Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

Azərbaycanda rektoru tələbə seçsə...


Boloniya Deklarasiyasında birmənalı şəkildə hansı metodla rektorların seçilməsi yazılmayıb

Boloniya Deklarasiyasında birmənalı şəkildə hansı metodla rektorların seçilməsi yazılmayıb

Azərbaycan 2005-ci ildən Boloniya Deklarasiyasına qoşulub. Yəni Avropa təhsil məkanındadır. Amma hələ də ali məktəblərə rəhbərləri ölkə prezidenti təyin edir, özü də müddətsiz.

UZUNÖMÜRLÜ REKTORLAR...


Azərbaycanda uzunömürlülük kateqoriyasına indi rektor vəzifəsini də əlavə etmək olar.

Dövlət universitetlərinin rektorları arasında uzun müddət vəzifədə qalanlara Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev başçılıq edir: hər biri 24 ildir ki, rektordurlar.

Sonrakı siyahı belə davam edir:

- Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli (20 il)

- Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov (19 il)

- Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev (14 il)

- Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli (13 il).

- Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev (13 il).

- Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova (12 il)

BDU-nun rektoru Abel Məhərrəmov
- BDU-nun rektoru Abel Məhərrəmov (12 il).

- Dillər Universitetinin rektoru Səməd Seyidov (11 il).

- Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla (11 il).

- Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov (11 il).

- Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi (10 il).

- Rəssamlıq Akademiyasının rektoru Eldar Ömərov (10 il).

- Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev (7 il).

- Lənkəran Dövlət Universitetinin rektoru Asəf İskəndərov (6 il).

- Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov (5 il).

- Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov (5 il).

Rektorları prezidentin təyin etməsini qüvvədə olan təhsil qanunu müəyyən edir. Amma müstəqil Azərbaycanın 1992-ci ildə qəbul etdiyi təhsil qanununun 37-ci maddəsi bunun əksini deyirdi.

KÖHNƏ QANUNUN SİVİL MƏHDUDİYYƏTLƏRİ...

Maddə 37. Dövlət təhsil müəssisəsinin idarə olunması

Firudin Cəlilov
3. Dövlət təlim-tərbiyə müəssisəsinə müvafiq olaraq, müdir, direktor, rektor, prezident və s. başçılıq edir. Təhsil müəssisəsinin başçısı həmin müəssisəsinin nizamnaməsinə əsasən 5 il müddətinə (2 müddətdən artıq olmayaraq) seçilir. Özünü doğrultmayan başçı nizamnaməyə əsasən geri çağırıla bilər.

Ancaq bu maddənin ömrü uzun olmayıb: 1995-ci ildə təhsil haqqında qanuna edilmiş dəyişikliklərdən sonra rektorların seçki yolu ilə müəyyənləşməsini göstərən maddə çıxarılıb.

Keçmiş Təhsil naziri Firudin Cəlilovun fikrincə, bu maddə sonrakı hakimiyyətə sərf etmədiyi üçün ləğv edilib:

«O, TƏLƏBƏ VƏ MÜƏLLİM HEYƏTİ QARŞISINDA HESABAT VERƏCƏK»

«Hakimiyyətə gələn iqtidara sərf eləmədiyinə görə bu qanuna əməl olunmadı. Rektoru kollektiv seçərsə, o, tələbə və müəllim heyəti qarşısında hesabat verəcək, məsuliyyət daşıyacaq».

Təhsil eksperti Etibar Əliyev də deyir ki, ali məktəblərdə rektoru universitet heyətinin seçməsi mütərəqqi haldır. O bildirir ki, Boloniya sistemində rektorları ölkə başçısının təyin etməsi məsələsi yoxdur:

«QOHUMBAZLIĞIN, DOSTBAZLIĞIN ARADAN QALDIRILMASINA SƏBƏB OLA BİLƏR»

Etibar Əliyev
«Avropa ölkələrində rektor vəzifəsi liberal vəzifədir, müəyyən müddətdən sonra onlar öz vəzifələrini tərk edirlər. Xarici ölkələrdə elmi şuraların fəaliyyətində iştirak edən tələbələrə seçki hüququ verilir. Bu sistem Azərbaycan universitetlərində dinamika yarada, cavabdehliyi artıra, müəllimin bir subyekt kimi səlahiyyət sahibi olmasına şərait yarada bilər. Rektorlar tərəfindən ayrı-seçkiliyin qoyulması, qohumbazlıq, dostbazlığın aradan qaldırılmasına səbəb ola bilər. Seçkilərlə seçilsə, rektorlar bu zaman öz məsuliyyətini dərk edəcək».

