Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:01

Eynulla Fətullayev: “Siz məni ələ salmısınız?”


Eynulla Fətullayev - 25 yanvar 2011
Eynulla Fətullayev - 25 yanvar 2011
Hakim heyəti məhkəmə zalına daxil olarkən hakim Mirpaşa Hüseynov iclas zalının həndəvərində büdrəsə də yıxılmadı. İclas zalına daxil olan kimi hakim pərtliyini Eynulla Fətullayevlə dialoq qurmaqla ört-basdır etməyə çalışdı:

Hakim: - Nə gec gəldin?

E.Fətullayev: - “Probkalar”... Bax, möhtərəm hakim, siz mənim barəmdə həbs-qətimkan tədbirini dəyişsəydiniz, indi mən məhkəməyə evdən gələrdim və gecikməzdim.

Hakim: - Bir şey qalmayıb.

Yanvarın 25-də Bakı Apelyasiya Məhkəməsində jurnalist Eynulla Fətullayevin şikayəti üzrə sonuncu məhkəmə iclası keçirildi. İclasın əvvəlində hakim Mirpaşa Hüseynovla məhbus-jurnalist arasında başlanan dialoq optimist notlar üzərində qurulsa da, proses Eynulla Fətullayevin zərərinə yekunlaşdı.

Məhkəmə iclasının əvvəlində jurnalistə “bir şey qalmayıb” deyə ürək-dirək verən hakim iclasın sonunda apelyasiya şikayətini təmin etməyərək onu yenə həbsdə saxladı.

VƏSATƏTLƏR TƏMİN OLUNMADI


Ancaq hələ buna qədər Eynulla Fətullayev və vəkili Anar Qasımov məhkəməyə bir neçə vəsatət təqdim etdilər. Əvvəlcə Anar Qasımov vəsatət verdi ki, jurnalist barədə həbs qərarı ev dustaqlığı ilə əvəz edilsin. Eynulla Fətullayev də vəsatəti dəstəklədi. Dövlət ittihamçısı Məhərrəm Mustafayevin isə vəsatətə münasibəti belə oldu:

- Vəsatətin məzmunu həbsin girovla əvəz edilməsi, ev dustaqlığıdır. Biz bununla bağlı məhkəməyə təsir edə bilmərik. Bu tamamilə məhkəmənin səlahiyyətindədir. Qeyd edim ki, bu vəsatət bir dəfə verilib və qəbul edilməyib. Bununla bağlı Avropa Məhkəməsinin qərarı ola bilər. Amma bu o demək deyil ki, həmin qərara görə məhkəmə öz qərarını dəyişməlidir. Mən tələb edirəm ki, vəsatət baxılmamış saxlanılsın.

Müşavirəyə gedən məhkəmə heyəti məhkəmə zalına qayıdanda vəsatətin təmin olunmadığını elan etdi.

Eynulla Fətullayevin növbəti vəsatəti iki hissədən ibarət oldu:

MƏHBUS JURNALİST TƏKRAR EKSPERTİZALAR TƏLƏB ETSƏ DƏ...

- Birincisi, kiprik və dırnaq nümunələri götürülsün, alternativ, paritet əsaslarla formalaşdırılmış ekspert komissiyası tərəfindən müayinə edilsin. İkincisi, mənim üzərimdən aşkarlandığı iddia olunan bükümlər doktoloskopik ekspertizadan keçirilsin. Siz mənim bu vəsatətimi təmin etsəniz və ekspertizanın nəticəsində sübut olunsa ki, mənim hansısa bir günahım var, 3 il həbs cəzası verin mən buna razıyam. Həmçinin də bütün ictimaiyyət qarşısında üzr istəməyə də hazıram. Bilirsiniz, əvvəlki ekspertizanın nəticəsinə görə mənim qanımdan öldürücü dozadan 8 dəfə artıq narkotik maddə tapılıb. Bunun bir izahı var. Ekspertizanı aparan insanlar yuxarıdan “saxtalaşdır” əmri alıb, məndən götürülən qan nümunəsinə 8 dəfə artıq narkotik maddə qatıblar.
Hakimin bir neçə dəfə onun sözünü kəsərək “biz bunları bilirik” deməsi Eynulla Fətullayevu özündən çıxartdı:

- Nə deyirəmsə, deyirsiz bunları bilirik. Bilirsinizsə, onda məni niyə azad etmirsiniz? Siz məni ələ salmısınız.

Dövlət ittihamçısı Məhərrəm Mustafayev bu vəsatətin də təmin olunmamasını istədi:

- Siz bu vəsatətlə də bir dəfə çıxış etmisiniz. Baxılmamış saxlanılıb. İndi yenidən ekspertizadan keçməsini istəyirsiniz. İndiki şəraitdə bu mümkün deyil.

