı nazirliklərlərdən gələn məlumatlara baxırıq. Özümüz ayrıca araşdırma aparmırıq. Bu il üçün artım tempi 5 faiz proqnozlaşdırılır. Növbəti 2-3 il üçün 3-5 faiz olacaq.

Bu il üçün inflyasiyanı 7-8 faiz gözləyirik. Bütün dünyada ərzağın qiyməti durmadan artır. Biz bunu hiss etməkdə davam edəcəyik. Ərzaq istehlak səbətinin 50 faizini tutmağa başlayır. Hökumətin makro-iqtisadi idarəetməsi güclü olub. Növbəti bir neçə ildə də inflyasiya bir rəqəmli olacaq, artım tempi də qorunub saxlanacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG