Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:35

ATƏT 7 noyabr seçkiləri ilə bağlı yekun hesabatını açıqlayıb


ATƏT
ATƏT
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ötən il noyabrın 7-də keçirilmiş parlament seçkiləri ilə bağlı yekun hesabatını açıqlayıb.

Hesabatda bildirilir ki, 7 noyabr seçkiləri dinc atmosferdə və bütün müxalifət partiyalarının iştirakı ilə keçib. Ancaq bununla belə, bu, seçkilərin ölkənin demokratik inkişafında mühüm tərəqqi olduğunu söyləməyə kifayət etmir.

Rəqabətli seçki üçün zəruri olan bəzi şərtlərə əməl olunmayıb:

«Dinc toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqlar məhdudlaşdırılıb».

Azad və müstəqil media vasitəsilə siyasi diskussiyaların aparılması demək olar ki, qeyri-mümkün olub. Namizədlərin qeydə alınması prosesi qüsurlu olub, mediada seçki kampaniyası qeyri-mütənasib və qərəzli işıqlandırılıb. Bundan başqa, inzibati resurslardan sui-istifadə edilib, yerli icra orqanları hakim partiyadan olan namizədlərin xeyrinə seçki prosesinə müdaxilə ediblər. Bu da namizədlər üçün qeyri-bərabər şəraitin yaranmasına səbəb olub.

Sənəddə deyilir ki, ümumilikdə, seçkilər ATƏT-in bir sıra tələblərinə və Azərbaycan qanunvericiliyinin mühüm elementlərinə cavab verməyib.

Hesabatda həmçinin qeyd olunur ki, MSK-nın öz saytında seçki gecəsi dairələr üzrə nəticələri açıqlaması müsbət haldır. Lakin ATƏT müşahidəçilərinin əldə etdikləri seçki protokollarındakı nəticələr MSK-nın veb-saytında həmin məntəqələr üzrə yerləşdirilən nəticələrdən fərqlənib. Bəzi hallarda isə bu fərq bir neçə yüz səs olub:

İsa Qəmbər
«MSK çox vaxt şikayətlərə formal yanaşıb. Saxtakarlıq haqqında iddiaları etibarlı saymayıb. Apelyasiya Məhkəməsi və Ali Məhkəmə şikayətləri lazımınca araşdırmadan rədd edib».

«KİFAYƏT QƏDƏR OBYEKTİV VƏ SƏRT HESABATDIR»

Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirir ki, hesabatı ciddi araşdırandan sonra daha ətraflı münasibət bildirəcəklər. İlkin reaksiyaları isə belədir:

«Hələlik hesabatdan ayrı-ayrı tezislərin müxtəlif internet saytlarında yayılmasına diqqət yetiririk. İlkin münasibət ondan ibarətdir ki, kifayət qədər obyektiv və sərt hesabatdır. Bir çox həqiqətlər dilə gətirilir. Hesabatla hərtərəfli tanış olduqdan sonra rəsmi münasibətimizi açıqlayacağıq».

«BUNDAN YAXŞI NƏ SEÇKİ İSTƏYİRLƏR?»

Yeni Azərbaycan Partiyasından olan deputat Bəxtiyar Sadıqov isə deyir ki, hesabatda razılaşmadıqları məqamlar daha çoxdur:

«Hesabatın birinci hissəsi ilə razılaşırıq. Bəli, çox sakit keçib, sabitlik şəraitində keçib. Ancaq digər dedikləri ilə yox. Necə yəni rəqabət mühiti olmayıb? Hər dairədən azı 6-7 nəfər oldu, hətta 15-20, 30 namizəd də vardı. Bu rəqabət deyil? Necə yəni şərait yaradılmayıb? Bunu ATƏT, AŞPA nümayəndələri dəfələrlə qeyd ediblər. Sadəcə istəyirlər nəsə tapalar. İstəyirlər bizim seçkini gözdən salsınlar. Ancaq tapdıqları o qədər tutarsız olur. Ancaq əslində çox irəliləyiş oldu. Kim istədi namizədliyini verdi, qeydə alındı, ona şərait yaradıldı.
Azay Quliyev
Bundan yaxşı nə seçki istəyirlər?».