Bu vəsatət də hakim tərəfindən təmin olunmadı.

Eynulla Fətullayevin növbəti vəsatəti də iki hissədən ibarət oldu. Əvvəlcə o, 2009-u il dekabrın 29-da şübhəli şəxs qismində saxlanıldıqdan sonra üzləşdiyi qanunsuzluqlardan danışdı:

MƏNƏ QARŞI CİNAYƏT TÖRƏDİLİB

- Həmin gün mənə qarşı cinayət törədilib. Cinayət işinin gedişatında mənə üzərimə qoyulan narkotiklərin mənbəyi ilə bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanması barədə məlumat verilməyib, yalnız 2010-cu il fevralın 26-da təsadüfən bu barədə məlumat əldə etmişəm. Bu günə kimi həmin cinayət işinin heç bir nəticəsi yoxdur. Məhkəmədən xahiş edirəm ki, Qaradağ rayon Polis İdarəsinə həmin iş üzrə başlanmış cinayət işinin nəticəsi barədə məlumat əldə etmək üçün sorğu ilə müraciət etsin. Cinayət işi üzrə kimlərin cəzalandırılması, məsuliyyətə cəlb olunması da sorğu ilə aydınlaşdırılsın.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı Eynulla Fətullayevə vəsatətlə tələb etdiyi sorğuları vəkillərinin verə biləcəyini dedi. Eynulla Fətullayev isə cavabında dedi ki, vəkilləri artıq bu sorğu ilə müraciət ediblər, ancaq sorğuya cavab ala bilməyiblər. Prokurorsa məhkəmədən bu vəsatətin də təmin olunmamasını xahiş etdi. Məhkəmə vəsatəti təmin etmədi.

Bu, Eynulla Fətullayevin etirazına səbəb oldu. Hakim Eynulla Fətullayevin vəkilinə müdafiə nitqi ilə çıxış etməyi təklif etdi. Vəkil bildirdi ki, müdafiəyə yeni qoşulduğu üçün çıxışa hazır deyil və məhkəmədən vaxt istədi. Hakim vəkilə çıxış üçün vaxt verməkdən imtina edərək sözü Eynulla Fətullayevə verdi. Eynulla Fətullayev isə iş vaxtının bitdiyini, vəkilinin onu ancaq saat 18:00-a qədər müdafiə etmək öhdəliyinin olduğunu dedi:

BU SADƏCƏ BİABIRÇILIQDIR

- Siz Əmək Məcəlləsini kobud şəkildə pozursunuz. Artıq 10 dəqiqədir ki, iş vaxtı bitib. Və siz məndən danışmağımı tələb edirsiniz. Bu sadəcə biabırçılıqdır.

Hakim: - Çıxış edirsiniz?

Eynulla Fətullayev:- Mənə vaxt verin.

Hakim üzünu katibə tutub “protokola belə də yaz. Danışmaq istəmir”, - dedi.

Eynulla Fətullayev: - Kim deyir ki, mən danışmaq istəmirəm? Mən danışmaq istəyirəm, siz ləyaqətli şərait yaratmırsız. Mənim istirahət hüququmu pozursunuz. 3 saatdır danışıram. Yorulmuşam. İcazə verin əlimi-üzümü yuyum.

Hakim: - Olmaz, mən də səninlə birlikdə burda idim. Əl-üzümü də yumamışam. Odur ki, davam edək. Danış!

Eynulla Fətullayev: - Heç olmasa 5 dəqiqəlik fasilə verin əl-üzümü yuyum.

Hakim: - Yox, olmaz.

Hakim nəinki Eynulla Fətullayevə, heç prokurora da çıxış etməyə imkan vermədi. Saat 18.45-də müşavirəyə getdi. 18.49-da məhkəmə zalına qayıdaraq Eynulla Fətullayevin Qaradağ rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinin təmin olunmadığını elan etdi. Eynulla Fətullayev hakimin son qərarını əl çalmaqla qarşıladı.

6 iyul 2010-cu ildə Qaradağ rayon Məhkəməsi Eynulla Fətullayevi cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində narkotika əldə edib saxlamaqda təqsirli bilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Eynulla Fətullayev hökmlə razılaşmayaraq bəraət almaq üçün apelyasiya şikayəti verib.

Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasını və Azərbaycan hökuməti tərəfindən ona təzminat ödənilməsini tələb etsə də, qərar Azərbaycan hökuməti tərəfindən hələ də icra olunmayıb.
XS
SM
MD
LG