Azərbaycanda elə universitetlər var ki, onların rektorlarını seçmək məsələsi bir yana qalsın, heç tələbə rektorun özüylə görüşə bilmir. Görüşlər isə rektorun mühafizəçiləri ətrafında baş tutur, o da xüsusi tədbirlərdə.

Bakı Dövlət Universiteti tələbəsi Həsən Əliyev deyir ki, bu problemin kökü dərindir:

«BİZ HEÇ REKTORUMUZU GÖRƏ BİLİRİK Kİ?!»

«Biz heç rektorumuzu görə bilirik ki?! Görə bilmiriksə, deməli görüşə də bilmirik. Rektorun seçim məsələsinə gəldikdə isə, əslində dövlət «biziksə» və o seçim edirsə, problem yoxdur. Dövlət biz deyiliksə, özgə qurumdursa, o zaman problem var. Deməli, problem kökdədir: Dövlət biz deyilik».

Asif Cahangirov
İqtisad Universitetinin tələbəsi Aqil Səfərov deyir ki, rektorla görüşə bilmək ehtimalı heç onun ağlına da gəlməyib:

«Rektorla görüşə ehtiyacım olmayıb. Bu haqda anlayışım da olmayıb ki, rektorla fərdi surətdə görüşmək olar. Rektoru tələbə və müəllim heyəti seçməlidir. Seçkidə hərəkətverici qüvvə tələbə olmalıdır. Əslində tələbə deyəndə, təhsil almış şəxs nəzərdə tutulur. Amma indiki vəziyyətdə tələbələrin savadsızlığını nəzərə alıb deyə bilərəm ki, müəyyən bir hissəsinə seçki hüququ verilməlidir».

Təhsil eksperti Asif Cahangirov deyir ki, 1992-ci ildən seçki prosesinə başlansaydı, indi müsbət nəticələri olardı:

«Qanunda ali təhsil müəssisənin ali orqanı Elmi şuradır. Bu isə SSRİ dövrünə qayıdışdır. Xaricdə əksər hallarda seçimdir, müxtəlif yollarla aparılır. Məsələn, Türkiyədə prezident rektoru təhsil müəssisələrinin yüksək qurumu tərəfindən seçilmiş 3 namizədin içərisindən seçir. Bəzi ölkələrdə birbaşa seçim yolu ilə təhsil müəssisəsi rektorlar seçir. Bəzi ölkələrdə isə Himayədarlar qurumu tərəfindən müəyyənləşən bir neçə namizədin içərisindən universitet heyəti tərəfindən seçilir».

Başqa bir ekspert Rüfət Əliyevin fikrincə də, rektorlar seçilsə, məsuliyyətləri də artar:

«Təhsil müəssisəsində 5 ildən bir rəhbər dəyişilməlidir. Elə şeylər var ki, ya biz dərk edə bilmirik, ya da inkişaf cəhətdən buna hazır deyilik. Rəhbər seçilmə yolu ilə təyin olunsa, rəqabət güclənəcək. Ona verilən şansdan istifadə etməyə çalışacaq. Seçki inkişafın amillərindən biridir və məsuliyyəti artıracaq. Amma Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə etmək düzgün deyil. Hələ ki bizim mental düşüncəmiz başqa səviyyədədir».

Elvin Aslanov
Azərbaycan Tələbələr Birliyinin rəhbəri Elvin Aslanov isə hesab edir ki, dövlət universitetlərində rektorları prezidentin təyin etməsi daha məqsədə uyğundur:

«130 MİN TƏLƏBƏ İSTƏDİYİ REKTORU SEÇSƏ...»


«130 min tələbə istədiyi rektoru seçsə, gərək rektorun təyin olunması 1-2 il müzakirə olunsun. Rektor tələbələrin fikri nəzərə alınmaqla dövlət tərəfindən təyin olunmalıdır. Ən azından rektor öz işində tələbələrin fikirlərini nəzərə almalıdır. Belə bir sistem qoyula bilər ki, rektorun illik işinə tələbələr müəyyən qiymətlər verə bilsin. Zənnimcə, rektor tələbələrə açıq qapı siyasəti qoysa, tələbə-rektor münasibəti yaxşı olsa, bu zaman rektorun təyin olunmasında problem olmaz».