«PROBLEMLƏR KİMİ, UĞURLARI DA QEYD ETMƏK LAZIMDIR»

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev isə deyir ki, problemlərdən danışıldığı kimi, uğurları da qeyd etmək lazımdır:

«Hər hansı bir ideal seçkidən heç bir ölkədə danışmaq mümkün deyil. O cümlədən Azərbaycanda. Azərbaycanda da təbii ki, problemlər var. Bu, təkcə hökumətdən, qanunvericilikdən qaynaqlanan deyil. Bütövlükdə cəmiyyətin özündən, ayrı-ayrı iştirakçılardan qaynaqlanan problemlər var. Bu problemlər də öz həllini tapır və tapmalıdır. Bu, bütövlükdə Azərbaycanda demokratik institutların inkişafı məsələsidir. Mən istərdim ki, uğurlarımızı olduğu kimi qeyd edək. O cümlədən çatışmayan cəhətlərimizi də deməkdən çəkinməyək. O sahədə islahatlar aparmaqda qərarlı olaq. Düşünürəm ki, Azərbaycan dövlətinin belə bir iradəsi var».

«TÖVSİYƏLƏR DEMƏK OLAR Kİ, HAVADA QALIB»

Seçki eksperti Hafiz Həsənov isə deyir ki, bu hesabat ATƏT-in ilkin hesabatından o qədər də fərqlənmir:

«ATƏT-in seçkilərə verdiyi indiki qiymət əvvəlki seçkilərlə müqayisədə daha çox diplomatik ifadələrlə verilib. Ancaq ümumilikdə rəyi müsbət qiymətləndirirəm. Hesab edirəm ki, ATƏT-in istər seçkilərə verdiyi ümumi qiymət, istərsə də tövsiyələr reallıqdan doğan məsələlərdir. Ancaq sadəcə, bu təkliflərin verilməsi ilə iş bitmir. Bundan qabaq da ATƏT-in tövsiyələri olub.
Hafiz Həsənov
Bu tövsiyələr demək olar ki, havada qalıb».

Hesabatın TÖVSİYƏLƏR hissəsində bildirilir ki,

- Namizədlərin qeydə alınması prosesi təkmilləşdirilməlidir. Kiçik texniki səhvlər və qeyri-dəqiqliklər namizədliyin qeydə alınmasından imtina üçün əsas olmamalıdır. İmtina qərarı əsaslı olmalıdır.

- Seçki komissiyaları siyasi partiyalarda, insanlarda etimad doğurmalıdır.

- Seçki Məcəlləsinə dəyişiklik edilməlidir. Seçki komissiyalarının tərkibi dəyişdirilməlidir.

- Etimadın olması üçün dairə və məntəqə komissiyalarının sədrləri müxtəlif siyasi partiyalardan olmalıdır.

- Seçki kampaniyası zamanı dinc toplaşmaq və ifadə azadlıqlarına hörmət olunmalıdır.

- Jurnalistlərə təzyiq edilməməlidir, media bütün siyasi qüvvələrdən müstəqil və balanslı materiallar verməlidir.

- Səsvermə, səslərin sayılması və nəticələrin tədqiq olunması prosesi təkmilləşdirilməlidir. Bir nəfərin bir neçə dəfə səs verməsi ciddi araşdırılmalıdır. Bunu edənlər, bu prosesdə iştirak edən seçki komissiyalarının üzvləri qanunla cəzalandırılmalıdır.

Seçki kampaniyası zamanı dinc toplaşmaq və ifadə azadlıqlarına hörmət olunmalıdır
- Seçkilərdən şikayətlərin həlli şəffaf və səmərəli olmalıdır.

- MSK yalnız xüsusi hallarda hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına icazə verməlidir. Buna yalnız seçki məntəqəsi hərbi hissədən çox uzaqdırsa, icazə verilməlidir.

- Namizədliyin qeydə alınması ilə bağlı müddətə düzəliş olunmalıdır. Elə etmək lazımdır ki, namizədliyi sonradan bərpa olunmuş şəxslərin də kampaniya aparmaq üçün kifayət qədər vaxtı olsun.

- Fərdi namizədlərə dövlət büdcəsindən maliyyə ayrılması məsələsinə yenidən qayıtmaq olar. Veb-kameralardan istifadə davam etdirilməlidir. Şikayətlərə baxan zaman kameraların görüntülərindən necə istifadə edilməsi Seçki Məcəlləsində əks olunmalıdır.

- Dövlət televiziyasının müstəqilliyi gücləndirilməli, tərəfsizlik inkişaf etdirilməlidir.

- Siyasi partiyalar qadın üzvlərinin sayının artırılmasına səy göstərməlidir.

BU MÖVZUDA "İŞDƏN SONRA"DA DA MÜZAKİRƏ OLUB. DİNLƏYİN:


XS
SM
MD
LG