Milli Məclisin Təhsil komitəsinin üzvü Musa Qasımlı da rektorların təyin edilməsini düzgün sayır:

«AZƏRBAYCAN ŞƏRAİTİNİ NƏZƏRƏ ALMALIYIQ»


«Mən hesab edirəm ki, Qərbdə olan bütün hər bir şeyi olduğu kimi götürüb Azərbaycana tətbiq etməməliyik. Azərbaycan şəraitini nəzərə almalıyıq. Boloniyaya keçid nə qədər müsbət olsa da, tələbə, müəllim heyətinin və təhsil işçilərinin bir qisminin buna hazır olmadığı aydın görünür. Təhsil sistemində inqilab etmək mümkün deyil. Hər bir islahat tədricən aparılmalıdır. Azərbaycan kimi bir ölkədə rektorların təyin olunması uğurlu variantdır».

Azərbaycanda rektor seçkisi 80-ci illərin sonunda BDU-da keçirilib. Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı deyir ki, bu seçkini də hamı müsbət qarşılamamışdı:

Hamlet İsaxanlı
«80-ci illərin sonunda bir dəfə BDU-da seçki keçirildi. Bir neçə namizəd seçildi və camaat səs verdi. Sonra universitet daxilində parçalanma getdi. İki fikir formalaşmışdı. Bir qisim insan bu cür seçim yolu ilə rektorun təyin olunması zamanı müxtəlif təsirlərin olduğunu düşünərək bunun əleyhinə çıxdılar. Bir qisim isə əksinə düşündü ki, seçki demokratik ab-hava yaradır. Son nəticə bu oldu ki, dövlət universitetlərində rektorları prezident, özəl universitetlərdə isə təsisçi təyin edir. 1992-ci ildə Təhsil Qanununa rektorun seçilməsini salmışdıq. Lakin o maddə ləğv edildi».

19 il rektor olan Hamlet İsaxanlı deyir ki, Xəzər Universitetində hazırda Qəyyumlar Şurası fəaliyyət göstərir və rektor seçkisini Şura həyata keçirir:

«Amma seçimi heç vaxt tələbənin öhdəsinə buraxmaram. Tələbə haradan bilsin ki, verilən namizədlərin hansı bu yerə layiqdir. Seçki olarsa, Qəyyumlar Şurasının öhdəsinə verilməlidir. Şuraya universitetin məşhur məzunları, elm, sənət sahəsinin məşhur nümayəndələri, böyük iş adamları, hökumətin təyin etdiyi dövlət adamları daxil olmalıdır. Bu şura 6 ay ərzində sənəd verənlərin şərtlərini müəyyənləşdirir, sonra namizədlərin içərisindən seçirlər. Dünya təcrübəsində də bu sistem qəbul edilib».

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə deyir ki, bu müzakirələrin əhəmiyyəti yoxdur, çünki qanun artıq qəbul olunub:

«BUNLARIN HEÇ BİR ƏHƏMİYYƏTİ YOXDUR...»

«Fikirləşirəm ki, bunların heç bir əhəmiyyəti yoxdur. Həmin ekspertlər fikirlərini əsaslandırsınlar ki, bu, Boloniya prosesinin hansı prinsiplərinə ziddir. Əvvəlki illərdə ali məktəblərin rektorları Təhsil Nazirliyi tərəfindən təyin olunurdu. Bu sahəyə daha da məsuliyyət və diqqəti artırmaq üçün rektorun ölkə başçısı tərəfindən təyin olunması müəyyənləşdi».

Təhsil eksperti Rüfət Əliyevsə bildirir ki, Boloniya Deklarasiyasında birmənalı şəkildə hansı metodla rektorların seçilməsi yazılmayıb, sadəcə, rektorların prezident tərəfindən təyin olunması Boloniya prosesinin dəyərlərinə ziddir:

«Mənim üçün prinsiplər dəyərlərdir, Boloniya sisteminin dəyərlərini nəzərə alıb bunu zidd hesab edirəm. Boloniya prosesinin missiyası dünyada vahid təhsil məkanı yaratmaqdır... İdarəçiliyin məqsədi, şəffaflıqla aparılması, tələbələr tərəfindən kursların seçilməsi və s. dəyərlər nəzərindən çıxış edib bunu Boloniya sisteminə zidd sayıram».

Bəs siz necə düşünürsünüz? Rektorları seçki yolu ilə müəyyənləşsə, Azərbaycan təhsilində nələr dəyişər?

Şərhləri göstər

XS
SM
MD
LG